Adi boymadərən

boymadrnLap qədim zamanlardan boymadərən dərman bitkisi kimi məlum idi. Troya müharibəsinin qəhrəmanı Axill boymadərən otunu yaraların müalicəsi zamanı tətbiq etmişdi. Bitkidən yaraların və qanaxmaların müalicəsində geniş istifadə edən Dioskorid onu “yara otu” adlandırırdı. Boymadərən Rusiyada da çoxdan bəri qanaxmanı dayandıran vasitə kimi istifadə edilir və  xalq arasında ona “kəsici ot”, “qanlı ot” kimi adları verilmişdir. Qədim rus salnamələrində məlumat verilir ki, rus knyazı Dmitri Donskoyun nəvəsinin burun qanaxması boymadərən otunun şirəsi ilə müalicə edilib.

Adi boymadərən – Achillea millefolium L.

Fəsiləsi: mürəkkəbçiçəklilər – Asteraceae

Botaniki təsviri

20-60 sm hündürlüyündə çoxillik ot bitkisidir. Sürünən, nazik, uzun, incə kökümsovu, onun üzərində yerləşən çoxsaylı nazik kökləri var. Bitkinin dik dayanan bir neçə gövdəsinin çiçək qrupları yerləşən yuxarı hissəsində budaqlanma müşahidə edilir. Gövdələr yüngülvari qabırğalıdır.

Bitkinin üstü tükcüklüdür. Yarpaqları lansetvari və xətvari formaya malikdir, ikiqat lələkvari yarılmış və çoxlu seqmentlər əmələ gətirmişdir, onlar da öz növbəsində 3-4 cüt dişşəkilli paylara bölünmüşlər. Kökyanı iri yarpaqları saplaqlıdır, gövdə yarpaqları oturaqdır, nisbətən xırdadır və növbəli düzülmüşlər.

Çiçəkləri səbətşəkilli olub gövdə və budaqların sonunda sıx yerləşərək qalxanvari çiçək qruplarını əmələ gətirmişlər. Səbətlər uzunsov yastı, yumurtavari formaya malikdir, onların kənarı boyunca 5 ədəd dişi dilcikvari çiçəklər, daxilində isə borucuqşəkilli ikicinsli çiçəklər yerləşmişlər.

Çiçəklərin kasacığı yoxdur, çiçək tacı isə ağ, nadirən çəhrayı rəngdə olur.

Meyvəsi yastı, uzunsov formalı, gümüşü-boz rəngli, 1,5-2 mm uzunluğunda toxumcadan ibarətdir. İyundan yayın sonuna qədər çiçəkləyir, avqustda meyvə verir.

Adi boymadərənin özünəməxsus səciyyəvi qoxusu vardır.

Yayılması

Adi boymadərən yabanı halda Sibirin və Uzaq Şərqin şimal rayonları, Orta Asiya, Qazaxıstan, Volqaboyunun səhra və yarımsəhra zonaları müstəsna olmaqla, demək olar ki, MDB-nin bütün ərazisində yayılmışdır.

Azərbaycanda Böyük və Kiçik Qafqaz, Talış dağ silsilələri, Naxçıvan Muxtar respublikası və s. ərazilərdə orta dağ qurşağından subalp qurşağa qədər olan sahələrdə təsadüf edilir.

Çəmənliklərdə, meşə talalarında, kolluqlarda, dərələrdə, əkin sahələrində, çaylaqlarda, yolların kənarında, yaşayış mənzillərinin ətrafında, otlu yamaclarda, bağlarda və s. yerlərdə bitir.

Xammalı

Dərman bitki xammalı kimi adi boymadərənin otu – Herba Millefolii və çiçəyi – Flores Millefolii istifadə olunur. Hər iki xammalı bitkinin çiçəklənmə fazasında toplayırlar. Otun xammalını tədarük etdikdə 15 sm-ə qədər uzunluqda yarpaqlı və çiçəkli baş hissələri, çiçəyin xammalını tədarük etdikdə isə çiçəyin saplağını 2 sm uzunluqda kəsib götürürlər və dəmir örtüklü çardaqlarda, yaxşı ventilyasiyalı altıaçıqlarda, açıq havada kölgəli yerlərdə kağızın və ya parçanın üzərinə 5-7 sm-lik təbəqə ilə sərib qurudurlar.

Qurudulmuş və qablaşdırılmış xammalın saxlanma müddəti iki ildir.

Kimyəvi tərkibi

Adi boymadərənin otunun və çiçəyinin xammalının tərkibində axillein alkaloidi, 0,8 faiz efir yağı, K və C vitaminləri, karotin, fitonsidlər, flavonoidlər, üzvi turşular, o cümlədən qarışqa, sirkə və izovalerian turşuları, qətran maddələri, asparagin, acı və büzücü maddələr, mikroelementlər, aşı maddələri və s. vardır.

Efir yağının tərkibinə proazulen, α-pinen, β-pinen, borneol, l-kamfora, sineol, kariofillen, tuyon, C10H15O tərkibli spirt və s. maddələr daxildir.

Farmakoloji xüsusiyyətləri

Adi boymadərənin kimyəvi tərkibində rəngarəng bioloji fəal maddələr olduğundan, çoxtərəfli farmakoloji təsirə malikdir. Onun tərkibində azulenlər, aşı maddələri və flavonoidlər var. Boymadərən qanaxmanı dayandırır, spazmolitik, antiallergik, bakterisid, iltihab əleyhinə, yarasağaldıcı və s. təsir göstərir. Adi boymadərənin preparatları (dəmləmə, bişirmə, maye ekstrakt və s.) meteorizmi azaldır, mədə-bağırsaq, öd yolları, sidik axarlarının spazmını aradan qaldırır, uşaqlıq əzələsinin tonusunu artırır.

Həmin preparatlar qanda trombositlərin sayını artıraraq qanın laxtalanmasını sürətləndirir və nəticədə qanaxma dayanır. Bundan başqa, adi boymadərənin tərkibində olan axillein alkaloidi də qankəsici təsirə malikdir və qanaxmanın dayandırılmasında mühüm rol oynayır.

Adi boymadərənin preparatları hipotenziv təsir göstərərək ürək döyüntülərinin sayını azaldırlar.

achillea millefoliumTibdə tətbiqi

Adi boymadərən Dioskoridin dövründən qanaxma əleyhinə və yarasağaldıcı kimi tanınan xalq təbabətinin qədim müalicə vasitəsidir.

Pliniyə görə boymadərən öz adını Axillesin şərəfinə almışdır, o da Telefüsun qılınc yarasını bu bitkinin otu ilə sağaltmış və boymadərənin şəfaverici gücə malik olduğunu sübut etmişdir. Məhz buna görə də boymadərən hal-hazıra qədər xalq təbabətində müalicə məqsədi ilə işlədilmiş və işlədilməkdə davam edir.

Elmi təbabətə isə bitki XX əsrin 40-cı illərində S. S. Bryuxonenko və M. M. Varlakovun apardığı elmi-tədqiqat işlərindən sonra daxil edilmişdir.

Adi boymadərənin otu və çiçəyinin preparatları (dəmləmə, bişirmə, maye ekstrakt, şirə və s.) effektli müalicəvi təsir göstərən vasitələr kimi həm daxili, həm də xarici xəstəliklərdə istifadə olunurlar.

Həmin preparatlar qanaxmanı dayandıran, yarasağaldıcı, iltihab əleyhinə və s. təsir göstərən vasitələr kimi uşaqlıq, mədə-bağırsaq, ağciyər və babasil qanaxmalarında, mədə və onikibarmaq bağırsaq xoralarında, dizenteriyada, sidik kisəsinin, yumurtalıqların, qaraciyərin, əsəb sisteminin xəstəliklərində, soyuqdəymələrdə, öskürəkdə, ishalda və s. xəstəliklərdə tətbiq olunur.

Boymadərənin dəmləməsi və s. preparatları iştahanı bərpa edən vasitə kimi iştahasızlıqda, həmçinin südəmər körpəsi olan qadınlarda süd hasilatını artırmaq üçün daxilə qəbul edilir, dəri yaralarında qanaxmaların qarşısını almaq və yaraların sağalmasını sürətləndirmək məqsədilə istifadə edilir.

Boymadərənin preparatları sakitləşdirici vasitələr kimi nevrasteniya və isteriyada istifadə olunur.

Boymadərəni zirə və şüyüdün meyvələri və pişikotunun kökü ilə qarışdırdıqdan sonra meteorizm əleyhinə də tətbiq edirlər.

Stomatitdə, diş ağrılarında və ağız boşluğunda xoşagəlməz qoxu olduqda boymadərənin dəmləməsi və ya bişirməsi ilə qarqara edilir.

Babasil xəstəliyində boymadərənin dəmləməsi və ya bişirməsi həm daxilə qəbul olunur, onunla imalə edilir, babasil düyünlərinin iltihabında və qanaxmalarda isə onların üzərinə boymadərənin soyuq dəmləməsi ilə isladılmış salfetlər qoyulur.

Uşaqlıq qanaxmalarında boymadərənin steril dəmləməsi və ya bişirməsi ilə isladılmış tamponlardan istifadə edilir.

Boymadərən otu və çiçəyinin dəmləməsi, bişirməsi başağrılarında, böyrəklərin və sidik kisəsinin xəstəliklərində, mədə ağrılarında, həmçinin soyuqdəymələrdə bəlğəmtəmizləyici vasitə kimi daxilə qəbul edilir.

Boymadərənin bişirməsi və ya şirəsini burun qanaxmalarında, dərinin xırda zədələnmələrində, kəsiklərdə və digər hallarda yerli təsir göstərən vasitə kimi məlhəm, islatma dərmanı və s. şəklində istifadə edirlər.

Qaraciyər və öddaşı xəstəliklərinin müalicəsində boymadərənin otunun şirəsi ilə balın qarışığı yaxşı effekt verir.

Bir çox xarici ölkələrdə də boymadərəndən müalicə məqsədləri üçün istifadə edirlər.

Fransada boymadərənin otunu tonuslandırıcı, diuretik (sidikqovucu) və mərkəzi sinir sistemini oyandırıcı vasitə kimi tətbiq edirlər.

Almaniyada boymadərənin otu mədə-bağırsaq traktının xəstəliklərində iştahaartırıcı kimi və xaricə yaraların müalicəsində istifadə olunur.

Bolqarıstanda boymadərənin yarpaqlarının və çiçəklərinin bişirməsi həm də qızılcada, revmatizmdə, qaraciyər xəstəliklərində, başağrılarında və qurd əleyhinə vasitə kimi tətbiq edilir.

Dərman formaları və istifadə qaydası

1.Boymadərən otunun dəmləməsi – İnfusum herbae Millefolii

2 xörək qaşığı (15 qr) xammalı emallı qaba yerləşdirir, üzərinə 1 stəkan (200 ml) qaynar su əlavə edir və qaynar su hamamı üzərində 15 dəqiqə müddətində qızdırır, otaq temperaturuna düşənə qədər (45 dəqiqə ərzində) saxlayıb soyudur, sonra süzürlər. Xammalın qalığını sıxıb süzüntü ilə birləşdirir, qaynanmış su əlavə edərək dəmləmənin həcmini 200 ml-ə çatdırırlar.

Gündə 2-3 dəfə, hər dəfə 1/2 – 1/3 stəkan isti halda yeməkdən 30 dəqiqə əvvəl qanaxmanı dayandıran vasitə kimi ağciyər, bağırsaq, uşaqlıq, babasil, burun, damaq və yaralarda baş verən qanaxmalarda, həmçinin qastritlərdə və mədə-bağırsaq xoralarında daxilə qəbul edirlər.

2.Boymadərənin maye ekstraktı – Extractum Millefolii fluidum

Gündə 3 dəfə, hər dəfə 40-50 damcı qəbul edirlər.

3.Boymadərənin şirəsi – Succus Millefolii

Boymadərən otunun təzə şirəsini bal ilə qarışdırıb gündə 3 dəfə, hər dəfə 1 çay qaşığı qəbul etmək iştahanı yaxşılaşdırır.

Boymadərən otu iştahagətirici, ödqovucu, mədə-bağırsaq xəstəlikləri, babasil və s. xəstəliklər əleyhinə işlədilən yığıntıların tərkibinə daxildir:

İştahagətirici yığıntı

Tərkibi:

Acı yovşan otu – 75 hissə

Adi boymadərən otu – 25 hissə

1 xörək qaşığı yığıntıdan 1 stəkan qaynar su ilə dəmləmə hazırlayıb gündə 3 dəfə 1 xörək qaşığı yeməkdən 15-20 dəqiqə əvvəl qəbul edirlər.

Qastrit əleyhinə yığıntı

Tərkibi:

Aptek çobanyastığı çiçəkləri – 20 hissə

Dərman gülümbaharı çiçəkləri – 20 hissə

İri bağayarpağı yarpaqları – 20 hissə

Adi boymadərən otu – 20 hissə

Üçbölümlü üçbarmağın otu – 20 hissə

1 xörək qaşığı yığıntıdan 1 stəkan qaynar su ilə dəmləmə hazırlayıb kəskin qastritdə gündə 3-5 dəfə, hər dəfə 1/2 -1/3 stəkan qəbul edirlər.

Babasil əleyhinə yığıntı

Tərkibi:

Dərman gülümbaharı çiçəkləri – 10 hissə

Adi boymadərən otu – 10 hissə

Uca andızın kökü – 15 hissə

Dərman adaçayının otu – 10 hissə

İkievli gicitkən otu – 15 hissə

İstiotlu nanənin otu – 10 hissə

Aptek çobanyastığı çiçəkləri – 10 hissə

Quşəppəyi otu – 10 hissə

Qara qovağın tumurcuqları – 10 hissə

1 xörək qaşığı yığıntıdan 1 stəkan qaynar su ilə dəmləmə hazırlayıb babasildə gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən əvvəl qəbul edirlər.

Cəmil XƏLİLOV,

əczaçılıq elmləri namizədi