“Qaraciyər sağlam olarsa, bütün orqanizm sağlam olar” İBN SİNA
Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, qaraciyərdə 1 dəqiqədə 20 milyon kimyəvi reaksiya gedir. Bu orqanın yerinə yetirdiyi yüzlərlə funksiyalar içərisində ən mühümü filtr və baryer funksiyalarıdır. Həyatı boyu insan orqanizmi ən müxtəlif toksiki təsirlərə məruz qalır. Zərərli maddələrlə “zənginləşən” qan sutka ərzində 400 dəfə qaraciyərdən keçir. Məhz, burada toksinlərdən təmizlənərək qan orqan və toxumalara qayıdır. Bəs orqanizmi bir ömür boyu qoruyan qaraciyər özü-özünü necə qoruyur?
Bu günkü yazımın elə məğzi də bu sualın cavabındadır. Belə ki, qaraciyər daxil olan zərərli maddələri yuxarıda da qeyd etdiyim kimi, çox vacib proseslər gedən hüceyrədaxili mühitdən ayrı tutmaq üçün xüsusi piy (zülal) qatı ilə əhatə edir. Nəticədə “məcburən” qaraciyər hüceyrələrinin (hepatosit) bir hissəsi funksiyasını itirir. Belə sahənin miqdar nisbəti artdıqca ümumi orqanın funksional aktivliyi zəifləyir. Nəticədə orqanizmin təmizlənməsi normal getmir. Beləliklə də zərərli maddələr bütün orqan və sistemlərin işində patoloji dəyişikliklərə səbəb olur. Bu proses özü, yəni qaraciyərin işçi toxumasının məhv olması və ya piy toxuması ilə əvəz olunması steatoz adlanır ki, bu da sonradan piy distrofiyasına keçir (distrofiya-əsas funksional hüceyrələrin iş qabiliyyətini itirməsidir).
Bu gün bu patologiya qaraciyər xəstəlikləri arasında ən geniş yayılanlardandır. Belə bir sual yarana bilər ki, həyat şəraiti nəticəsində axı bu proses qaçılmazdır, bəs necə olur ki, “qaraciyərdə piy steatozu baş verib” diaqnozunu tez-tez eşidirik. Məsələ burasındadır ki, elmi olaraq xroniki hepatoz iki formada olur: hepatositlərin distrofiyası və xolestatik. Ümumilikdə alkoqollu içkilərin istifadəsi, müxtəlif endokrin patologiyalar (xüsusilə diabet) hormonal maddələrin və antibiotiklərin istifadəsi, zəhərlənmələr və s. qaraciyərin steatoz prosesini sürətləndirir. Kliniki olaraq belə xəstələr xüsusilə sağ qabırğaaltı nahiyədə ağrılar, diskomfort, depressiya, ümumi yorğunluq və s. simptomlarla şikayətlənirlər. Lakin erkən mərhələdə çox zaman USM (ultrasəs müayinə) nəticəsində aşkarlanır. Məhz bu mərhələdə qaraciyərin təmizlənməsi və bərpa olunması daha uğurla həyata keçirilir. Bu prosesi təbii vasitələrlə, xüsusi pəhrizlərlə, hepatoprotektorların tətbiqi sayəsində əldə etmək olar. Eyni zamanda qaraciyərin funksional xüsusiyyətləri azaldıqca arterial təzyiqin artması, laxtalanma sisteminin dəyişməsi, qanda xolesterinin miqdarının artması və s. patoloji proseslər baş verir ki, bunların da müalicəsi mütləqdir. Qeyd etmək istərdim ki, hal-hazırda tətbiq edilən hepatoprotektorların da böyük əksəriyyəti bitki mənşəlidir. Məhz bu preparatların tətbiqi mütləqdir.
Ümumiyyətlə, hələ qədim zamanlardan bu günədək qaraciyərin təbii vasitələrlə təmizlənməsi tətbiq edilir. Bunun üçün müxtəlif dərman bitkilərindən ibarət şərbətlərin, çayların, dəmləmələrin istifadəsi aparılır. Ən geniş yayılan xüsusi yığıntılardan birinin tərkibi belədir: 3 xörək qaşığı itburnu meyvəsi, 3 x/q solmazçiçəyi çiçəyi, 4 x/q çiyələk yarpağı, 2 x/q çobanyastığı çiçəyi və dağ şüyüdü toxumu 0,5 l suda dəmlənir, gecədən səhərədək saxlanılır və gün ərzində 1/3 stəkan 3-4 dəfə olmaqla istifadə oluna bilər. Bununla yanaşı HEPANAT şərbəti və TEAXOLİN çayı qəbul edərək həm qaraciyərin, həm də öd kisəsinin funksiyasını normallaşdırmaq mümkündür.
Əminəm ki, hər birimiz bu qədər vacib bir orqanın qorunması üçün mütləq gündəlik qidalanmaya, dərman maddələrinin istifadəsinə, zərərli vərdişlərdən imtina etməyə riayət etməliyik. Ən azından ömür boyu bizi qoruyan qaraciyəri qoruyaq ki, özümüz güvənli olaq.
Hicran XIDIROVA,
həkim-infeksionist