Mavi göyçiçək
Normal boylu adamın dizinə, qurşağına qədər qalxan gömgöy çiçəklər yamyaşıl tarlada gendən çağırır. Taxıl zəmisi sünbül tutan vaxtı da onunla tez-tez rastlaşmaq mümkündür. Onun yer üzünə çovdarla birlikdə gəldiyini deyirlər. Harda çovdar varsa, orda göyçiçək var. Harda çovdarı tanımayıblarsa, orda göyçiçəyi də tanımayıblar. Məsələn, Misirdə. Qədim romalılar isə göyçiçəyi o qədər yaxşı tanıyırdılar ki, hətta onun haqqında əfsanələr də qoşmuşdular.
Həmin əfsanələrdən biri belə idi: bir vaxt taxılın himayədarı olan Sesera zəmiləri gəzərkən göyçiçəyin şikayətini eşidir: türkəçarəçilər bizi çovdardan ayırsalar, daha şöhrətli olarıq. Buna cavab olaraq Sesera bildirirdi ki, göyçiçəyə nahaqdan göy arıquşunun rəngi verilməyib. Biçinçilər ildə bir dəfə öz başlarını bəzəmək üçün sizi axtaracaqlar...
Mavi göyçiçək – Centaurea cyanus L.
Fəsiləsi: mürəkkəbçiçəklilər – Asteraceae

Botaniki təsviri
Birillik və ya ikiillik ot bitkisidir. Milşəkilli, incə, budaqlı kökü, 30-80 sm hündürlüyündə dik dayanan, budaqlı, üzəri hörümçək toruna bənzər boz tükcüklü gövdəsi var.
Kökyanı yarpaqları saplaqlı, növbəli, tam ayalı və ya üç dilimə bölünmüş ayalı, tərsinə yumurta-lansetşəkilli formada olub oturaqdır. Gövdə yarpaqları xətvari və ya xətvari-lansetşəkillidir, oturaqdır.
Çiçəkləri səbətşəkilli olub gövdə və budaqların yuxarı hissəsindədir. Səbətlərin kənarı boyunca göy rəngli, qıfşəkilli barsız çiçəklər, daxilində isə borucuqşəkilli, ikicinsli, göy-bənövşəyi rəngli çiçəklər yerləşmişlər.
Meyvəsi uzunsov yumurtaya bənzər formalı toxumcadan ibarətdir.
Yayılması
Mavi göyçiçək yabanı halda MDB-nin bütün Avropa hissəsində meşə və meşə-səhra zonalarında yayılmışdır.
Azərbaycanda taxıl bitkiləri əkilən tarlalarda alaq bitkisi kimi bitir.
Xammalı
Tibbi məqsədlər üçün mavi göyçiçəyin çiçək səbətlərinin kənarı boyunca yerləşən qıfşəkilli barsız çiçəkləri – Flores Centaureae cyani istifadə olunur. Xammal kimi qıfşəkilli çiçəkləri və qismən borucuqşəkilli çiçəkləri toplayıb dərhal kölgəli yerlərdə qurudur, səbətlərdəki çiçəkyatağını örtüyü ilə birlikdə atırlar. Xammalın gün altında qurudulması yolverilməzdir, çünki birbaşa düşən gün işığının təsiri ilə xammal öz təbii rəngini və keyfiyyətini itirir.
Kimyəvi tərkibi
Mavi göyçiçəyin çiçəklərinin tərkibində antosianlar (sianin, sianidin 3-5-qlikozidi, pentaurin, sikornin, sinazin qlikozidləri, flavonoidlər: apigenin, onun 3-5-diqlikozidi, kversetin və onun 7-qlikozidi; aşı maddələri, efir yağı, polisaxaridlər, retinoidlər, karotinoidlər, həmçinin pelarqonin xlorid, xlorofen, qəhvə və xinin turşuları və digər maddələr aşkar edilmişdir.
Farmakoloji xüsusiyyətləri
Mavi göyçiçəyin çiçəyinin preparatları (dəmləmə, bişirmə, maye ekstraktı və s.) diurezi artırır, ödqovucu, antimikrob, spazmolitik, iltihab əleyhinə təsir göstərir.
Kliniki tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, mavi göyçiçəyin çiçəklərinin dəmləməsi diurezi artıraraq qanda sidik daşının qatılığını azaldır və onun ölçülərinin artmasını əngəlləyir.
Tibdə tətbiqi
Mavi göyçiçəyin çiçəkləri xalq təbabətində sarılıqda, böyrək, sidik kisəsi və qaraciyər xəstəliklərində, ağciyər vərəmində, soyuqdəymələrdə, öskürəkdə, uşaqlıq qanaxmalarında və digər xəstəliklərdə tətbiq olunur.
Mavi göyçiçəyin çiçəklərinin dəmləməsi konyuktivit, blefarit, “toyuq korluğu” və gözün digər xəstəliklərində gözü yumaq üçün istifadə edilir.
Xalq təbabətində mavi göyçiçəyin çiçəklərini həmçinin sidikqovucu kimi sidikdaşı xəstəliyində, spazm əleyhinə vasitə kimi baş ağrılarında, anginada, laringitdə və qızdırmada istifadə edirlər.
Mavi göyçiçəyin çiçəkləri elmi təbabətdə də bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
Bu bitkinin çiçəklərinin preparatları (dəmləmə, bişirmə və s.) ürək-damar sisteminin, böyrəklərin, sidik yollarının ödemlərlə müşayiət olunan iltihablı xroniki xəstəliklərinin (sidikdaşı,sistit, nefroz, uretrit, pielonefrit və digər xəstəliklərin) kompleks terapiyasında istifadə edilir. Həmin preparatlar diuretik, iltihab əleyhinə təsir göstərən, spazmolitik vasitə kimi duz mübadiləsi pozulan xəstələrdə (sidikdaşı, öddaşı və s.) duz mübadiləsini tənzimləyən vasitə kimi istifadə edilir.
Mavi göyçiçəyin ödqovucu, iltihab əleyhinə və spazmolitik təsirindən xolesistitin, xolangitin, öd yollarının diskineziyalarının, hepatitlərin müalicəsində istifadə olunur.

Dərman formaları və istifadə qaydası
Mavi göyçiçəyin çiçəklərinin dəmləməsi – İnfusum florum Centaureae cyani
1 xörək qaşığı çiçəkləri emallı qaba yerləşdirib üzərinə 1 stəkan (200 ml) qaynar su əlavə edir, qaynar su hamamı üzərində 15 dəqiqə qızdırır və otaq temperaturunda 45 dəqiqə müddətində saxlayıb soyudurlar, sonra süzür, xammalın qalığını sıxıb süzüntü ilə birləşdirirlər. Qaynanmış və otaq temperaturuna qədər soyudulmuş su əlavə edərək dəmləmənin həcmini 200 ml-ə çatdırırlar. Alınan dəmləmədən gündə 3 dəfə, hər dəfə 1 xörək qaşığı ilıq halda qəbul edirlər.
Mavi göyçiçək ödqovucu, sidikqovucu, spazmolitik və digər dərman bitkiləri ilə birgə yığıntı şəklində də istifadə olunur. Həmin yığıntılara aid misallar:
Tərkibi:
Mavi göyçiçəyin çiçəkləri – 1 hissə
Şirin biyan kökü – 1 hissə
Ayıqulağının yarpaqları – 3 hissə
1 xörək qaşığı yığıntının üzərinə 1 stəkan qaynar su əlavə edir, qaynar su hamamı üzərində 10 dəqiqə qızdırır, soyuyana qədər otaq temperaturunda saxlayır və süzürlər. Alınan dəmləmədən gündə 3-4 dəfə, hər dəfə 1 xörək qaşığı yeməyə qədər qəbul edirlər.
Tərkibi:
Mavi göyçiçəyin çiçəkləri – 1 desert qaşığı
Quşbuğdasının otu – 1 desert qaşığı
Tüklü çiçəkli gəvənin otu – 2 xörək qaşığı
Aptek çobanyastığının çiçəkləri – 2 xörək qaşığı
Qarğıdalı saçağı – 1 hissə
1 xörək qaşığı yığıntının üzərinə 2 stəkan qaynar su əlavə edib dəmlənməsi üçün 5-8 saat müddətində saxlayır, sonra süzürlər. Alınan dəmləmədən gün ərzində 4 dəfə, hər dəfə 1/2 stəkan miqdarında yeməkdən 20-30 dəqiqə əvvəl isti halda qəbul edirlər. Müalicə 1.5-2 il ərzində fasilələrlə aparılır. Hər 10 günlük müalicə kursundan sonra 3-5 günlük fasilə verilir.
Cəmil XƏLİLOV,
əczaçılıq elmləri namizədi.