Qaragilə - uzaqgörənlərin meyvəsi
Görəsən kosmonavtlar nə yeyir? Təbii ki, hamını maraqlandıran sualdır. Xüsusilə uzunmüddətli uçuşlar zamanı gəmi heyətinin qida menyusunun nədən ibarət olduğu hər kəs üçün düşündürücü məsələdir. Adi qaragilə kosmonavtların menyusuna daxil olan qidalar sırasındadır. Daha doğrusu, qidanın əvəzolunmaz tərkib hissəsidir. Qaragilənin ətli və tamlı meyvələri gözün görmə qabiliyyətinə çox müsbət təsir göstərir. Ona görə qaragilə ovçuların sevimli meyvəsidir. Onunla qidalanmaq ov zamanı qaranlıqda görməni yaxşılaşdırır.
ADİ QARAGİLƏ
Adi qaragilə – Vaccinium myrtillus L.
Fəsiləsi: mərcangilə – Vacciniaceae
Botaniki təsviri
Hündürlüyü 40 sm-ə qədər olan, yarpağını tökən kol bitkisidir. Çoxbudaqlı, dikdayanan və ya yarımqalxan gövdələri var. Cavan budaqları yaşıl rəngdə, itiqabırğalıdır.
Növbəli düzülən, yumurtaşəkilli, ellipsvari formalı və ya demək olar ki, dəyirmi, kənarı mişardişli, qısasaplaqlı, nazik, hamar, uzunluğu 10-25 mm, eni 8-20 mm olan yarpaqlara malikdir. Yarpaqların qoltuğunda tək-tək yerləşən çəhrayı rəngli, xırda, qısasaplaqlı çiçəkləri var.
Meyvəsi şirəli, qara-göy rəngli, diametri 6-13 mm olan kürəşəkilli giləmeyvədən ibarətdir. Meyvəsinin ətli hissəsi qırmızı-bənövşəyi rəngdədir. Çoxlu yumurtavari və xırda toxumları var.
May ayında çiçəkləyir, meyvəsi iyul-sentyabr aylarında yetişir.
Yayılması
Adi qaragilə yabanı halda MDB-nin Avropa hissəsində, Pribaltika, Belorus, Ukrayna, Qafqaz, Sibir, Uzaq Şərq və başqa yerlərdə yayılmışdır.
Azərbaycanda Böyük və Kiçik Qafqazın subalp və alp qurşaqlarında təsadüf edilir.
İynəyarpaqlı meşələrdə, xüsusilə şam ağacı və küknar meşələrində, xırda enliyarpaq meşələrdə, bataqlıqlaşmış düzənliklərdə, qarışıq meşələrdə, meşə ətəklərində bitir.
Xammalı
Dərman xammalı kimi adi qaragilənin meyvəsini – Fructus Myrtilli və zoğlarını – Cormus Myrtilli müalicə məqsədləri üçün istifadə edirlər.
Meyvələrini tam yetişən dövrdə, quru havada toplayır, iynəyarpaqlar, mamır, xırda budaqlar və digər qarışıqlardan təmizləyirlər. Onların yuyulub təmizlənməsinə icazə verilmir.
Təmizlənmiş xammalı əvvəlcə 35-40º C temperaturda 2-3 saat müddətində qızdırıb soluxdurur, sonra qurudulma prosesini quruducu qurğularda 55-60ºC temperaturda davam etdirib başa çatdırırlar. Yaxşı havada qurudulmanı xammalı parçanın və ya kağızın üzərinə 1-2 sm qalınlığında təbəqə ilə sərib çardaqlarda, altıaçıqlarda, havası yaxşı dəyişilən mənzillərdə və başqa yerlərdə aparmaq olar.
Qurudulmuş xammalın saxlanma müddəti 2 ildir.
Adi qaragilənin zoğlarını meyvəvermə fazası başa çatana qədər toplayırlar. Xammal qaragilənin gövdə və budaqlarının baş hissələrinin yarpaq, çiçək və qismən meyvələrinin qarışığından ibarətdir.
Kimyəvi tərkibi
Adi qaragilə meyvələrinin tərkibində 12%-ə qədər pirokatexinin törəmələri olan aşı maddələri, antosianlar, pektin maddələri, karotinoidlər, 30%-ə qədər şəkərlər, askorbin turşusu, 0,04% B qrupu vitaminləri, üzvi turşular – limon, alma, kəhrəba, kinə, benzoy, süd, quzuqulağı turşuları və s, mineral maddələr, o cümlədən 6 mq% Na, 51 mq% K, 10 mq% Ca, 6 mq% Mg, 13 mq% P, 7 mq% Fe, Mn və digər maddələr aşkar edilmişdir.
Adi qaragilə zoğlarının tərkibində 18-20% aşı maddələri, antosianlar, 2,2-2,8% saponinlər, arbutin, mirtillin və neomirtillin qlikozidləri, efir yağı, üzvi turşular (alma, limon, qall, benzoy, sirkə, quzuqulağı və digər turşular), Na, K, Mg, Ca, Fe, S, P, Cl, Mn və s. mineral maddələr, oleanol və ursul turşuları, flavonoidlər və d. maddələr var.
Farmakoloji xüsusiyyətləri
Adi qaragilə meyvələri büzücü, qankəsici, mikrob əleyhinə və çürüməyə qarşı təsir göstərir. Meyvələrindəki karotinoidlərin sayəsində görmə aparatının funksiyası və gecə görmə yaxşılaşır.
Adi qaragilə zoğlarının preparatları (dəmləmə, bişirmə, tinktura, ekstrakt) kardiotonik, sidikqovucu, ödqovucu, büzücü, iltihab və çürümə əleyhinə təsir göstərir.
Eksperimental tədqiqatlar müəyyən etmişdir ki, adi qaragilə zoğlarının spirtli ekstraktı və sulu dəmləməsi qanda şəkərin miqdarını azaldır. Bu, zoğların tərkibindəki mirtillin qlikozidi ilə əlaqədardır.
Xalq təbabətində tətbiqi
Adi qaragilə xalq təbabətinin ən populyar vasitələrindən biridir. O, dünyanın əksər ölkələrinin təbabətinə çoxdan məlumdur. Qədim təbiblərdən olan Dioskorid onu effektli müalicəvi təsirli vasitə kimi dizenteriya əleyhinə tövsiyə etmişdi.
Adi qaragilə xalq təbabətində geniş istifadə olunur. Onun meyvələrinin bişirməsi xalq təbabətində ishal, qastrit, bağırsaq katarı, böyrək və sidik kisəsi daşları, revmatizm, podaqra, qanazlığı və digər xəstəliklərin, meyvələrinin qatılaşdırılmış bişirməsi isə ekzema, yanıq, dəmrov və digər xəstəlik və zədələrin müalicəsində istifadə edilir.
Xalq təbabətində adi qaragilənin meyvələri və yarpaqları sulu dəmləmə və bişirmə formasında maddələr mübadiləsinin, o cümlədən mədə-bağırsaq fəaliyyətinin və həzm prosesinin pozğunluğunda, öddaşı xəstəliyində, ağız boşluğunun iltihabında, trofiki yaraların müalicəsində tətbiq olunur.
Adi qaragilə yarpaqlarının dəmləməsi və bişirməsi xalq təbabətində qusma əleyhinə, mədə spazmlarında, ödemlərdə, babasil qanaxmalarında, şəkərli diabet xəstəliyində istifadə olunur. Adi qaragilə meyvələrinin bişirməsi ilə yuxarı tənəffüs yolları, udlaq, ağız boşluğunun iltihabi xəstəliklərində (stomatit, gingivit və s.), anginada və s. qarqara edilir.
Elmi təbabətdə tətbiqi
Adi qaragilə elmi təbabətdə bir çox xəstəliklərin kompleks müalicəsində istifadə edilir.
Adi qaragilə meyvələri dəmləmə, bişirmə, kisel və s. şəkildə zərif büzücü təsirli vasitə kimi mədə-bağırsaq traktının ishalla müşayiət olunan kəskin və xroniki pozğunluqlarında, kolit, enterokolit, dizenteriya, sidik kisəsindəki iltihabi proseslərdə, mədə və onikibarmaq bağırsaq xoralarında və s. tətbiq olunur.
Adi qaragilə meyvələrinin preparatları (dəmləmə, bişirmə və s.) uşaqlarda ishal əleyhinə daha çox təyin edilir, xoşagələn dadı və nəzər-diqqəti cəlb edən xarici görünüşü olduğundan, uşaqlar tərəfindən həvəslə qəbul edilir. İshalın müalicəsində adi qaragilənin təzə meyvələrindən, ondan hazırlanmış sulu dəmləmədən, kiseldən və s. istifadə olunur.
Adi qaragilə meyvələri pəhriz və müalicəvi təsirli vasitə kimi sistitlərdə və şəkərli diabetin yüngül formalarında tətbiq olunur.
Şəkərli diabet əleyhinə adi qaragilə zoğlarının (yarpaqlarının) dəmləməsi də istifadə edilir.
Gözün görməsindəki pozğunluqları aradan qaldırmaq üçün Fransada adi qaragilə meyvələrindən tərkibi bioflavonoidlərdən və β-karotindən təşkil olunmuş “Difrarel” preparatı yaradılmışdır.
Adi qaragilə kosmonavtların menyusunun əvəzedilməz tərkib hissəsidir.
Adi qaragilə meyvələri mürəbbə, cem, kisel, şərbət, kompot, şərab, likor və s. məmulatların hazırlanmasında xammal kimi geniş istifadə olunur.
Dərman formaları və istifadə qaydası
1.Adi qaragilənin meyvəsinin bişirməsi – Decoctum fructum Myrtilli
1 xörək qaşığı qurudulmuş və xırdalanmış meyvələri emallı qaba yerləşdirib üzərinə 1 stəkan qaynar su əlavə edir və 30 dəqiqə müddətində qaynar su hamamı üzərində qızdırır, 10 dəqiqə otaq temperaturunda saxlayıb süzür, xammalın qalığını sıxıb süzüntü ilə birləşdirir, qaynadılmış və soyudulmuş su əlavə edərək bişirmənin həcmini 1 stəkana (200 ml-ə) çatdırırlar. Alınan bişirmədən gündə 5-6 dəfə hər dəfə 1/4 stəkan qəbul edirlər.
2. Adi qaragilənin yarpaqlarının dəmləməsi – İnfusum folii Myrtilli
1-2 çay qaşığı qurudulmuş və xırdalanmış yarpaqlardan 1 stəkan qaynar su ilə dəmləmə hazırlayaraq gündə 3 dəfə, hər dəfə 1/3 stəkan qəbul edirlər.
3. Mirtilene forte – Mirtilene forte
Adi qaragilə meyvələrindən alınmış quru ekstraktdan ibarətdir. O, 177 qr dozada kapsullarda buraxılır.
Gözün torlu qişasının distrofiyasında, kataraktada, diabetik retinopatiyada, hemeralopiyada gözün görmə funksiyasını yaxşılaşdırmaq üçün tətbiq edilir.
Adi qaragilə meyvələri və yarpaqları (zoğları) ishal, mədə və onikibarmaq bağırsaq xoraları və s. xəstəliklər əleyhinə işlədilən yığıntıların tərkibinə daxildir.
İshal əleyhinə yığıntı
Tərkibi:
Adi qaragilə meyvələri – 25 hissə
Düzqalxan qaytarmanın kökümsovu – 12,5 hissə
Qumluq ödotu çiçəkləri – 12,5 hissə
Dərman adaçayının yarpaqları – 37,5 hissə
Adi zirənin meyvələri – 12,5 hissə
1 xörək qaşığı yığıntıdan 1 stəkan qaynar su ilə dəmləmə hazırlayıb gündə 3-4 dəfə yeməkdən 15 dəqiqə əvvəl 1/2 stəkan qəbul edirlər.
Mədə və onikibarmaq bağırsaq xoraları əleyhinə yığıntı
Tərkibi:
Dərman gülxətmisinin kökü – 1 hissə
Çılpaq biyanın kökü – 1 hissə
Boz qızılağacın hamaşmeyvəsi – 1 hissə
Dərman gülümbaharının çiçəkləri – 1 hissə
Adi boymadərənin otu – 1 hissə
Bataqlıq qurucasının otu – 1 hissə
Uca andızın kökü – 1 hissə
Dərman pişikotunun kökü – 1 hissə
Aptek çobanyastığının çiçəkləri – 1 hissə
Adi qaragilə meyvələri – 1 hissə
1 xörək qaşığı yığıntıdan 1 stəkan qaynar su ilə dəmləmə hazırlayıb gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/3–1/2 stəkan qəbul edirlər.
Şəkərli diabet əleyhinə yığıntı
Tərkibi:
Ucaboy zamanixanın (exinopanaksın) kökü – 1 hissə
Çöl qatırquyruğunun otu – 1 hissə
Darçın itburnusunun meyvələri – 1 hissə
Üçbölümlü üçbarmağın otu – 1 hissə
Uca andızın kökləri – 1 hissə
Adi qaragilənin yarpaqları – 2 hissə
Adi dazının otu – 1 hissə
Aptek çobanyastığının çiçəkləri – 1 hissə
İstiotlu nanənin otu – 1 hissə
1 xörək qaşığı yığıntını 1 stəkan qaynar su ilə dəmləyərək gündə 3 dəfə yeməkdən əvvəl 1/3 stəkan qəbul edirlər.
Yeri gəlmişkən
Adi qaragilə meyvələri gecə vaxtı gözün görmə qabiliyyətini gücləndirir və gözlərin qaranlıqda yorulmasını azaldır. Məhz bu xüsusiyyətlərinə görə adi qaragilə meyvələri, demək olar ki, həmişə MDB-nin şimal regionlarında yaşayan ovçular tərəfindən istifadə edilir.
Cəmil XƏLİLOV,
əczaçılıq elmləri namizədi