Bostan şüyüdü

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

uQar yorğanı təzəcə götürülmüş bostanda yamyaşıl şüyüd ləkinin kənarından biganə ötüb keçmək çətindir. Şüyüdün az qala gül qədər xoş ətri olur. Şüyüdün xoş ətri onu mətbəximizin ən dadlı ədviyyatları sırasına daxil eib. Hətta milli kulinariyanın şah xörəyi hesab edilən plova da qatılır və şüyüdlü plov adlanan yemək hazırlanır. Şüyüd dolması, şüyüd qutabı öz dadı ilə qurmanların ən sevdiyi yeməklərdəndir. Onu küftə və şorbanın içinə də qatırlar. Qurudulmuş şüyüd ət və balıq xörəklərinə qatqı kimi əlavə edilir. Toxumlarından qənnadı və çörək-bulka məmulatlarının keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə olunur. Pomidor, xiyar, kələm və s. tərəvəzlərdən şoraba qoyularkən şüyüddən istifadə edilməsi onun kif atmasının və çürüməsinin qarşısını alır.

Bostan şüyüdü (iyli şüyüd) – Anethum graveolens L.

Fəsiləsi: çətirçiçəklilər (kərəviz) – Apiaceae

40-120 sm hündürlüyündə birillik ot birkisidir. Budaqlı, növbəli düzülən üçqat və ya dördqat lələkvari yarılmış yarpaqlı gövdəsi var. Yarpaqlarının payları xətvari-sapşəkillidir. Gövdəsinin aşağı hissəsindəki yarpaqları uzunsaplı olub qaidə hissəsində enli qına çevrilmişdir. Gövdəsinin yuxarı hissəsindəki yarpaqları oturaq və qınlıdır, nisbətən xırdadır, az yarılmışdır. Bitkinin sarı rəngli xırda çiçəkləri mürəkkəb çətirşəkilli çiçək qrupuna toplanmışdır. Meyvəsi yetişəndə ellipsvari formalı 2 merikarpiyə (yarımmeyvəyə) ayrılan sallaqmeyvədən ibarətdir.

Bostan şüyüdü yabanı halda MDB-nin Avropa hissəsində, Qafqazda, Orta Asiyada, Baltikyanı ölkələrdə və s. yerlərdə yayılmışdır. MDB-nin demək olar ki, hər yerində becərilir.

Azərbaycanda həyətyanı sahələrdə yetişdirilir.

Dərman xammalı kimi bostan şüyüdünün meyvəsi – Fructus Anethi və qismən otu – Herba Anethi istifadə olunur. Meyvəsini yetişən dövrdə, otunu isə çiçəklənmə fazasında toplayaraq elektrik quruducularında qurudurlar.

Meyvəsinin tərkibində 4%-ə qədər efir yağı, 20%-ə qədər piyli yağ, furanoxromonlar, flavonoidlər, fitonsidlər və s. maddələr vardır. Efir yağının tərkibinə 50%-ə qədər d-karvon, 20%-ə qədər dillapiol, fellanden, d-limonen və s. terpenlər daxildir.

Bostan şüyüdünün otunun tərkibində 1,5% efir yağı, 150 mq% C vitamini, karotin, kversetin, izoramnetin və kempferol flavonoidləri aşkar edilmişdir. Efir yağının tərkibinə d-karvon, fellandren, dillapiol, terpinen, dipenten, proazulen və s. daxildir.

Bostan şüyüdü xalq təbabətinin çox qədim və populyar müalicə vasitəsi kimi çoxlu farmakoloji və müalicəvi təsirə malik olduğuna görə populyarlığını və təbabətdəki mövqeyini qoruyub saxlamışdır. O spazmolitik, qazqovucu, sidikqovucu, ödqovucu, mədənin tonusunu artırıcı, sakitləşdirici, işlədici, bəlğəmtəmizləyici, südəmər körpəli qadınlarda laktasiyanı (süd hasilatını) stimuləedici təsirlər göstərir.

Bostan şüyüdü hal-hazırda xalq təbabətində mədə və bağırsaq ağrılarında, dispepsiyalarda, sidik kisəsinin iltihabında, qaraciyər xəstəliklərində, baş ağrılarında, qıcolmalarda, soyuqdəymələrdə, yuxusuzluqda, iştahasızlıqda, südəmər körpəli qadınlarda laktasiya (süd hasilatı) pozğunluğunda, meteorizmdə və s. xəstəliklərdə tətbiq olunur.

Elmi təbabətdə bostan şüyüdü hipertoniyanın I və II mərhələsində, stenokardiyada, ürəyin tac damarlarının xroniki çatışmazlığında, tənəffüs yolları xəstəliklərində (bronxit, pnevmoniya və s.) istifadə edilir.

Bostan şüyüdünün müalicəvi təsirləri, başlıca olaraq, onun tərkibindəki flavonoidlər, efir yağları, askorbin turşusu və mikroelementlərlə əlaqədardır.

Tərkibində askorbin turşusu, karotin və dəmir elementi çox olduğuna görə bostan şüyüdünün yarpaqları qanazlığında (anemiyada) tətbiq olunur.

Yarpaqlarının hipertoniyada, ürək fəaliyyəti ritminin pozulmasında tətbiqi tərkibindəki efir yağlarının spazmolitik, sedativ və diuretik təsirləri, bitkidəki flavonoidlərin damarların divarlarının keçiriciliyini azaltması, həmçinin K elementinin antiaritmik xüsusiyyətləri və metabolik proseslərin yaxşılaşması ilə əlaqədardır.

Müalicə məqsədləri üçün şüyüdün meyvəsi, təzə və ya qurudulmuş otu, bəzən ayrılıqda toplanılmış və qurudulmuş yarpaqları istifadə olunur. Bitkidən əsasən dəmləmələr və bişirmələr formasında istifadə edilirlər.

RESEPTLƏR

  • Bostan şüyüdü meyvəsinin dəmləməsi – İnfusum fructuum Anethi graveolentis

Dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı bostan şüyüdünün xırdalanmış meyvələrindən götürüb üzərinə 2 stəkan qaynar su əlavə edirlər, 2-3 saat müddətində qapalı qabda dəmləyib süzürlər. Alınan dəmləmədən gündə 3 dəfə, hər dəfə 1/2 stəkan meteorizmdə və gündə 4-5 dəfə, hər dəfə 1 xörək qaşığı tənəffüs yollarının xəstəliklərində (bronxitdə, traxeitdə, öskürəkdə və s.) qəbul edirlər.

  • Bostan şüyüdü meyvəsinin tozu – Fructuum Pulvis Anethi graveolentis – 50,0

Meteorizmdə gündə 3 dəfə, hər dəfə 1 qr tozunu az miqdarda su ilə qəbul edirlər.

Bəlğəmtəmizləyici, qazqovucu, ödqovucu, işlədici və sidikqovucu vasitə kimi istifadə olunur.

  • Bostan şüyüdü otunun dəmləməsi – İnfusum herbae Anethi graveolentis

1 xörək qaşığı qurudulmuş və xırdalanmış otunun üzərinə 1 stəkan qaynar su əlavə edir, 15 dəqiqə qaynar su hamamı üzərində qızdırır, 45 dəqiqə otaq temperaturunda saxlayaraq süzürlər. Hipertoniya xəstəliyində dəmləməni gündə 3 dəfə hər dəfə 1 xörək qaşığı yeməkdən 30 dəqiqə əvvəl qəbul edirlər.

  • Bostan şüyüdü meyvəsinin efir yağı – Oleum fructuum Anethi graveolentis aethezeum – 10,0

Gündə 3 dəfə, hər dəfə 10-15 damcı efir yağını qəndə damızdırıb qəbul edirlər. Meteorizmdə, tənəffüs yolları xəstəliklərində və s. istifadə olunur.

  • Anetin tableti – Tabulettae Anethi

Preparat bostan şüyüdü meyvəsindən alınan və ballast maddələrdən (lazımsız qarışıqlardan) təmizlənmiş flavonoidlərin məcmusundan ibarətdir. “Anetin” keçmiş SSRİ-də (Xarkovda) yaradılmış və ürəyin tac damarlarının xroniki çatışmazlığının müalicəsində tövsiyə olunmuşdur. Lakin hələlik onun kütləvi istehsalı yoxdur.

Məişətdə müxtəlif yeməklərə xoş dad və ətirverici kimi bostan şüyüdünün təzə otu (göyərtisi) və meyvəsi qatılır, nəticədə yeməklərin görkəmi yaxşılaşır, onların tərkibi vitaminlərlə və mineral maddələrlə zənginləşir.

Bostan şüyüdü təbabətdən başqa məişətdə, liker-araq, qənnadı, ətriyyat sənayesində və sabun istehsalında və s. geniş istifadə olunur.

Cəmil XƏLİLOV,

əczaçılıq elmləri namizədi