Adi cirə

Şorqoğalı, kökə və fəsəlisiz şirniyyat süfrəsi təsəvvür etmək çox çətindir. Cirə toxumları həvəngdəstədə yaxşıca döyülərək toz halına salınır və həmin şirniyyatların bişirilməsində istifadə olunur. Cirənin xoş ətirli toxumları bayram süfrəsini bəzəyən nemətlərin əsas ədviyyatlarından biri sayılır.
Kələm, pomidor, xiyar və s. tərəvəzlər turşuya qoyularkən cirənin xoş ətirli meyvəsi dadlı ədviyyə kimi əvəzsizdir. Kosmetik və ətriyyat məmulatlarının istehsalında da cirənin meyvəsi və efir yağı xoş iyli və dadlı qatqı kimi geniş istifadə olunur.

ADİ CİRƏ
Adi cirə – Anisum Vulgare Gaertn
Fəsiləsi: çətirçiçəklilər – Apiaceae
30-60 sm hündürlüyündə birillik ot bitkisidir. İçərisi boş, səthi şırımlı, budaqlı, dikdayanan gövdəsi və növbəli düzülmüş yarpaqları var. Kökyanı və gövdəsinin aşağı hissəsindəki yarpaqları uzunsaplaqlı, dəyirmi-böyrəkvarı və ya ürəkşəkilli formaya malikdir. Onların ayasının kənarı kəsikli dişli və ya dilimlidir. Gövdəsinin ortasındakı yarpaqları üçlüdür, pazşəkilli yan seqmentləri və üçdilimli təpə seqmenti var. Gövdəsinin yuxarı hissəsindəki yarpaqları oturaq, ikiqat lələkvari, xətvari- lansetşəkilli paylara malikdir. Gövdəsinin təpəsindəki yarpaqları üçbölümlüdür.

Adi cirənin ağ rəngli, xırda çiçəkləri budaqların sonunda 7-15 şüalı mürəkkəb çətirşəkilli çiçəkqrupuna toplanmışdır.
Meyvəsi yumurtaşəkillidir, üzəri seyrək tükcüklü, bir-birindən çətin ayrılan iki yarımmeyvədən ibarətdir. Meyvəsinin uzunluğu 5 mm-ə, eni 3 mm-ə qədər olur.
İyun-iyul aylarında çiçəkləyir, meyvəsi avqustda yetişir.
YAYILMASI
Adi cirənin vətəni Kiçik Asiyadır, onun sənaye əhəmiyyətli plantasiyaları Şimali Afrikanın, Cənubi Avropanın, Mərkəzi Amerikanın əksər ölkələrində salınıb. MDB məkanında isə Rusiyanın Voronej və Belqorod vilayətlərində, Şimali Qafqazda və Ukraynada geniş yayılıb.
Azərbaycanda Abşeron ərazisində həyətyanı sahələrdə məhdud miqdarda becərilir.
XAMMALI
Dərman xammalı kimi adi cirənin meyvəsi – Fructus Anisi istifadə olunur. Onu bitkinin meyvəvermə fazasında, çətirlərdəki meyvələrin 60-80 faizi yetişəndən sonra toplayırlar. Sahədəki bitkinin bütün yerüstü hissəsini biçir, dər-dər bağlayıb qurudur, sonra döyüb meyvələri ayıraraq qüsurlu və kənar hissələrdən təmizləyir və qablaşdırırlar.
KİMYƏVİ TƏRKİBİ
Adi cirənin meyvələrinin tərkibində 1,2 faizdən 6 faizə qədər efir yağı, 16-28,4 faiz piyli yağ, zülali maddələr aşkar edilmişdir. Efir yağının əsas komponenti anetol onun 80 faizini təşkil edir. Efir yağının tərkibinə anetoldan başqa metilxavikol, cirə aldehidi, cirə ketonu və cirə turşusu daxildir. Meyvələrdəki piyli yağın bərk hissəsi 29-31°C temperaturda əriyir və kakao yağının əvəzedicisi kimi təklif edilir.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Adi cirənin meyvəsinin farmakoloji xüsusiyyətləri tərkibindəki efir yağı və onun əsas komponenti olan anetol maddəsi ilə bağlıdır. Efir yağı spazmolitik, iltihab əleyhinə, sidikqovucu, bəlğəmgətirici təsir göstərir, südəmər körpəsi olan qadınlarda laktasiyanı (süd hasilatını) stimulə edir. Adi cirənin efir yağı mədə-bağırsaq traktında sorularaq mədənin sekresiyasını gücləndirir, sonra qismən bronxial vəziciklər tərəfindən ifraz olunur, tənəffüs yollarının mikroflorasına bakterisid təsir göstərir. Adi cirənin efir yağı bronxlarda anetolun ayrılması hesabına bəlğəmtəmizləyici təsir göstərir və tənəffüsün reflektor oyanmasına, tənəffüs yollarının kirpikli epitelinin fəallığının artmasına, traxeyaların, qırtlağın və bronxların selikli qişasının sekresiyasının güclənməsinə səbəb olur.

XALQ TƏBABƏTİNDƏ TƏTBİQİ
Hələ qədim zamanlarda yunanlar, romalılar və misirlilər iştahartırıcı vasitə kimi cirədən istifadə edirdilər.
Hind, bolqar, rus və s. xalqların təbabətində adi cirənin meyvələri sulu dəmləmə şəklində südəmər körpəsi olan qadınların südünü artırmaq üçün, həmçinin bəlğəmtəmizləyici, sidikqovucu, ödqovucu, hərarətsalıcı və s. təsirli vasitə kimi istifadə olunur.
Cirənin meyvəsi xalq təbabətində iştahasızlıqda, təngnəfəslikdə, ağrılı aybaşılarda, ishalda, bağırsaq qanaxmalarında tətbiq olunur.
Adi cirənin meyvəsinin dəmləməsi ilə yumurta zülalının qarışığı dəri yanıqlarının müalicəsində istifadə edilir.
ELMİ TƏBABƏTDƏ TƏTBİQİ
Adi cirənin meyvəsinin preparatları (dəmləmə, bişirmə, cirə ammonium damcısı, efir yağı) bir çox xəstəliklər əleyhinə işlədilir. Tənəffüs yolları xəstəliklərindən bronxitdə, traxeitdə, faringitdə, laringitdə, göyöskürəkdə, bronxopnevmoniyada, adi öskürəkdə, astmada, səs tutulduqda, xroniki tonzillitdə, bronxoektaziya xəstəliyində və s. tətbiq olunurlar.
Adi cirənin preparatları qastritdə, meteorizmdə, xroniki qəbizlikdə və mədə-bağırsaq traktı funksiyalarının digər pozğunluqlarında, həmçinin sidikqovucu, antiseptik və spazmolitik təsirli vasitələr kimi sistitdə, pielonefritdə, uretritlərdə, böyrəkdaşı və sidikdaşı xəstəliklərində istifadə edilir.
Mamalıq praktikasında və ginekologiyada cirənin meyvəsi köməkçi vasitə kimi doğuşu stimulə etmək üçün və ağrılı aybaşılarda istifadə olunur. Cirənin meyvəsi laktasiyanı stimulə edən yığıntıların tərkibinə daxildir.
RESEPTLƏR
1. Adi cirənin meyvəsinin dəmləməsi – İnfusum fructum Anisi vulqaris
1 çay qaşığı (5 qram) meyvələri emallı qaba yerləşdirib üzərinə 1 stəkan (200 ml) qaynar su əlavə edir, qaynar su hamamı üzərində 15 dəqiqə qızdırır, 45 dəqiqə müddətində otaq temperaturunda saxlayıb süzür və qaynanmış su əlavə edərək dəmləmənin həcmini 200 ml-ə çatdırırlar. Alınan dəmləməni gündə 3-4 dəfə, hər dəfə 1/4 stəkan yeməkdən 30 dəqiqə əvvəl qəbul edirlər.
2. Cirə ammonium damcısı – Liquor ammonii Anisatus
Tərkibi:
Cirə yağı – 3,3 qram
Ammonyak məhlulu – 16,7 qram
Etil spirti – 80 qram
Bəlğəmtəmizləyici vasitə kimi qəndin üzərinə damızdırıb içirlər. Böyüklər üçün birdəfəlik doza 5-10 damcı, 1 yaşa qədər uşaqlar üçün 1-2 damcı, 2-5 yaşında uşaqlar üçün 2-5 damcı, 6-12 yaşda uşaqlar üçün 6-12 damcı təşkil edir.
3. Cirə yağı – Oleum Anisi
Yuxarı tənəffüs yollarının katarında, bronxektaziya xəstəliyində 1-5 damcı daxilə qəbul edilir.
Adi cirənin meyvəsi iştahagətirici, tərqovucu, sinə, ödqovucu, sidikqovucu yığıntıların tərkibinə daxildir.
İştahagətirici mədə yığıntısı
Tərkibi:
Kövrək murdarça qabığı – 2 hissə
Xardal toxumu – 2 hissə
Cirənin meyvəsi – 2 hissə
Boymadərən otu – 1 hissə
Biyan kökü – 3 hissə
2 çay qaşığı yığıntıdan 200 ml (1 stəkan) su ilə bişirmə hazırlayıb gündə 2 dəfə, hər dəfə 1/2 stəkan qəbul edirlər.
Tərqovucu yığıntı
Tərkibi:
Söyüd qabığı – 1 hissə
Dəvədabanı yarpağı – 1 hissə
Cökə çiçəyi – 1 hissə
Moruq meyvəsi – 1 hissə
Cirənin meyvəsi – 1 hissə
1 xörək qaşığı yığıntının üzərinə 2 stəkan qaynar su əlavə edir, 5 dəqiqə qaynadır və tənzifdən süzürlər. Alınan bişirmə gecələr yatmazdan əvvəl 1 stəkan isti halda qəbul edilir.
Sinə yığıntısı
Tərkibi:
Dəvədabanı yarpağı – 1 hissə
Cirənin meyvəsi – 1 hissə
Gülxətmi kökü – 1 hissə
Biyan kökü – 1 hissə
1 xörək qaşığı yığıntının üzərinə 1 stəkan qarnar su əlavə edib 20 dəqiqə dəmləyi və tənzifdən süzürlər. Alınan dəmləmə gündə 3 dəfə hər dəfə 1/2 stəkan yeməkdən sonra qəbul edilir.

Cəmil XƏLİLOV,
əczaçılıq elmləri namizədi