Barbaris və ya adi zirinc
Zirincin (Berberis vulqaris) botaniki xarakteristikası: Zirinckimilər fəsiləsinə aid hündürlüyü 3 m-ə çatan, çoxşaxələnən kol bitkisidir, çox güclü, səthi kök sisteminə malikdir. Köhnə budaqların qabığı boz rəngdə və çatlamış olur, cavan budaqlar isə şırımlı, sarı-qonur və ya sarımtıl-boz qabıqla örtülmüş olur. Budaqlar nazik, yuxarı istiqamətlidir, üzərində iri, sadə və yaxud üçbölümlü tikanlar (şəklini dəyişmiş yarpaqlar), onların içəri tərəfində isə tumurcuqlar yerləşir.
Tumurcuqlardan qısa budaqlar, onların üzərində isə dəstə şəklində yarpaqlar əmələ gəlir. Yarpaqları növbəli düzülüşlü, uzunsov-yumurtavaridir, kənarları xırda cod tükcüklərlə örtülüdür. Çiçəkləri kəskin ətirli, açıq-sarı rənglidir, hərəsində 15-20 ədəd olan salxımlarda toplanmışdır. Meyvəsi uzunsov, tünd-qırmızı rəngli, sulu, çox turş, yeyilən giləmeyvədir. Kütləsi 0,4 qramdır, 2-3 toxumu var. Toxumların üzəri xırda qırışlı, yastılaşmış, uzunsov, tünd-qəhvəyi rəngdədir. May-iyun aylarında çiçəkləyir, meyvələr iyulun sonundan oktyabr ayına qədər yetişir. Həm toxumla, həm də vegetativ yolla (kökümsovun hissələri ilə) çoxalır. Yayılması və ekoloji xüsusiyyətləri: Avropanın hər yerində, MDB-nin avropa hissəsində, Pribaltika və Qafqazın ərazisində geniş yayılmışdır. Bağlarda və parklarda dekorativ bitki kimi əkilir. Kölgəli yerlərdə bar vermir. Əsasən quru, günəşli sahələrdə, otlu yamaclarda bitir.
Tarixi məlumat: Zirinc (barbaris) sözünün mənası “beri” ərəb sözündən götürülüb, çanaq deməkdir. Bu ifadə ləçəklərin formasını xarakterizə edir. Barbaris Qədim Vavilon və Hindistanda dərman bitkisi kimi tanınırdı. Assiriya kitabxanasında saxlanılan və kökü eramızdan 650 il əvvələ gedib çıxan gil lövhələr üzərində yazılan yazılarda barbaris “qanı təmizləyən” vasitə kimi göstərilib. Orta əsrlərdə barbaris toxumları sarılıq, sinqa və başqa xəstəliklər zamanı, həmçinin zəhər əleyhinə vasitə kimi geniş istifadə olunurdu. Artıq XVI əsrdən İngiltərə, XVII əsrdən isə İsveç ərazisinə yayılmışdı.
Dərman xammalı kimi: Müalicə məqsədilə barbarisin yarpaqları, meyvələri, qabığı və kökü istifadə olunur. Bütün vegetasiya dövrü ərzində köklərin 1/3 hissəsi yığılır. Eyni sahədən köklər yalnız 5-10 il sonra təkrar yığıla bilər. Eyni zamanda hər 10 m2 sahədə heç olmasa bir barbaris kolunun kökləri tam saxlanılmalıdır. Qazılmış köklər torpaqdan, qaralmış və çürümüş hissələrdən təmizlənir. Onların su ilə yuyulması qətiyyən yolverilməzdir, çünki tərkibində olan berberin (əsas müalicəvi komponent) suda asanlıqla həll olur və yuyulma zamanı itir. Köklər yaxşı havalanan otaqlarda və yaxud quruducu şkaflarda 45-500 C temperaturda qurudulur. Bu cür hazırlanmış xammalın yararlılıq müddəti 3 ildir. Qurudulmuş köklərin rəngi kəsikdə limonu-sarıdır. Xammal acıtəhər dada, zəif, özünəməxsus iyə malikdir. Son illərdə müəyyən olunmuşdur ki, xammal kimi zirincin zoğlarından da istifadə etmək olar. Yarpaqlar tumurcuqlanma və çiçəklənmə dövründə yığılır. Meyvələri yetişmə fazasında, rəngi al qırmızı olanda yığılır, açıq havada və ya quruducu şkaflarda qurudulur. Tibdə və kulinariyada işlədilir. Qurudulmuş meyvələr turş dada malikdir. Bioloji fəal maddələri: Barbarisin bütün hissələri tərkibində alkaloidlər saxlayır. Bitkidən alınmış və daha çox müalicəvi effektə malik olan berberin alkaloididir. Köklərin tərkibində berberindən başqa 10-a qədər alkaloid, o cümlədən palmatin, leontin, kolumbamin, yatrorisin, berberubin, oksiakantin və s., askorbin turşusu, E vitamini, fenolkarbon turşuları var. Meyvələrin tərkibində isə alma, limon, sirkə turşuları, şəkərlər, pektin maddələri, askorbin turşusu kimi qiymətli maddələr var.
Farmakoloji xüsusiyyətləri: Barbaris kökünün və yarpaqlarının tərkibində olan berberin alkaloidi güclü ödqovucu təsirə malikdir. Spazmolitik təsir edərək öd kisəsinin tonusunu və yığılma ritmini azaldır, bununla öd kisəsi və öd yollarında olan iltihabi prosesin sorulması üçün şərait yaradır. Eyni zamanda qanın laxtalanmasını və uşaqlığın tonusunu artırır. Zirinc qan təzyiqini aşağı salır, ürək yığılmalarının sayını azaldır və sakitləşdirici təsir göstərir.
Tibbdə istifadəsi: Çin, monqol, və tibet təbabətində barbarisdən ağciyər vərəminin, selikli qişalı orqanların xəstəliklərinin müalicəsində, hindistan təbabətində isə skarlatina və psixi xəstəliklər zamanı istifadə olunur. Barbarisin kökləri ödqovucu, hipotenziv, ürəkdöyünməni azaldan və uşaqlıq əzələsini tonuslandıran vasitə kimi tətbiq edilir. ABŞ-da dizenteriya və mədə xəstəliklərinin müalicəsində, Zabaykalyedə isə soyuqdəymə zamanı hərarətsalıcı və tərlədici vasitə kimi istifadə olunur. Zirinc bişirməsi qızdırma, göz və ağız boşluğu xəstəlikləri, vərəm, plevrit və iştahsızlıq zamanı yaxşı effekt verir. Bolqariyada zirinc cövhəri böyrək daşı xəstəliyində, podaqrada, revmatizmdə, Hindistanda isə işlədici, antiseptik, ümumi zəiflik zamanı tonuslandırıcı kimi tətbiq edilir. Köklərin qabığı homeopatiyada qaraciyər, mədə və boğaz xərçəngində, mübadilə pozğunluqlarında istifadə olunur. Zoğların qabığı isə Azərbaycanda uşaqlıq qanaxmaları zamanı tətbiq edilir. Barbaris yarpaqlarının dəmləməsi də ödqovucu təsir göstərir, uşaqlıq əzələsinin tonusunu artırır, damarları daraldır, qanın laxtalanmasını artırır. Mama-ginekoloji praktikada uşaqlığın doğuşdan sonrakı atonik qanaxmalarında, həmçinin iltihabi proseslərlə əlaqədar qanaxmalarda istifadəsi yaxşı nəticə verir. Çiçəklərinin dəmləməsi ürək nahiyəsində ağrılar zamanı, hipertoniyada, hepatoxolesistitlərdə və qızdırmalarda istifadə olunur. Barbaris meyvəsinin dəmləməsi antibakterial, hipotenziv və sedativ təsir xüsusiyyətinə malikdir. Fransada həzmi stimullaşdırmaq, qızdırma əleyhinə, bakterisid və hipotenziv effekt almaq üçün istifadə olunur. Azərbaycanda şəkərli diabeti, Gürcüstanda malyariyanı, Belarusiyada hipertoniya xəstəliyini, Bolqariyada mədə spazmı və dalaq xəstəliklərini zirinc meyvələrinin dəmləməsi ilə müalicə edirlər. Meyvələrin şirəsini yüksək qızdırma zamanı, diyetik vasitə kimi həzm pozğunluqlarında və iştahsızlıqda, hamilələrdə qusma zamanı, şəkərli diabetin müalicəsində istifadə etmək məsləhətdir.
İstifadə formaları: Barbaris yarpaqlarının dəmləməsini (infusum foliorum Berberis vulgaris) hazırlamaq üçün 10 qr. (1 xörək qaşığı) xırdalanmış xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su əlavə edilir, qaynayan su hamamında 15 dəq. dəmlənir, 45 dəq. otaq temperaturunda soyudulur. Süzüldükdən sonra alınan dəmləmənin həcmi qaynadılmış su ilə 200 ml-ə çatdırılır. Bir xörək qaşığından gündə 3-4 dəfə daxilə qəbul edilir. Dəmləmə iltihab əleyhinə və ödqovucu təsirlərinə görə qaraciyər və öd yollarının xəstəliklərində istifadə olunur. Barbaris şirəsi payızda al qırmızı rəngli meyvələrdən hazırlanır. Bir xörək qaşığı şirə eyni miqdarda bal ilə qarışdırılır, gündə 3-4 dəfə yeməkdən qabaq daxilə qəbul edilir. Barbaris qabığının dəmləməsi aşağıdakı qaydada hazırlanır: 25 qr. qabıq 400 ml qaynar suda termosda 4 saat müddətində dəmlənir və süzülür. 1/2 stəkandan gündə 4 dəfə 4-6 həftə müddətində qəbul edilir. Barbaris kökü və qabığının bişirməsini hazırlamaq üçün 10 qr. qabıq və 15 qr. kökün üzərinə 300 ml soyuq su tökülür və qaynayan su hamamında 30 dəq. qızdırılır, soyudulur və süzülür. Qaynadılmış su əlavə edərək əvvəlki həcmə çatdırılır. Gündə 3 dəfə, hər dəfə 1/4 stəkan daxilə qəbul edilir. Çiçəklərin bişirməsi: 25 qr. xammal 300 ml suda vam odda 10 dəq. qaynadılır, 2 saat müddətində dəmlənir və süzülür. 2 çay qaşığından gündə 2-3 dəfə qəbul edilir. Əks göstərişlər və əlavə təsirlər: Ciftin uşaqlıqdan natamam ayrılması zamanı baş verən qanaxmalarda zirinc preparatlarının istifadəsi əks göstərişdir.
Digər sahələrdə tətbiqi: Azərbaycanda zirinc köklərindən dərinin, sapların, parçaların rənglənməsi üçün və xalça istehsalında istifadə olunur. Oduncağından dekorativ işlər və inkrustasiyalarda, həmçinin kiçik ölçülü xarratlıq alətlərinin və çəkmə mıxlarının hazırlanması üçün istifadə olunur. Meyvələri bənövşəyi rəng verdiyi üçün yun, kətan, pambıq sapları rəngləmək olur. Kulinariyada: Barbaris meyvələrindən müxtəlif souslar, mürəbbə, şirə və kompotlar, həmçinin şorabalar hazırlanır. Barbaris meyvələrinin mürəbbəsi 1 kq. meyvəyə 400-600 ml (2-3 stəkan) su nisbətində hazırlanır. Meyvələr yuyulur, üzərinə göstərilən miqdarda su tökülüb 8-10 saat saxlanır. Sonra su süzülür və üzərinə 1,5 kq şəkər əlavə edilərək şərbət hazırlanır. Şərbət qaynayanda meyvələr içərisinə tökülür. 30-40 dəq. müddətində, mürəbbə hazır olana qədər bişirilir. Hazır mürəbbə pasterizə olunmuş bankalara yığılır və ağzı bağlanır. Dadı xoşagələn, turşaşirin, ətri zəif olur. Barbaris meyvəsinin şorabasını hazırlamaq üçün salxım üzərində meyvələr bankalara yığılır, üzərinə qaynadılmış soyuq duzlu su (1 litr suya 200 qr. duz) tökülür. Sərin yerdə saxlanır. Barbaris yarpaqlarından içki hazırlamaq üçün 100 qr. yarpaq 1 litr suda 5 dəq. qaynadılır, zövqə görə şəkər və ya bal əlavə edilir. Vitaminli içki kimi içilir. Armud (alma) və zirincdən kompot hazırlamaq üçün yetişmiş meyvələr yuyulur, xırda doğranır. 1 hissə armud və 5-6 hissə zirincin üzərinə şərbət (40 %-li) əlavə edilir, 10-15 dəq. qaynadılır. Azərbaycanda zirincin qurudulmuş meyvələri müxtəlif yeməklərin, xüsusən də plovların hazırlanmasında istifadə olunur.