Kəklikotu

kBotanik xarakteristika: Labiatae fəsiləsinə aid hündürlüyü 35 sm-ə qədər olan kiçik, ətirli yarımkolcuqdur. Zoğları nazik, qonur rəngli, sürünəndir. Əsası tünd qonur rəngli qabıqla örtülüdür, çox vaxt kökləşir və əlavə köklər əmələ gətirir. Yarpaqları xırda, uzunsov və ya ellipsvari, qısa saplaqlı və ya oturaqdır. Çiçəkləri kiçik ölçülü, çəhrayı və ya bənövşəyi-çəhrayı rəngli, ikidodaqlıdır, başcıq çiçək dəstəsində seyrək toplanmışdır. Meyvəsi qurudur, dörd ədəd fındıqcığa bölünür.

Kəklikotu iyun-iyul aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabrda yetişir. Toxumla və vegetativ yolla çoxalır. 1000 ədəd toxumun kütləsi 0,3-0,5 qramdır. 30 ilə qədər ömür sürə bilər.

Yayılması və ekoloji xüsusiyyətləri: Quru qumlu torpaqlarda, enliyarpaqlı və iynəyarpaqlı meşələrdə, talalarda geniş yayılmışdır.

Tarixi məlumat: Qədim yunanlar kəklikotunu gözəllik ilahəsi Afroditanın şərəfinə yandırıb qurban verirdilər. Onun ətirli tüstüsü (fimiam) göyə qalxanda qurbanın allahlar tərəfindən qəbul edildiyi hesab olunurdu. Kəklikotu yunanlar üçün həm də zəhmətsevərlik rəmzi idi. Qədim slavyanlar isə kəklikotu dəstələri ilə Müqəddəs Məryəmin ikonalarını bəzəyirdilər. Belə hesab olunurdu ki, bu bitki insana nəinki sağlamlığını, hətta həyatını qaytara bilər. Yəqin ki, bu səbəbdən bayılma zamanı kəklikotunun tozunu iyləyirdilər. İbn Sina, Dioskorid və Böyük Pliniyin əsərlərində kəklikotuna rast gəlinir.

Dərman xammalı kimi: Sürünən kəklikotunun otundan istifadə olunur. Bıçaq və ya sekatorlar vasitəsilə çiçəkləmiş zoğlar kəsilir. Zoğların ağaclaşmış aşağı hissəsi istifadəyə yararsızdır. Fikir vermək lazımdır ki, bitki kökündən qopmasın. Yaşıl zoğların bir hissəsi bitkinin vegetativ çoxalması üçün saxlanılır. Kəklikotu açıq havada kölgədə, yaxşı havalanan otaqda və ya çardaqda nazik qatla sərilməklə qurudulur. 3-5 gün müddətində qurudulduqdan sonra xammal ovulur və kobud hissələri ayrılır. Quruducu şkaflarda 35-400C-də qurudulur. Xammalın istifadə müddəti 3 ildir. Ətirli iyə, acı-ədviyyatlı, azca yandırıcı dada malikdir.

Adi kəklikotunun isə toxumları müalicəvi əhəmiyyətə malikdir. Bunlar çətirlərin yarıdan çoxu yetişəndə yığılır. Toxumların tökülməsinin qarşısını almaq üçün yığım səhər və ya axşam aparılır. Bıçaqlar vasitəsilə bitki zoğundan kəsilir və çardaqlarda qurudulur. Daha sonra üyüdülür, ələklərdən keçirilir və üfürülmə yolu ilə toxumlar təmizlənib ayrılır. Xammalın istifadə müddəti 3 ildir. Kəskin ətirli iyə və acı-ədviyatlı, yandırıcı dada malikdir.

dKimyəvi tərkibi: Sürünən kəklikotunun ot hissəsində 0,6%-ə qədər efir yağı vardır ki, onun da əsas hissəsini timol təşkil edir. Bundan başqa efir yağının tərkibində karvakrol, terpineol, borneol kimi komponentlər var. Kəklikotunun tərkibində həmçinin aşı maddələri, ursul və oleanol turşuları, flavonoidlər, mineral duzlar, dəmir, selen, bor kimi maddələr aşkar olunub.

Adi kəklikotunun toxumları isə tərkibində zülallar, efir yağı (karvon, limonen, karvakrol), flavonoidlər, triterpen birləşmələri, piqmentlər, aşı maddələri, C vitamini və s. maddələr saxlayır.

Farmakoloji xüsusiyyətləri: Sürünən kəklikotunun müalicəvi təsiri əsasən tərkibindəki fenol törəməsi olan timolla əlaqələndirilir. Fenoldan fərqli olaraq timol az toksikdir, selikli qişaları daha az zədələyir, güclü antimikrob xüsusiyyətə malikdir. Kəklikotu yuxarı tənəffüs yollarının selikli qişasının kirpikli epitelinin hərəki aktivliyini artırır, iltihabi ərpi yumşaldır, bəlğəmi durulaşdırır və xaric olmasını asanlaşdırır, bununla da güclü bəlğəmgətirici təsir göstərir. Bitkinin həmçinin spazmolitik, sidikqovucu, hipotenziv, ağrıkəsici, yuxugətirici və qurdqovucu təsirləri də məlumdur.

Adi kəklikotunun toxumları mədənin sekretor və motor funksiyalarını gücləndirir, ödqovucu təsir göstərir. Mədə-bağırsaq traktının saya əzələlərinin spazmını azaldır, fermentativ prosesləri ləngidir, eyni zamanda diuretik, laktogen və bəlğəmgətirici təsir göstərir. Toxumlardan alınan efir yağının antiseptik və qurdqovucu təsirləri məlumdur.

Tibdə istifadəsi: Sürünən kəklikotu otunun dəmləməsindən bəlğəmgətirici və dezinfeksiyaedici vasitə kimi ağciyər xəstəliklərində, mədə sekresiyasının azalması, bağırsaqların atoniya və spazmı, meteorizmlə müşayiət olunan  mədə-bağırsaq xəstəliklərində, yuxusuzluq və ateroskleroz zamanı istifadə olunur. Ağız boşluğu xəstəliklərində və xroniki tonzillitdə inhalyasiya şəklində, alveolyar pioreya və aftoz stomatitdə isə qarqara şəklində tətbiq edilir. Timol ağız boşluğu, əsnək və burun-udlağın dezinfeksiyası üçün istifadə olunur, stomatologiyada isə müxtəlif ağrıkəsici məhlulların tərkibinə daxil edilmişdir. Hətta alkoqolizmin müalicəsində də kəklikotu bişirməsi effektlidir. Bundan əlavə dəmləmə və bişirməsinin müxtəlif dəri xəstəliklərində, hipertoniya xəsatəliyində, revmatizmdə, radikulitdə, sinir xəstəliklərində və maddələr mübadiləsinin pozulması ilə əlaqədar patologiyalarda istifadəsi məsləhətdir. Tərkibindəki çoxkomponentli efir yağı artralgiyalar, lümbalgiyalar, radikulonevritlər zamanı istifadə olunan linimentin tərkibinə daxildir.

Adi kəklikotu toxumlarının dəmləməsi isə mədə-bağırsaq pozğunluqlarında, meteorizm, atonik qəbizlik, kolitlər, körpələrdə dispepsiyalar zamanı, həmçinin anemiya və hipoqalaktiyada istifadə olunur.

Xalq təbabətində: Sürünən kəklikotu dəmləməsi göyöskürək, bronxitlər, ürək xəstəliklərində, qanazlığında, köp, xolesistit, sistit, zob, sinir pozğunluğunda, yuxusuzluqda, babasil və uşaqlıq qanaxmalarında, alkoqolizm zamanı daxilə, stomatit və angina zamanı qarqara şəklində, başın dərisini yaxalamaq üçün, oynaq, əzələ və sümük ağrıları zamanı islatma şəklində, ekzema, radikulit, revmatizm və podaqra zamanı isə vanna şəklində qəbul edilir. Qurudulmuş kəklikotu tozu yara və xoraların üzərinə səpilir.

Kəklikotu dəmləməsi (infusum herbae Thymi) hazırlamaq üçün 10 qr. (2 xörək qaşığı) xammal emallı qaba yerləşdirilir, üzərinə 200 ml. qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. qızdırılır, otaq temperaturunda soyudulur və süzülür. Alınan dəmləmənin həcmi qaynadılmış su ilə 200 ml-ə çatdırılır. Öskürək zamanı gündə 2-3 dəfə, hər dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.

Kəklikotu bişirməsini (decoctum herbae Thymi) hazırlamaq üçün su ilə 1:10 nisbətində bitki götürülür, üzərinə 200 ml. qaynar su tökülür, qaynayan su hamamında 30 dəq. qızdırılır, otaq temperaturunda soyudulur. Gündə 3-5 dəfə, hər dəfə 1-2 xörək qaşığı qəbul edilir.

Adi kəklikotu toxumlarının dəmləməsi (infusum fructuum Carvi) hazirlamaq üçün 20 qr. (2 xörək qaşığı) xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, soyudulur.

Əks göstəriş və əlavə təsirlər: Hamiləlik dövründə, ürək xəstəliklərinin dekompensasiya mərhələsində, böyrək, qaraciyər xəstəliklərində, mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşmə dövründə kəklikotu preparatlarının istifadəsi məsləhət deyil.

Digər sahələrdə tətbiqi: Kəklikotunun tərkibindəki efir yağı parfümeriyada dodaq boyalarının, sabunların, kremlərin, diş məcunlarının ətirləndirilməsi üçün, digər bitkilərlə qarışıqda dərini aşılamaq üçün istifadə olunur.

Kulinariyada: Kəklikotu otundan salatların, isti yeməklərin, çay və şirələrin hazırlanmasında istifadə olunur.

Kəklikotu toxumlarından isə kulinariyada, çörək və digər un məmulatlarının, konservlərin, şorabaların hazırlanmasında istifadə olunur.

Kəklikotu ilə tərəvəz salatı hazırlamaq üçün ağ turp (50 q) və yerkökü (50 q) iri gözlü sürtgəcdən keçirilir, üzərinə xırda doğranmış kələm (70 q), yaşıl soğan (25 q), şüyüd, cəfəri və xırdalanmış kəklikotu (100 q) əlavə olunur. Zövqə görə duz, istiot, xama və ya mayonez vurulur.

Kəklikotu ilə ət salatının hazırlanmasına qaynadılmış ət (100 q), kartof (50 q), yumurta (1 ədəd), kəklikotu (100 q), konservləşdirilmiş yaşıl noxud (50 q), şüyüd, cəfəri, duz, istiot lazımdır. Bütün ərzaqlar xırda doğranır, üzərinə xama və ya mayonez əlavə olunur.

Kəklikotulu tərəvəz buğlaması hazırlamaq üçün iri gözlü sürtgəcdən keçirilmiş yerkökü (50 q), çuğundur (50 q) və cəfəri kökü (20 q) yarımhazır olana qədər bitki yağında buğlanır, üzərinə xırda doğranmış kələm (100 q), kartof (50 q), baş soğan (50 q), kəklikotu yarpaqları (100 q), dəfnə yarpağı, şüyüd və zirə toxumu əlavə edilir. Zövqə görə duz səpib hazır olana qədər bişirilir. Bişənə yaxın tomat sousu, süfrəyə verildikdə isə üzərinə şüyüd səpilir.

Kəklikotu ilə çay hazırlamaq üçün eyni nisbətdə kəklikotu, mərcangilə və dazıotu yarpaqları qarışdırılır. 1 desert qaşığı qarışığın üzərinə 250 ml. qaynar su əlavə edilir, 15 dəq. dəmlənir. Süfrəyə şəkər, bal və ya mürəbbə ilə verilir.