Radiasiya nədir və orqanizmi radiasiyadan necə qorumaq lazımdır?
Nüvə silahı istehsalı və istifadəsinin, atom energetikasının güclü inkişafının, xalq təsərrüfatı və tibb sahəsində ionlaşdırıcı şüa mənbələrinin geniş miqyasda istifadəsinin nəticəsi olaraq biosfer radioaktiv maddələrlə çirklənmişdir. Nəticədə insan ikiqat əziyyət çəkmiş olur. Son 70 ildə yer kürəsinin radiasyon fonu 50 dəfə artmışdır. Müasir insan onsuz da bu və ya digər dərəcədə elektromaqnit və radiasyon şüalanmaya daima məruz qalmış olur.
İnsan orqanizmi üçün alfa, beta və qamma şüalanmaları ölümə səbəb ola biləcək qədər daha təhlükəlidir. Radiasiya nəticəsində orqanizmdə külli miqdarda sərbəst elektronlar yaranır.
Bu da öz növbəsində kimyəvi aktiv oksigenin, o cümlədən də digər dəyişilmiş maddələrin yaramasına səbəb olur. Nəticədə hüceyrələrin strukturu pozulur, fermentlərin aktivliyi azalır, anomal zülallar yaranır, mutasiya və xərçəng törədən maddələr əmələ gəlir, hüceyrələr sonda məhv olur. Bunlara cavab olaraq insan orqanizmində bərpa prosesləri və bir çox bioloji reaksiyalar baş qaldırır. İlk öncə molekulyar səviyyədə baş verən bu proseslər zamanla bütün orqanizmi bürüyür. Dərisi açıq rəngdə olan insanlar radiasiyaya daha həssas olurlar.
Kiçik dozalarda şüalanma orqanizmin sağlamlığı üçün elə də təhlükəli deyil. Lakin alimlər bildirir ki, zamanla davam edən hətta çox kiçik dozalı şüalanmalar orqanizmə xüsusilə ziyanlı təsir edərək hüceyrələrdə genetik dəyişikliklərə, bədxassəli törəmələrin inkişafına, maddələr mübadiləsi pozğunluqlarına, erkən qocalmaya, ömrün qısalmasına səbəb olur. Artıq bu da sübut edilib ki, hətta kiçik dozalarda belə olduqda radiasiya ilk olaraq reproduktiv sistemi zədələyir. Kişi cinsiyyət sistemi qadın cinsiyyət sisteminə nisbətən daha çox zədələnir. Nüvə hissəciyi orqanizmə düşərək orada hüceyrələrə mini reaktor kimi təsir göstərməyə başlayır. Radioizotoplar orqanizmdə bir neçə gündən 10 illərə qədər qala bilər. Şüalanmaya xüsusilə qadın və uşaq orqanizmi, döl, yaşlı və xəstə insanlar həssasdır. Şüa xəstəliyinin erkən əlamətləri bunlardır: zəiflik, halsızlıq, baş ağrıları, başgicəllənmə, sinir sistemi oyanıqlığı, dispeptik pozğunluqlar, çəkidə azalma. Bir şeyi də qeyd edək ki, insan orqanizmi şüalanmanı heç bir hissiyyat üzvü vasitəsilə hiss edə bilmir. Radioizotoplar orqanizmdə müxtəlif orqanlara müxtəlif tropluq göstərərək müxtəlif cür yayılır:
*Skeletdə toplananlar – stronsium, barium, radium
*Əzələdə toplananlar – sezium, rubidium, kalium
*Ağciyərlərdə toplananlar – kripton, plutonium, radon, uran, ksenon
*Böyrəkdə toplananlar – rutenium
*Qaraciyər, dalaq və sümük iliyində toplananlar – lantanoidlər, plutonium
*Qalxanabənzər vəzidə toplananlar – yod
Məsələn, stronsium 90 izotopu kalsiumla eyni quruluşa malik olduğuna görə orqanizmə daxil olaraq sümükdə gedən mübadilə proseslərində iştirak edir və s.
Radioaktivlik bekkerellə (bk) ölçülür. Adi fon şüalanmasının norması bugün belə hesab edilir: 1 saata 12 mikrober, 1 ilə 100 milliber.
1 ber=1000 milliber=1000000 mikrober
10 il ərzində insan bədəni 1000 milliber və ya 1 ber (rentgen) radiasiya qəbul edir.
2 saat ərzində rəngli televizorda veriliş izlədikdə 1 mikrober şüalanma baş verir.
Flüoroqrafiya zamanı 37 ber, dişlərin rentgenoskopiyası zamanı 3 ber, mədənin rentgenoskopiyası zamanı isə orqanizm 30 ber şüa qəbul etmiş olur. Şüalanma səviyyəsi 75 berə çatdıqda qanda dəyişikliklər baş verir. 100 berdə isə artıq şüalanma xəstəliyi yaranır.
Radiasiyadan qorunma proqramının əsas punktları.
Fiziki aktivlik – nəticədə qan dövranı yaxşılaşır, maddələr mübadiləsi aktivləşir, zərərli maddələr orqanizmdən xaric olur.
Tərləmə – xüsusilə də hamamda, bunun nəticəsində toxumalardan duzlar yuyulur, toksiki maddələr, radionuklidlər orqanizmdən xaric olur. Tərlədikdən sonra orqanizmin su balansını mütləq bərpa etmək üçün təbii meyvə şirəsi (kök, çuğundur, alma və s.) və ya bitki çayları içmək lazımdır. Yaxşı olar ki, fiziki aktivlikdən sonra vanna, duş qəbul edilsin.
Qidalanma – meyvə və tərəvəzlərlə zəngin olan qidalar yeyilməlidir . Çünki meyvə və tərəvəzlər antioksidant və vitamin maddələri (xüsusilə də A, B, C, E vitaminləri) ilə zəngindir. Bundan əlavə uşaq ölümünün ən aşağı olduğu ölkə Yaponiyada insanlar yodla zəngin yeməklər yeyir. Heyvanların subproduktlarından hazırlanmış yeməkləri yeməyin, onlar daha çox radiasiya ilə çirklənmiş olur. Günə 3 litrdən artıq maye için. Hər gün sıyıq yeyin.
Vitamin C mənbələri. Qara qarağat, cəfəri, çiyələk, kələm, limon, portağal, tomat, qreypfrut, qabıqla bişmiş kartof, alma.
Vitamin B1 mənbələri. Kobud xırdalanmış undan hazırlanmış çörək, buğda cücərtisi, yulaf, fındıq, süd, lobya, noxud, qarğıdalı, tünd düyü, bal.
Vitamin B2 mənbələri. Tərəvəz yarpaqları, alma, buğda cücərtisi, süd, qaraciyər, dənli bitkilər, yumurta.
Vitamin B3 mənbələri. Qaraciyər, yumurta, süd.
Vitamin B5 mənbələri. Qaraciyər.
Vitamin B6 mənbələri. Yumurta sarısı, kələm, yarmalar, buğda cücərtisi, qaraciyər və böyrək.
Vitamin B9 mənbələri. Paxlalılar, noxud, buğda cücərtisi, mərci, kahı, kələm, tomat, ispanaq, qaraciyər, ət, yulaf, fındıq, çörək, pendir, banan, portağal.
Vitamin B12 mənbələri. Yumurta sarısı, süd, qaraciyər, böyrək, qara qarağat, cəfəri, ərik.
Vitamin H mənbələri. Maya və qaraciyər.
Vitamin A mənbələri. Balıq qaraciyəri, yumurta sarısı, xama, süd, kök, çuğundur, tomat.
Vitamin D mənbələri. Qaraciyər, kərə və bitki yağı, süd, balıq yağı.
Vitamin E mənbələri. Bitki yağı, günəbaxan toxumu, badam, buğda cücərtisi, yulaf, balıq yağı, tomat, tomat, yumurta sarısı, yaşıl noxud, alma toxumu.
Vitamin K mənbələri. Kələm, ispanaq, kökümeyvəli bitkilər, meyvələr, qaraciyər, maya.
Alimlər bildirir ki, bitkilərdə mövcud olan fenol birləşmələri qrupuna daxil olan flavonoidlər radioaktiv maddələrə qarşı xüsusilə aktivdir. Naringi, quşarmudu, çaytikanı, yemişan, damotu, solmazçiçəyi, şirin biyan bitkiləri bu sahədə əvəzedilməzdir.
Orqanizmi radionuklidlərdən təmizləməyə kömək edən bəzi üsullar:
Çaytikanı yağı
1 ay ərzində 1 çay qaşığı gündə 3 dəfə daxilə qəbul edilir. Yağı çaytikanı bitkisinin yarpağı və ya cavan zoğlarının dəmləməsi ilə də əvəz etmək olar.
Qoz
Bu zaman qozun meyvəsindən və ya arakəsmələrinin dəmləməsindən istifadə edilir. 20 ədəd qozun arakəsmələri üzərinə 0,5 litr su əlavə edilib 10 dəqiqə qaynadılır. 3 saat dəmdə qaldıqdan sonra içilir.
Yaşıl çay
Xüsusilə də stronsium 90-a qarşı aktivdir.
Dəniz kələmi
Bu bitkini istənilən formada daxilə qəbul etmək olar. Gün ərzində 300 qr dəniz kələmi yeməyə icazə verilir. Qalxanabənzər vəzisində problemi və mastopatiyası olan insanlara bitkidən ehtiyatla istifadə etmək məsləhət görülür.
Zəyərək
12 çay qaşığı zəyərək toxumunun üzərinə 1 litr qaynar su əlavə edilərək 10 dəqiqə müddətinə qaynadılır. 40°С–dək soyudulduqdan sonra ilıq şəkildə 150 ml gündə 6 dəfə 2-3 həftə müddətinə daxilə qəbul edilir.
At şabalıdı
Təzə at şabalıdı çiçəkləri yığılır və 3 gün ərzində qurudulur. 6-8 xörək qaşığı quru çiçəyin üzərinə 1 litr adi su tökülür və qaynayana qədər qızdırılır, bütün gecəni dəmdə qalır. Növbəti gün isə bütün maye qurtum-qurtum daxilə qəbul edilir.
Quşarmudu
1 kq qara quşarmudu meyvəsi və həmin miqdarda itburnu meyvəsi həvəngdəstədə əzilir, üzərinə 3 kq şəkər tozu əlavə edilir, qarışdırılır və qabın ağzı kip bağlanaraq saxlanılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb 1 stəkan qaynar suda 2 saat dəmlənilir, çoxqatlı tənzifdən süzülür və isti şəkildə içilir.
Hər gün olduğunuz yerin tozunu alın. Yağışın altında çətirsiz gəzməyin. Suyu bağlı qablarda saxlayın, qida məhsullarını bir qədər qalın polietilen materiallara bükün. Düzdü, radioaktiv maddələri bütövlükdə orqanizmdən xaric etmək olmur, bu üsullarla biz sadəcə onun təsirini azaltmış oluruq.