Yatıqqanqal və ya üçbölümlü üçbarmaq
“İlan vuran ala çatıdan qorxar” deyimini çoxları eşidib, amma ilan vuranın üçbölümlü yatıqqanqalla şəfa tapdığını yəqin ki, çox az adam bilir. İlan sancma zamanı onun tətbiqi uğurlu nəticələr verir.
Yatıqqanqal gec çiçək açan dərman bitkilərindəndir. İti uclu toxumçadan ibarət və tərs yumurta şəkilli formada meyvələri olur. Yayın axırlarında çiçək açan bitkinin iti ucu toxumçalar vasitəsilə onun yanından keçən insanların paltarına, heyvanların tükünə yapışaraq yayılır.
Xalq təbabətində diatez zamanı yatıqqanqalın sulu dəmləməsindən müalicə məqsədilə istifadə olunur. Bir xörək qaşığı qurudulmuş ot bir stəkan qaynar suda dəmlənərək vannaya tökülür, diatez zamanı uşaqlar səhər və axşam həmin vannada çimizdirilir.
ÜÇBÖLÜMLÜ ÜÇBARMAQ (YATIQQANQAL)
Üçbölümlü üçbarmaq (yatıqqanqal ) – Bidens tripartita L.
Fəsiləsi: mürəkkəbçiçəklilər – Asteraceae
BOTANİKİ TƏSVİRİ
30-60 sm hündürlüyündə birillik ot bitkisidir. Milşəkilli, budaqlı, nazik, samanı-sarı rəngli kökləri var. Tək-tək yerləşən, dikdayanan, silindrşəkilli, qabırğalı, suprotiv budaqlı gövdələrə malikdir. Yarpaqları da suprotiv düzülmüşdür. Onların ayaları dərinüçlü, nadir hallarda beşli bölümlüdürlər. Gövdəsinin yuxarısındakı yarpaqları bütövdür.

Yarpaqların kənarı qeyri-bərabər mişardişlidir. Gövdə və budaqların sonunda səbətlərdən ibarət çiçək qrupları tək-tək yerləşmişdir. Çiçək səbətləri yastı və ya yarımkürə şəkillidir, sarı rəngli, ikicinsli, borucuqşəkilli çiçəklərdən təşkil olunmuşdur.
Meyvəsi yaşılımtıl-qəhvəyi rəngli, tərsinə yumurta şəkilli, uzunsov formalı, dördtilli, yastı toxumcadan ibarətdir.
İyun-sentyabr aylarında çiçəkləyir, meyvələri avqust-oktyabr aylarında yetişir.
YAYILMASI
Üçbölümlü üçbarmaq yabanı halda, Arktika müstəsna olmaqla, MDB-nin bütün Avropa hissəsinin ərazisində, Qafqazda, Orta Asiyada, Sibirdə və Uzaq Şərqdə yayılmışdır.
Azərbaycanda düzənliklərdən orta dağ qurşağına qədər olan bütün ərazisində təsadüf edilir.
Üçbölümlü üçbarmaq rütubəti sevən bitkidir, ona görə də, rütubətli çəmənliklərdə, çayların, kanalların, göllərin və digər su hövzələrinin ətrafında, bağ və bostanlarda, bataqlıqlarda, suvarılan əkin sahələrində və s. yerlərdə bitir.
Yabanı üçbölümlü üçbarmaq tələbatı ödəmədiyindən mədəni yolla becərilir.
XAMMALI
Dərman bitki xammalı kimi üçbölümlü üçbarmağın otu – Herba Bidentis istifadə edilir.
Otunu bitkinin qönçələmə fazasında toplayırlar. Bitkinin 15 sm-ə qədər olan yarpaqlı və qönçəli baş hissələrini, yan budaqlarını və yarpaqlarını kəsib götürür, havası dəyişilən mənzillərdə, dəmir örtüklü çardaqlarda və altıaçıqlarda kağızın, brezentin və ya parça materialın üzərinə nazik təbəqə ilə sərib qurudurlar.
Xammalı elektriklə işləyən quruducu qurğularda 35-40°C temperaturda da qurutmaq olar.
Qurudulmuş xammalın saxlanma müddəti 2 ildir.
KİMYƏVİ TƏRKİBİ
Üçbölümlü üçbarmaq otunun kimyəvi tərkibində efir yağı, darçın turşusunun törəmələri, aşı maddələri, polisaxaridlər, karotinoidlər, askorbin turşusu, flavonoidlər, kumarinlər, selik, acı maddələr, Mn (manqan) və digər mikroelementlər aşkar edilmişdir. Aşı maddələri kondensləşmiş qrupun nümayəndələri ilə, flavonoidlər isə lyuteolinlə təmsil olunmuşdur.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Üçbölümlü üçbarmaq otu tərqovucu, sidikqovucu, antiseptik, bakterisid, sakitləşdirici (sedativ), yarasağaldıcı, antiallergik, iltihabəleyhinə, spazmolitik və digər təsirlər göstərir, pozulmuş maddələr mübadiləsini normallaşdırır, həzmi yaxşılaşdırır.
Üçbölümlü üçbarmaq otunun farmakoloji fəallığı əsasən tərkibindəki Mn mikroelementi, askorbin turşusu, karotinoidlər və aşı maddələri ilə əlaqədardır. Mn müxtəlif ferment sistemlərinin tərkibində qanyaranma və qanın laxtalanma proseslərində, daxili sekresiya vəzilərinin fəaliyyətinə təsir göstərir.
Üçbölümlü üçbarmaq otundakı karotinoidlər iltihabkəsici və yarasağaldıcı təsirlərə malikdir.
XALQ TƏBABƏTİNDƏ TƏTBİQİ
Üçbölümlü üçbarmaq xalq təbabətinin çox qədim və populyar vasitələrindən biridir, həm daxili, həm də xarici xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Onun otu sulu dəmləmə şəklində xənazir (zolotuxa), podaqra, raxit, artrit, revmatizm, qaraciyər və dalaq xəstəliklərində, sızanaq, çiban, səpgi, ekzema və dərinin digər xəstəliklərində, tərqovucu və sidikqovucu vasitə kimi soyuqdəymə xəstəliklərində, həmçinin iştahartırıcı və həzm yaxşılaşdırıcı vasitə kimi həzm pozğunluğunda daxilə qəbul edilir.
Xalq təbabətində üçbölümlü üçbarmaq otunun bişirməsini baş ağrılarında daxilə qəbul edirlər, qorxmuş uşaqlara verirlər və əsəbi uşaqları bu bişirmə ilə çimizdirirlər.
Tibet təbabətində üçbölümlü üçbarmağı qanazlığı, ateroskleroz və vərəm xəstəlikləri əleyhinə istifadə edirlər.
Şərqdə üçbölümlü üçbarmağın yarpaqlarını dizenteriyada, ekzemada və oynaq xəstəliklərində tətbiq edirlər.
MDB ölkələrinin xalq təbabətində üçbölümlü üçbarmağın otunun sulu dəmləməsi və bişirməsi diatezdə, raxitdə, podaqrada, həmçinin, sidikqovucu və tərqovucu vasitə kimi istifadə olunur.
Xalq təbabətində üçbölümlü üçbarmağın təzə yarpaqlarını əzib xırdalayır və alınan kütləni irinli yaraların, xoraların üzərinə səpirlər və onların sağalmasını sürətləndirirlər.
Müəyyən edilmişdir ki, üçbölümlü üçbarmaq yerli hərarəti aşağı salır, yaranın səthini qurudur və sağalmanı tezləşdirir.
Üçbölümlü üçbarmağın xırdalanmış təzə otunu ilan sancmış nahiyənin üzərinə qoyurlar.

ELMİ TƏBABƏTDƏ TƏTBİQİ
Elmi təbabətdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olan uşaq xəstəliklərinin (səpgili müxtəlif diatezlərin, başın seboreyasının, xənazir (zolotuxa) xəstəliyinin və s.) müalicəsində üçbölümlü üçbarmaq otunun dəmləməsi içilir, eyni vaxtda bu dəmləmənin vannası qəbul edilir və dəmləmə islatma dərmanı kimi istifadə edilir.
Üçbölümlü üçbarmaq dəmləmə və bişirmə formasında daxilə tərqovucu və sidikqovucu, hərarətsalıcı vasitə kimi, iştahanı yaxşılaşdırmaq üçün, raxitdə, müxtəlif dəri xstəliklərində (ekzema, furunkulyoz, diatez və s.), podaqra və qaraciyər xəstəliklərində istifadə edilir. Məsələn, böyrək və sidik yollarının xəstəlikləinin müalicəsində üçbölümlü üçbarmaq otunu (2 hissə), ayıqulağı yarpağı (3 hissə), tozağacı tumurcuqları (1 hissə) ilə qarışdırıb yığıntı düzəldir və ondan bişirmə hazırlayıb qəbul edirlər.
Üçbölümlü üçbarmaq psoriazda, mikroblu ekzemada, yuvalı saçtökülmədə (keçəllikdə) də tətbiq edilir. Psoriozda və digər xəstəliklərdə üçbölümlü üçbarmaq otundan bişirmə hazırlanır və gündə 2-3 dəfə, hər dəfə 1/4 stəkan qəbul edilir.
Üçbölümlü üçbarmaq otundan hazırlanmış bişirmə sızanaqlarda, seboreyada kosmetik maskalar formasında istifadə olunur.
RESEPTLƏR
Üçbolümlü üçbarmaq otunun dəmləməsi – İnfusum herbae Bidentis
3 xörək qaşığı (10 qram) xırdalanmış xammalı emallı qaba yerləşdirib, üzərinə 1 stəkan (200 ml) qaynar su əlavə edir, qaynar su hamamı üzərində 15 dəqiqə müddətində qızdırır və 45 dəqiqə otaq temperaturunda saxlayıb süzür, xammalın qalığını sıxıb süzüntü ilə birləşdirir, qaynanmış su əlavə edərək dəmləmənin həcmini 200 ml-ə çatdırır və alınan dəmləmədən gündə 2-3 dəfə yeməkdən sonra 1/2 - 1/3 stəkan qəbul edirlər. İltihab və allergiya əleyhinə təsir göstərən vasitədir.
Üçbölümlü üçbarmaq ürək-damar sistemi, tənəffüs orqanları, mədə-bağırsaq traktı, böyrək və sidik yolları və dəri xəstəliklərinin müalicəsində işlədilən yığıntıların tərkibinə daxildir.
1. Ateroskleroz əleyhinə işlədilən yığıntı
Tərkibi:
Baykal başlıqotu kökü – 4 hissə
Adi damotu otu – 3 hissə
İstiotlu nanə yarpağı – 2 hissə
Bataqlıq qurucası otu – 3 hissə
Darçın itburnusunun meyvəsi – 3 hissə
Böyrəkçayı otu – 3 hissə
Aptek çobanyastığı çiçəkləri – 2 hissə
1 xörək qaşığı yığıntıdan 1 stəkan (200 ml) su ilə dəmləmə hazırlayaraq 1-ci və 2-ci mərhələdə olan hipertoniya xəstəliyində gündə 3 dəfə 1/3-1/4 stəkan qəbul edilir.
2. Hərarətsalıcı və tərqovucu yığıntı
Tərkibi:
Adi moruq meyvəsi – 3 hissə
Ürəkyarpaq cökə çiçəkləri – 3 hissə
Üçbölümlü üçbarmaq otu – 3 hissə
Adi qaraqınıq otu – 3 hissə
Yaz novruzçiçəyi otu və kökü – 3 hissə
İri atpıtrağı kökü – 4 hissə
Qara gəndalaş çiçəkləri – 2 hissə
1 xörək qaşığı yığıntıdan 1 stəkan (200 ml) qaynar su ilə dəmləmə hazırlayıb gündə 3-4 dəfə yeməkdən sonra isti halda 1/2-1/3 stəkan qəbul edirlər.
2. Psoriaz əleyhinə yığıntı
Tərkibi:
Üçbölümlü üçbarmaq otu – 3 hissə
Qara gəndalaş çiçəkləri – 2 hissə
Adi dazı otu – 3 hissə
İri dəmrovotu otu – 1 hissə
Ucaboy andız kökü – 3 hissə
Qarğıdalı saçağı – 2 hissə
Adi mərcangilə yarpağı – 2 hissə
Çöl qatırquyruğunun otu – 2 hissə
1 xörək qaşığı yığıntıdan 1 stəkan qaynar su ilə dəmləmə hazırlayaraq səhər və axşam yeməkdən sonra 1/2 stəkan qəbul edilir.
Cəmil XƏLİLOV,
əczaçılıq elmləri namizədi