İşlədici murdarça
Murdarçanın iki növü var: kövrək və işlədici murdarça. Əslində bu iki bitki bir ananın əkiz uşaqlarına bənzəyir. Hər ikisi xırda ağac və ya kol bitkisidir. Kimyəvi tərkibləri oxşardır, hər ikisinin əsas təsiredici maddələri antrasenin törəmələridir. Hər iki bitkinin preparatları tibdə işlədici vasitə kimi qəbizlik əleyhinə tətbiq olunur.
İşlədici murdarçanın kövrək murdarçadan fərqli xüsusiyyətləri də var. İşlədici murdarçanın yarpaqları qarşı-qarşıya yerləşdiyi halda kövrək murdarçanın yarpaqları növbəli düzülmüşlər. Əgər kövrək murdarçanın yarpaqlarının kənarları tamdırsa, işlədici murdarçanın yarpaqlarının kənarları dişli quruluşludur. İşlədici murdarçanın budaqları tikanlıdır, meyvəsində 3-4 çəyirdək olur. Əgər dərman xammalı kimi kövrək murdarçanın qabığından istifadə edirlərsə, işlədici murdarçanın meyvəsini toplayırlar.
İşlədici murdarça – Rhamnus cathartica L.
Fəsiləsi: murdarçakimilər – Rhamnaceae
İşlədici murdarça 1,5-5 m hündürlüyündə birevli, nadirən ikievli kol və ya xırda ağac bitkisidir. Gövdə və budaqlarının üzəri qırmızımtıl-qəhvəyi və ya tünd qəhvəyi qabıqla örtülmüşdür. Suprotiv (qarşı-qarşıya cüt-cüt) yerləşən və uc hissəsi tikanlı budaqları var. Yarpaqları yumurtavari və ya ellipsşəkilli formalı, saplaqlı, kənarı xırda dişlidir, bir-biri ilə qarşı-qarşıya yerləşir. Xırda, bircinsli, yaşılımtıl rəngli çiçəkləri var. Onlar 10-15 ədəd olmaqla yarpaqların qoltuğunda, uzun saplaqlar üzərində yerləşir. Meyvələri qara rəngli, parıltılı, kürəşəkilli çəyirdək meyvədən ibarətdir. Daxilində 3 ədəd, nadirən 4 ədəd uzunsov-yumurtavari formalı, üçtilli çəyirdəklər yerləşir.
May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabr aylarında yetişir.
İşlədici murdarça yabanı halda MDB-nin Avropa hissəsinin meşə, meşə-səhra və səhra zonalarında bitir. Bitki Qafqazda, Qərbi Sibirdə, Qazaxıstanda, Orta Asiyanın bəzi dağlıq rayonlarında yayılmışdır. Seyrək meşələrdə, meşələrin ətəklərində, kolluqlarda, çay vadilərində, meşə talalarında və başqa yerlərdə də rast gəlinir.
Azərbaycanda ona daha çox Böyük və Kiçik Qafqaz dağlarının meşəliklərində və kolluqlarda təsadüf edilir.
Dərman xammalı kimi işlədici murdarçanın meyvələrindən istifadə olunur. Meyvələr tam yetişdikdən sonra avqust-sentyabr aylarında toplanır, quruducu qurğularda və ya sobalarda 50-600 C temperatur şəraitində qurudulur. Qurudulmuş xammal 4 ilədək yararlı vəziyyətdə olur.
İşlədici murdarça meyvələrinin tərkibində 1-3 % antrasenin törəmələri, xeyli miqdarda flavonoidlər, pektin maddələri, üzvi turşular, şəkərlər və digər maddələr aşkar edilmişdir.
Antrasenin törəmələri əsasən franqulaemodin və franqulaemodin-antranolun qlikozidləri, o cümlədən ramnokatartin, josterin maddələri ilə, flavonoidlər isə ramnositrin, ramnetin, kversetin, kempferol, ksantoramnetin, kversitrin birləşmələri ilə təmsil olunmuşdur. Meyvələrin tərkibində sərbəst franqulaemodinə, franqulaemodin-antranola və xrizofan turşusuna da təsadüf edilir.
İşlədici murdarçanın meyvələri bitkinin adından da məlum olduğu kimi işlədici təsir göstərir. Bu, onların tərkibindəki antrasenin törəmələri ilə bağlıdır. Antrasenin törəmələri bağırsaqlarda emodinə və xrizofan turşusuna parçalanırlar, bu maddələr yoğun bağırsağın selikli qişasını qıcıqlandırır, tonusu yüksəldir və peristaltik hərəkəti gücləndirir. Nəticədə bağırsağın möhtəviyyatı hərəkətə gəlir və qəbizlik aradan qalxır.
Müasir tibdə xroniki qəbizlik, babasil, kolit və başqa xəstəliklərin müalicəsi zamanı işlədici murdarçanın meyvələrindən istifadə olunur. Onlar bişirmə, dəmləmə, ekstrakt formasında və yığıntıların tərkibində tətbiq olunur.
Reseptlər
1. İşlədici murdarça meyvələrinin bişirməsi – Decoctum fructuum Rhamni catharticae
1 xörək qaşığı xırdalanmış meyvələrin üzərinə 200 ml (1 stəkan) qaynar su əlavə edilir, 2-3 dəqiqə müddətində qaynadılır, sonra 2 saat müddətində dəmlənir və süzülür. Gecə yatmazdan əvvəl 1/2 stəkan qəbul edilir.
2. İşlədici murdarça meyvələrinin maye ekstraktı – Extractum fructuum Rhamni catharticae fluidum.
Gecə yatmazdan əvvəl 1 çay qaşığı qəbul edilir.
3. İşlədici yığıntı:
Səna yarpaqları – 6 hissə
Kövrək murdarça qabığı – 5 hissə
İşlədici murdarça meyvələri – 5 hissə
Cirə meyvələri – 2 hissə
Biyan kökləri – 2 hissə
1 xörək qaşığı yığıntının üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15 dəqiqə müddətində qaynar su hamamı üzərində qızdırılır, sonra otaq temperaturuna qədər soyudulur və süzülür.
Alınan dəmləmə gecə yatmazdan əvvəl 1/4-1/2 stəkan qəbul edilir.
Cəmil XƏLİLOV,
əczaçılıq elmləri namizədi.