Düzqalxan qaytarma
“Qaytarma” latın dilindən tərcümədə güc, qüvvət anlamını verir. Yarpaqlarının quruluşuna görə onu rus dilində “pançanina” – heyvan pəncəsi adlandırırlar. Düzqalxan qaytarma həm də dekorativ bitki kimi yetişdirilir. Azərbaycanda qaytarmanın 31 növü var. Düzqalxan qaytarma növü tibdə tətbiq edilir. Bitki digər növlərdən çiçəklərindəki ləçəklərin sayı ilə fərqlənir. Düzqalxan qaytarmanın çiçəklərində 4, digər növlərinin çiçəklərində isə 5 ləçək vardır. İlk baxışda sadə görünən bu əlamət əslində çox önəmli bir göstəricidir.
Düzqalxan qaytarma – Potentilla erecta (L.) Raeusch
Fəsiləsi: gülçiçəklilər – Rosaceae
Botaniki təsviri
Çoxillik ot bitkisidir. Gövdəsinin yarpaqları oturaqdır, üçlüdür, iri, dərinkəsikli yarpaqaltlıqlarına malikdir. Yarpaqcıqları uzunsov - tərsinə yumurtaşəkillidir və ya lansetşəkilli formadadır, damarların üzərində yatıq tükcüklər yerləşmişlər, nadirən çılpaqdır. Kökyanı rozetin yarpaqları üçlüdür, nadir hallarda 4-5 paya bölünmüş, uzunsaplaqlıdır. 10-15 sm hündürlüyündə çiçəkli zoğları yuxarı hissədə budaqlanmışdır, üzəri azacıq tükcüklüdür. Düz və ya əyilmiş formalı, silindrəbənzər və ya kürəşəkilli kökümsovu vardır.
Sarı rəngli, dördləçəkli çiçəkləri vardır. Ləçəklərin sayı düzqalxan qaytarma üçün diaqnostik əlamətdir, çünki qaytarmanın digər növlərində 5 ədəd ləçək olur. Çoxlu quru fındıqcıqlardan təşkil olunmuş yığmameyvəsi vardır. Maydan sentyabra qədər çiçəkləyir. Toxum vasitəsilə çoxalır.
Yayılması
Düzqalxan qaytarma yabanı halda MDB-nin Avropa hissəsində, Uralda, Qərbi Sibirdə, Qafqazda və digər yerlərdə yayılmışdır
İşıqlı meşələrdə, meşə talalarında, bataqlıqların ətrafında, qırılmış meşə sahələrində, meşə ətəklərində və digər yerlərdə bitir.
Azərbaycanda Böyük Qafqazın şərq rayonlarında, orta və yuxarı dağ qurşaqlarında, meşə ətrafında, çəmənliklərdə, əkin yerlərində təsadüf edilir.
Xammalı
Müalicə məqsədləri üçün düzqalxan qaytarmanın kökümsovundan istifadə edilir.
Kökümsovunu – Rhizoma Potentillae erectae bitkinin çiçəklənmə dövründə toplayırlar. Bu məqsədlə kökümsovu qazıb torpaqdan çıxarır, silkələyib torpaq hissəciklərindən təmizləyir, gövdələri və köklərini kəsib atırlar. Təmizlənmiş xammalı altıaçıqlarda, havası yaxşı dəyişilən binalarda nazik təbəqələrlə stelliylara sərib qurudurlar. Qurudulmanı elektriklə işləyən qurğularda 600C-dən yüksək olmayan temperaturda aparmaq olar.
Qurudulmuş xammalın saxlanma müddəti 4-6 ildir.
Kimyəvi tərkibi
Kökümsovunun tərkibində 15-31% aşı maddələri, ellaq və xinin turşuları, triterpen saponinlər, qətran maddələri, flobafenlər, kristallik tormentol efiri, tormentillin qlikozidi, az miqdarda efir yağı, mumlar, sərbəst polifenollar, flavonoidlər və s. aşkar edilmişdir. Aşı maddələrinin içərisində kondensləşmiş aşı maddələri (tanidlər) üstünlük təşkil edir.
Farmakoloji xüsusiyyətləri
Düzqalxan qaytarmanın kökümsovunun preparatları (bişirməsi, dəmləməsi və s.) büzücü, bakterisid, qankəsici, antimikrob, iltihab əleyhinə və s. təsirlər göstərirlər. Bitkinin bu və ya digər farmakoloji fəallığı tərkibindəki aşı maddələri, flavonoidlər və triterpen saponinləri ilə, yerli iltihabkəsici təsiri isə aşı maddələri ilə əlaqədardır. Aşı maddələri dərinin və ya selikli qişaların toxumaları ilə təmasda olarkən zülallarla birləşərək nazik bioloji pərdə əmələ gətirir və toxumaları kimyəvi, mexaniki və bakterial təsirlərdən mühafizə edir.
Bununla belə kapilyarların keçiriciliyi azalır, damarlar daralır. Düzqalxan qaytarmanın təsirinin bu xüsusiyyətləri qastrit, enterit, stomatit, faringit, gingivit və digər xəstəliklərdə selikli qişaların iltihaba tutulması və qızarması kimi əlamətlərlə təzahür edir.
Tibdə tətbiqi
Düzqalxan qaytarma xalq təbabətinin qədim müalicə vasitələrindən biridir. O, hal-hazıra qədər öz əhəmiyyətini itirməmiş, istər xalq təbabətində, istərsə də elmi təbabətdə bir çox xəstəliklərin müalicəsində istifadə edilir.
Daxilə dizenteriyada, qastritdə, mədə və onikibarmaq bağırsaq xoralarında, ishalda, ağciyər, uşaqlıq, mədə-bağırsaq qanaxmalarında, enteritlərdə, enterokolitlərdə, ödqovucu vasitə kimi xolesistitdə, xolesistoxolangitdə, kəskin və xroniki hepatitlərdə, qaraciyər sirrozunda, ginekoloji xəstəliklərdə (kolpitdə, vaginitdə, uşaqlıq boynunun eroziyasında) və s. təyin edilir.
Xaricə yanıqların, donvurmaların, ekzemanın, babasilin, dərinin və selikli qişaların çatlarının, dəri yaralarının, neyrodermitlərin müalicəsində istifadə olunur. Anginada, xroniki tonzillitdə, ağız boşluğunun xəstəliklərində: stomatit, gingivit, sinqada düzqalxan qaytarmanın preparatları qarqara şəklində tətbiq edilir. Ayaq tərləməsində düzqalxan qaytarmanın kökümsovunun bişirməsi vanna və islatma dərmanı şəklində işlədilir.
Dərman formaları və istifadə qaydası
1. Düzqalxan qaytarmanın kökümsovunun bişirməsi – Decoctum rhizomae Potentillae erectae
1 xörək qaşığı xırdalanmış kökümsovu emallı qaba yerləşdirib üzərinə 1 stəkan qaynar su tökür və qaynar su hamamı üzərində 30 dəqiqə qızdırır, 15 dəqiqə müddətində otaq temperaturunda saxlayıb süzürlər. Xammalın qalığını sıxıb süzüntü ilə birləşdirirlər. Qaynadılmış və soyudulmuş su əlavə edərək bişirmənin həcmini 200 ml-ə çatdırırlar. Alınan bişirmədən gündə 3-4 dəfə, hər dəfə 1 xörək qaşığı yeməkdən 1-1,5 saat əvvəl mədə və bağırsaq xəstəliklərində qəbul edirlər.
2. Düzqalxan qaytarmanın kökümsovunun məlhəmi – Unguentum rhizoma Potentillae erectae
Xalq təbabətində düzqalxan qaytarmanın kökümsovundan çox sadə üsulla məlhəm hazırlayıb istifadə edilir. 5 qr narın xırdalanmış kökümsovu 5 dəqiqə müddətində 1 stəkan kərə yağında qaynadır və isti-isti süzürlər. Alınan məlhəmi əlin, ayağın dərisinə və dodağın üzərindəki çatlara sürtürlər.
Düzqalxan qaytarmanın kökümsovu ishal, meteorizm, sidik kisəsi və sidik yollarının iltihabı, sidikdaşı və s. xəstəliklər əleyhinə işlədilən yığıntıların tərkibində də istifadə olunur. Həmin yığıntıların bəzi nümunələrinin resepti belədir:
İshal əleyhinə yığıntı
Tərkibi:
Adi qaragilənin meyvələri – 25 hissə
Düzqalxan qaytarmanın kökümsovu – 12,5 hissə
Qumluq ödotunun çiçəkləri – 12,5 hissə
Dərman adaçayının yarpaqları – 37,5 hissə
Adi zirənin meyvələri – 12,5 hissə
1 xörək qaşığı yığıntıdan 1 stəkan qaynar su ilə məlum qayda üzrə bişirmə hazırlayıb, gün ərzində 3-4 dəfə, hər dəfə 1/2 stəkan yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir.
Sidik yollarının iltihabi xəstəlikləri əleyhinə yığıntı
Tərkibi:
Çöl qatırquyruğu otu – 3 hissə
Düzqalxan qaytarmanın kökümsovu – 3 hissə
İri bağayarpağının yarpaqları – 4 hissə
1 xörək qaşığı yığıntıdan 1 stəkan qaynar su ilə dəmləmə hazırlayıb böyrək və sidik yollarının iltihabi xəttəliklərində gecə yatmazdan əvvəl 2/3 – 3/4 stəkan isti halda qəbul edilir.
Sidik kisəsi və sidik axarlarının daş xəstəliyi əleyhinə yığıntı
Tərkibi:
Ziyilli tozağacının kökü – 2 hissə
Çöl paxlagülünün kökü – 2 hissə
Adi ardıcın meyvələri – 2 hissə
İri dəmrovotunun otu – 2 hissə
Düzqalxan qaytarmanın kökümsovu – 2 hissə
1 xörək qaşığı yığıntıdan 1 stəkan qaynar su ilə dəmləmə hazırlayıb sidikdaşı xəstəliyində gecə yatmazdan əvvəl 1 stəkan dəmləməni isti halda qəbul edilir.
Cəmil XƏLİLOV,
əczaçılıq elmləri namizədi