Adi meşə gilası

Uzaqdan baxanda yaşıl yarpaqlar arasından boy göstərən qızılı-sarı meyvələr günəşin şüaları altında bərq vurur. Obrazlı desək, üstü meyvələrlə dolu gilas ağacı qır-qızıllarını boyun-boğazına, qulağına, əllərinə taxmış toya gedən yaşıl donlu gəlinə oxşayır. Şah Süleyman Səfəvinin saray həkimi Məhəmməd Mömin yazır:
“Gilas tezliklə həzm olur, qəbizlik zamanı faydalıdır. O, həmçinin öskürəyə kömək edir. Gilas adamı tez doydurur və iştahanı qaçırdır. Buna görə də arıqlamaq istəyənlərə nahardan əvvəl gilas vermək məsləhət görülür. Şəkər xəstəliyinə düçar olmuş adama gilas üzümdən daha çox düşür.
Bu meyvələri tox qarına yemək olmaz. Gilasın saplağını dəmləyərək sidikqovucu vasitə kimi içirlər. Meyvənin tumlarını üyüdərək, dərini yumşaldan və üzün rəngini yaxşılaşdıran maska hazırlayırlar.” Meşə gilasının oduncağı da çox qiymətlidir. Ağacı yaxşı hamarlandığından xarratlar ondan müxtəlif mebel avadanlıqları düzəldirlər. Qabığından isə yaşıl boyanın alınmasında istifadə olunur.
Adi meşəgilası – Padus racemosa Gilib
Fəsiləsi: gülçiçəklilər – Rosaceae

Botaniki təsviri
Hündürlüyü 2-10 m olan kol və ya ağac bitkisidir. Yaşlı gövdə və budaqların qabığı qara-boz rəngdədir, cavan gövdə və budaqların qabığı isə qəhvəyi rəngdədir, üzərində ağ-sarı rəngli mərcilər yerləşmişdir. Qısasaplaqlı, ellipsşəkilli yarpaqları budaqların üzərində növbəli düzülmüşdür. Yarpaqların ayasının kənarı xırda mişardişlidir. Bitkinin ətirli qoxuya malik olan ağ rəngli, xırda çiçəkləri salxımşəkilli, uzun, sallaq çiçək qrupuna toplanır. Çiçək tacı 5 ləçəkdən ibarətdir.
Meyvəsi kürəşəkilli, çox şirəli, qara rəngli çəyirdəkmeyvədir. Çəyirdəyi dəyirmi-yumurtaşəkilli, səthi dalğavarı yuvalıdır.
Adi meşəgilası mayda çiçək açır, avqust-sentyabr aylarında isə meyvəsi yetişir.
Yayılması
Adi meşəgilası MDB-nin Avropa hissəsi, Orta Asiya, Qazaxıstan, Qərbi Sibir, Qafqazın meşə və səhra zonalarında yabanı halda yayılıb. Meşəliklərdə, çayların sahillərində, dağ meşələrinin ətəklərində bitir. Azərbaycanda Kiçik Qafqazın orta və yuxarı dağ qurşaqlarında təsadüf edilir.
Adi meşəgilası parklarda və bağlarda bəzək bitkisi kimi əkilir.
Xammalı
Dərman bitki xammalı kimi adi meşəgilasının meyvəsi – Fructus Padi racemosae istifadə olunur. Meyvəsi tam yetişən dövrdə, quru havada toplanılır. Toplanılan xammalı yarpaq, budaq hissələri, saplaq və digər qarışıqlardan, kif atmış və ya çürümüş xammal hissələrindən təmizləyir, quruducu qurğularda 40-50°C temperaturda, gün altında kağızın və ya parçanın üzərinə 1-2 sm qalınlığında təbəqə ilə sərib qurudurlar.
Qurudulmuş xammalın saxlanma müddəti 3 ildir.
Kimyəvi tərkibi
Adi meşəgilasının meyvələrinin tərkibində hidroliz olunmayan qrupa aid olan aşı maddələri, şəkərlər, üzvi turşular (alma, limon turşuları və digərləri), pektin maddələri, antosianlar, askorbin turşusu, fitonsidlər, efir yağı, flavonoidlər, piyli yağlar, amiqdalin qlikozidi və s. maddələr aşkar edilmişdir.

Farmakoloji xüsusiyyətləri
Adi meşəgilasının meyvələrinin bişirməsi və dəmləməsi, tərkibində aşı maddələri və üzvi turşular olduğuna görə büzücü və iltihab əleyhinə təsir göstərir.
Meyvələrdəki aşı maddələri ilə antosianların vəhdəti iltihab əleyhinə çox davamlı təsirin yaranmasını təmin edir. Tərkibindəki P vitamini fəallığına malik olan antosianlar, kapilyar damarlara möhkəmləndirici təsir göstərir. Adi meşəgilasının meyvələrinin fitonsidləri antimikrob təsirə malikdir və təkhüceyrəli ibtidai canlılara, kif göbələyi, ağcaqanad, milçək və s. həşəratlara məhvedici təsir edir.
Xalq təbabətində tətbiqi
Adi meşəgilasının xalq təbabətində meyvə, çiçək və yarpaqları, cavan gövdə və budaqlarının qabığı istifadə olunur. Meyvələrinin dəmləməsi və ya meyvələrindən hazırlanan mors (meyvə şərbəti) və kisel daxilə ishalda və mədə-bağırsaq traktının digər pozğunluqlarında təyin edilir.
Meyvələrinin, həmçinin çiçəklərinin dəmləməsi gözün seliyinin iltihablı xəstəliklərinin müalicəsində islatma dərmanı kimi tətbiq edilir.
Adi meşəgilasının cavan gövdə və budaqlarının qabığının bişirməsi tərqovucu vasitə kimi, dəmləməsi isə revmatizm əleyhinə faydalı təsir göstərir.

Elmi təbabətdə tətbiqi
Elmi təbabətdə əsasən müalicə məqsədləri üçün meşəgilasının meyvələrindən istifadə olunur. Meyvələri bişirmə formasında büzücü və antiseptik təsirli vasitə kimi ishalda və həzm sisteminin digər xəstəliklərində tətbiq edilir. Tərkibində aşı maddələri olduğuna görə enteritlər, müxtəlif etiologiyalı dispepsiyalar, həmçinin köməkçi vasitə kimi infeksion kolitlər, dizenteriya və s. xəstəliklər zamanı istifadə olunur.
Bağırsaqların funksiyası pozulduqda meşəgilasının bütöv meyvələrini çay kimi dəmləyib içirlər. Xırdalanmış meyvələrin (çəyirdəklərin) qarışığına yol verilmir, çünki xırdalanmış meyvələrdən (çəyirdəklərdən) hazırlanan dəmləməyə zəhərli amiqdalin qlikozidi keçə və xəstələrdə zəhərlənmə törədə bilər.
Tərdən baş verən bişməcə, ekzema, ayaqlarda rast gəlinən göbələk xəstəliklərində meşəgilasının yarpaqlarından bişirmə hazırlayıb vanna qəbul edirlər.
Adi meşəgilasının təzə meyvələri, çiçək və yarpaqları fitonsid xassələrinə malikdirlər, lakin təəssüf ki, onların bu sahədəki müalicə imkanları ətraflı araşdırılmayıb.
Reseptlər
1.Adi meşəgilasının meyvələrinin dəmləməsi – İnfusum fructuum Padi racemosae
1 xörək qaşığı meyvəni emallı qaba yerləşdirib üzərinə 1 stəkan (200 ml) qaynar su tökürl, qaynar su hamamı üzərində 15 dəqiqə qızdırır və 45 dəqiqə müddətində otaq temperaturunda saxlayıb süzürlər. Xammalın qalığını sıxıb süzüntü ilə birləşdirir, qaynanmış su əlavə edərək dəmləmənin həcmini 200 ml-ə çatdırırlar.
Alınan dəmləmədən gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/2 stəkan qəbul edirlər.
2. Adi meşəgilasının meyvələrinin bişirməsi – Decoctum fructuum Padi racemosae
Hazırlanma qaydası dəmləmədə olduğu kimidir. Fərq xammallla suyun qarışığının qaynar su hamamında qızdırılma və otaq temperaturunda saxlanılma müddətlərindədir. Qarışıq qaynar su hamamında 30 dəqiqə qızdırılır və otaq temperaturunda 15 dəqiqə saxlanılaraq süzülür.
Alınan bişirmənin qəbul qaydası dəmləmədə olduğu kimidir.
Adi meşəgilasının meyvələri təklikdə və müxtəlif yığıntıların tərkibində istifadə edilir. Tərkibində adi qaragilə bitkisinin meyvələri olan yığıntılara onun meyvələri daha çox qatılır.
Yığıntı nümunələri
1. İshal əleyhinə yığıntı
Tərkibi:
Adi meşəgilasının meyvələri – 3 hissə
Adi qaragilənin meyvələri – 2 hissə
1 xörək qaşığı yığıntıdan 1 stəkan qaynar su ilə bişirmə hazırlayıb gündə 3-4 dəfə 1/4-1/2 stəkan qəbul edirlər.
2. Xroniki enterit əleyhinə yığıntı
Tərkibi:
Dərman sincanotunun kökü – 1 hissə
Adi meşəgilasının meyvələri – 1 hissə
Boz qızılağacın meyvələri – 1 hissə
İstiotlu nanənin yarpaqları – 1 hissə
Adi zirənin meyvələri – 1 hissə
Adi razyananın meyvələri – 1 hissə
Tüksüz biyanın kökü – 1 hissə
Qurdpəncəsinin kökümsovu – 1 hissə
Aptek çobanyastığının çiçəkləri – 1 hissə
Adi dazının otu – 1 hissə
1 xörək qaşığı yığıntıdan 1 stəkan qaynar su ilə dəmləmə hazırlayıb gündə 3-4 dəfə, hər dəfə 1/3-1/2 stəkan yeməkdən 30 dəqiqə əvvəl qəbul edirlər.
Cəmil XƏLİLOV,
əczaçılıq elmləri namizədi