Funqoterapiya
Məşhur rus mikoloqu Vidyayev hələ keçən əsrin 50-ci illərində belə qənaətə gəlmişdi ki, əgər göbələk möcüzəli müalicəvi təsirinə görə heç də bitki aləmindən geri qalmırsa, onda nəyə görə bu vaxta qədər onlar haqda heç kəsin məlumatı yoxdur? Onu da qeyd etmək yerinə düşər ki, 150 min növ göbələk mövcud olduğu halda qida məqsədilə təxminən 30 növ, müalicə məqsədilə isə ancaq
1 növ göbələk - çaqa istifadə olunur. Amma əslində bir çox göbələk növlərinin tərkibinə unikal müalicəvi təsirə malik polisaxaridlərin və fitonsidlərin daxil olması artıq alimlərin diqqət mərkəzindədir.
Funqoterapiya dərman xüsusiyyətlərinə malik göbələklər və onlarla düzgün müalicə üsulları haqqında elm sahəsidir. Latın dilindən tərcümədə fungus göbələk deməkdir. Hələ 2min il bundan əvvəl Yaponiyada bütün xəstəlikləri şiitake adlı qədim göbələklə müalicə edirdilər. Hətta onlar şiitakenin yetişdirilmə sirrini də gizli saxlayırdılar. “Dərman göbələkləri haqda traktat”ın müəllifi məşhur yapon təbibi Vu Sin hələ o zaman bu əsərində 100-dən çox dərman göbələyini təsvir edərək yazırdı ki, göbələklərin müalicəvi xüsusiyyəti dərman bitkilərindən qat-qat üstündür. Hətta məşhur loğman İbn Sina da xəstələrin müalicəsində göbələklərdən istifadə etmişdir. Bundan əlavə tibbin atası Hippokrat, Dioskorid, Qalen, Teofast və digərləri də bəzi göbələklərin dərman xüsusiyyətinə malik olduğunu bilirdirlər.
Göbələklər ekstraktiv və aromatik maddələrlə zəngindir. Bundan əlavə göbələyin tərkibində 2-3 faiz zülal, hüceyrələrin zülal sintezində və digər mübadilə proseslərində iştirak edən kimyəvi birləşmələr, 40 faizə qədər yağ və karbohidratlar, fosfatidlər, lipoidlər, lesitin, qlükoza, mikoza, ayrıca bağırsaqların fəaliyyətinə müsbət təsir göstərən sellüloza, həzmi yaxşılaşdıran alitaza, lipaza fermentləri, koenzim Q-10, vitaminlər, antikoaqulyantlar, həmçinin hormonal maddələr var. Eyni zamanda külli miqdarda P, Zn, Cu, S, K, Ca, Fe, Mg, Na, J, Mn kimi zəngin makro- və mikroelement ehtiyatına görə də onları tədqiq etməyə dəyər. Həmçinin göbələklər orqanizmdə olan ağır metalları və radionuklidləri süngər kimi özünə çəkərək zərərsizləşdirir. Bunlarla yanaşı göbələklər özləri aqrosibin, brozofillin, nemotin, biformin kimi antibiotikəbənzər fitonsid maddələr sintez edirlər. Onu da qeyd edək ki, 1 kq qurudulmuş göbələkdə olan zülal 1 kq mal ətində olan zülaldan iki dəfə çoxdur. Göbələk bulyonu ət bulyonundan 7 dəfə artıq kalorilidir. Göbələk tam həzm olunan qida məhsuludur.
Termiki emal və donma zamanı göbələyin tərkibində olan bütün təsirli maddələr inaktivləşdiyindən müalicə məqsədilə dərman göbələklərinin yalnız ekstrakt və tozlarından istifadə olunur. Toz halında olan göbələk preparatının tərkibində ekstraktdan fərqli olaraq kimyəvi qatqı olmur. Göbələklər toz halına salınmazdan əvvəl radiasyon və toksiki laborator nəzarətdən keçir, cüzi çirkli olan göbələklər məhv edilir.
Bəzi dərman göbələklərinin tərkibləri və təsirləri ilə tanış olaq.
ŞİİTAKE. Bu göbələk Yaponiyada və Çində palıdabənzər Şii ağacında bitir. Yapon təbibi Vu Sin onu təsirinə görə “göbələk jenşen” adlandırırdı. Şiitake göbələyi tərkibinə daxil olan aminturşu ehtiyatı, sellüloza və polisaxarid lentinanın hesabına qanda xolesterin səviyyəsini 45 faiz azaldır, şəkərli diabet zamanı qanda şəkərin də miqdarını tənzimləyir, həmçinin allergiya əleyhinə tətbiq olunur. Praktik olaraq orqanizmin bütün sistemlərinə müsbət təsir göstərərək, stresə qarşı müqaviməti artırır və ömrü uzadır.
Yapon təbiblərinin böyük səyləri nəticəsində şiitakenin istifadə dairəsi artmışdır. Şiş əleyhinə olan polisaxarid tərkibinə görə şiitake göbələklər arasında çempiondur. Hətta bu göbələklə mədə-bağırsaq traktının xoralarında, podaqra, qəbizlik, virus infeksiyaları, ürək-damar xəstəlikləri, xroniki yorğunluq sindromu, xərçəngin bəzi formaları ( mədənin, prostat vəzin ), görmə zəifliyi, yaxındangörmə, hemorroy, cinsi zəifliyin müalicəsində, QİÇS-in erkən mərhələlərində və hətta bədxassəli xərçəngin son mərhəsində müsbət nəticələr əldə olunduğu barədə faktlar mövcuddur. Müalicəvi xüsusiyyətlərinə görə göbələkdən kosmetologiyada da geniş istifadə olunur. Müxtəlif krem və toniklərin tərkibinə daxil olan göbələyin ekstraktı dərinin daha dərin qatlarına keçərək onun təbii resurslarını bərpa edir, hüceyrə regenerasiyasını sürətləndirir, yüksək cavanlaşdırıcı effekt əldə olunur. Hazırda vanna üçün göbələyin mitsellərindən hazırlanmış preparatlar çox məşhurdur. Həmin preparatın istifadəsi zamanı bir çox dermatoloji xəstəliklərin (dəri səpgiləri, sızanaqlar) sürətli sağalması baş verir.
AĞ GÖBƏLƏK hazırda kulinariyada istifadə olunan yeməli göbələklərdəndir. XVIII əsrdə Rusiyada bədənin donmuş nahiyələrini onun ekstraktı ilə silərdilər. Ağ göbələk tərkibində olan antibiotik təsirli maddələrə görə bağırsağın patogen mikroflorasına məhvedici, gersenin alkaloidinin hesabına isə ürək-damar sisteminə tonuslandırıcı təsir göstərir, böyrək daşının əmələ gəlməsinin qarşısını alır, hətta vərəm çöplərini məhv edə bilir.

ŞAMPİNYON qarın yatalağının, paratifin, vərəmin törədicilərini, hətta qızılı stafilokokları da məhv edir. İltihab əleyhinə təsirinə görə irinli yaraların müalicəsində yerli istifadə olunur.
YEMƏLİ TÜLKÜQULAĞI GÖBƏLƏYİ tərkibində olan xinomanoza polisaxaridinə görə helmintlərə, onun sürfə və yumurtalarına öldürücü təsir göstərir. Tərkibində antibakterial təsirli laktoriovilin və balidol maddələri də mövcuddur.

SARI GÖBƏLƏK tərkibindəki bənövşəyi piqment lektaroviolin antibakterial təsirə malik olub, azulen qrupuna daxildir. Vitiliqo, vərəm və revmatizmin mülicəsində tətbiq olunur.
TOZAĞACI GÖBƏLƏYİ ( ÇAQA ). Belə bir tarixi fakt mövcuddur ki, rus knyazı Vladimir Monomaxın dodağındakı xərçəngin müalicəsində həmin göbələkdən istifadə edilirdi. Çaqa mədə-bağırsaq xəstəliklərinin ( xora, qastrit ) müalicəsində də effektiv təsir göstərir.

MİLÇƏKQIRAN GÖBƏLƏK. zəhərli olsa da, toxumaların ödemi zamanı kompres kimi, həmçinin bürünmə üçün, revmatizm əleyhinə güclü vasitə kimi tətbiq edilir. Milçəkqıran göbələyindən bronxial astma xəstəliyinin müalicəsində də istifadə etmək olar.

QUZUGÖBƏLƏYİ qədim zamanlardan epilepsiya, müxtəlif əsəb xəstəlikləri və görmə zəifliyinin müalicəsində geniş tətbiq olunardı.
Göbələk qəbulunda bəzi əks-göstərişlər də var. Məsələn, mübadilə pozğunluqları, qaraciyər, böyrək xəstəlikləri, podaqra, ürək-damar və həzm problemləri və s.