Pankreatitlər

pankreatitPankreatit – mədəaltı vəzin iltihabi xəstəliyidir. Pankreatitlər gedişinə görə iki yerə bölünür: kəskin və xroniki pankreatitlər.

Kəskin pankreatit

Kəskin pankreatit mədəaltı vəzin kəskin iltihabi zədələnməsidir. Bu zaman pankreonekroz baş verir. O, xəstəxanaya kəskin qarın diaqnozu ilə daxil olanların 1-2% - ində aşkar olunur. ABŞ-da hər 100 min əhalinin 40 nəfərində kəskin pankreatitə rast gəlinir. Digər ölkələrdə bu göstərici 5-80 arasında dəyişir.

Etiologiya və patogenez

Əsas səbəbi pankreatik axarın keçiriciliyinin pozulması – obstruksiyası nəticəsində mədəaltı vəzin sekresiyasında təzyiqin artmasıdır. Bu da öz növbəsində mədəaltı vəzin axarlarının şaxələrində təzyiqin artmasına, axarın divarının dağılmasına gətirib çıxarır. Pankreatik şirə aktivləşir ki, o da öz növbəsində proteolitik xassələrə malikdir. Nəticədə tripsinogen tripsinə çevrilir, mədəaltı vəzin toxumasına təsir edir. Pankreatik axar 70 % hallarda onikibarmaq bağırsağa düşməzdən əvvəl ümumi öd axarı ilə birləşdiyindən onun tutulması nəticəsində kəskin pankreatitlə yanaşı öddaşı xəstəliyi də əmələ gəlir.

Bir çox alimlər belə hesab edirlər ki, mədəaltı vəzin axarına duodenal möhtəviyyatın reflyuksu nəticəsində tripsin enterokinaza ilə aktivləşərək kəskin pankreatitin yaranmasına səbəb olur. Duodenopankreatik reflyuksun yaranmasına səbəb bir çox faktorlar - kəskin alkoqol intoksikasiyası, çox yağlı və kəskin qida qəbulu, kəskin nəzərəçarpan duodenit, onikibarmaq bağırsağın diskineziyası ilə müşayiət olunan öddaşı xəstəliyi, Oddi sfinkterinin xəstəliyi, cərrahi travmalar və s. səbəb ola bilər. Çox zaman kəskin pankreatit hiperlipidemiyanın ağırlaşması kimi də meydana çıxa bilər.

Fermentlərdən tripsin və lipaza vəzin toxumasının autolizinə səbəb olur. Disseminə olunmuş damardaxili laxtalanma sindromunun bu prosesə qoşulması vəziyyəti daha da ağırlaşdırır. Onikibarmaq bağırsağın böyük məməciyinin (Fater məməciyi) birləşdirici-iltihabi stenozu nəticəsində yaranan allergik reaksiyalar, qarının travmaları, uzunmüddətli steroid terapiyası, müxtəlif infeksion xəstəliklər (infeksion paratif), mədə xorasının mədəaltı vəziyə penetrasiyası və digərləri bu xəstəliyin əmələ gəlməsinə səbəb olur.

Klinik şəkli

Kəskin pankreatitlərin klinikası variabeldir: yüngül  tutmalardan başlamış epiqastral nahiyədə ölümə səbəb olan tutmalara qədər əlamətlərlə müşahidə olunur. Kəskin pankreatitin əsas əlamətləri bunlardır: alkoqol və çox yağlı qida qəbulundan sonra yaranan və epiqastral nahiyədə birdən meydana çıxan tutmaşəkilli ağrı, qusma, damar kollapsı, qızdırma, hiperamilazuriya.

Klassik hallarda kəskin pankreatit klinik cəhətdən çox sürətlə davam edir. Bir neçə saatdan bir kəskin tutma epiqastral nahiyədə, sol qabırğa altında ağrı şəklində olur, kürəyə də irradiasiya edir. Bəzən kəmərvari olur. Qarın köpmüş, sol yuxarı kvadrantda gərgin və ağrılıdır. Ümumi baxış zamanı dəri örtüklərinin (damar kollapsı nəticəsində) solğun, bəzən də sianozla birgə olması görünür. Tənəffüs və ürək çatışmazlığı nəticəsində ümumi intoksikasiya ilə əlaqədar hemorragik diatez yaranır. Bir sıra hallarda qarının yan divarında göy-bənövşəyi ləkələr (Qrey-Ferner simptomu), qarının ön divarında və göbək ətrafında ekximozlar (Qreynhvald simptomu) görünür. Toksiki şok simptomları aydın nəzərə çarpır. Nəbz zəif, kiçik, tez-tez, bəzən sapvari olur. Xəstənin ümumi vəziyyəti çox ağır olur. Ağır hallarda ağrılardan bir az sonra qızdırma, bəzi hallarda isə bədənin temperaturunun normadan aşağı düşməsi müşahidə olunur. Meteorizm, nəcis ifrazının ləngiməsi, çox vaxt isə ishal müşahidə olunur. Bir qədər sonra şişmiş mədəaltı vəzinin, ümumi öd axarını basması və ya axarın daş ilə tutulması nəticəsində sarılıq yaranır. Hemorragik pankreatitdə qarnın yan şöbələrinin perkussiyası nəticəsində ekssudat müşahidə edilir. Neytrofil leykositoz olur və EÇS artır.

Diaqnostik cəhətdən sidikdə və qan zərdabında amilaza kəskin artır. Sidikdə amilazanın çox kəskin (birə on dəfə artıq) artması, qan zərdabında isə amilaza və diastazanın kəskin artması kəskin pankreatitə diaqnoz qoymağa imkan verir. Hiperqlikemiya və qlükozuriya aşkar olunur. Qan zərdabında tripsin, lipaza artır, daha az proteinuriya müşahidə edilir. USM (exoqrafiya) mədəaltı vəzin ödemini və nekrozunu təyin etməyə kömək edir.

Kəskin pankreatitdən sonra mədəaltı vəzin yayılmış absesi, piylik toxumasının empieması, dalaq venasının tromboflebiti əmələ gəlir. Xəstənin ölümü vəzin kəskin intoksikasiyası ilə əlaqədar autolizi, şoku, damar kollapsı, böyrəküstü vəzin ikitərəfli nekrozu (vazoaktiv maddələrin ayrılması) nəticəsində baş verir. Əgər xəstə kəskin dövrdə olursa, mədəaltı vəzin psevdokistləri, kalsifikatları yaranır. İllər keçdikcə kəskin pankreatit xroniki pankreatitə və şəkərli diabetə keçir.

Müalicə

Kəskin pankreatitli xəstəni o dəqiqə xəstəxananın cərrahi şöbəsinə yerləşdirmək lazımdır. Çox hallarda müalicə konservativ aparılır. Mədəaltı vəzini ac saxlamaq, qələviləşdirmək, mədə şirəsini daima zondlama üsulu ilə sormaq lazımdır. İlk günlər qarının yuxarı hissəsinə soyuq qoyulur.

Profilaktika

Pəhriz və qidalanma rejiminin gözlənilməsi, alkoqolla mübarizə, öddaşı xəstəliyi olanda xolesistoektomiya profilaktikanın əsas meyarıdır.

Xroniki pankreatit

Xroniki pankreatit – mədəaltı vəzin xroniki iltihabi-distrofik xəstəliyi olub, onun axarlarının keçiriciliyinin pozulması, parenximasının sklerozu, ekzokrin və  endokrin funksiyalarının dəyişməsinə səbəb olur.

Xroniki pankreatit birincili və ikincili olur. İkincili (yanaşı) xroniki pankreatit digər həzm sistemi xəstəlikləri fonunda (mədə və onikibarmaq bağırsaq xorası, öd yollarının iltihabi xəstəlikləri) inkişaf edir.

Etiologiya və patogenez

Alkoqol, öd yolları və qaraciyər xəstəlikləri onikibarmaq bağırsağın, böyük duodenal məməciyin xəstəlikləri, alimentar faktor – çoxlu miqdarda yağlı, kəskin, qızarmış qidaların qəbulu, A hipovitaminozu, vitamin və zülal çatışmazlığı, dərman preparatlarının təsiri – sitostatiklər, estrogenlər, qlükokortikoidlər və s., virus infeksiyası, hepatit B, vəzin özünün qan dövranının pozulması hiperlipoproteinemiya, hiperparatireoz (10-19 %), keçirilmiş kəskin pankreatit (10%) və genetik meyllik və s. əsas səbəblərdir. Xroniki pankreatitdə etioloji faktorları 60-80% xəstələrdə aşkar etmək olur. Qalan hallarda səbəbi müəyyənləşdirmək olmur. Bu halda xəstəliyi idiopatik xroniki pankreatit adlandırmaq lazımdır.

Alkoqolun və başqa amillərin təsirindən onikibarmaq bağırsağın selikli qişasında distrofik, atrofik dəyişikliklər gedir. Bu onikibarmaq bağırsaq sekretinin və xolesistokinin – pankreozamin ifrazının pozulmasına gətirib çıxarır. Sekretin pankreotik şirənin həcmini requlə edir. Bikarbonatların miqdarına təsir edir, duodenal motorikanı azaldır. Onikibarmaq bağırsaqda, pankreotik şirədə təzyiq azalır, Oddi sfinkterinin spazmı yaranır.

Kliniki şəkli

Ağrı, dispeptik sindrom, arıqlama, pankreotik ishal, sarılıq, dəri səpgiləri, epiqastriada ağrı, sidiyin tündləşməsi, nəcisin rəngsizləşməsi, çəkinin aşağı düşməsi, mədəaltı vəzin başının böyüməsi və s. əsas klinik əlamətlərdir.

Qanın ümumi analizində EÇS-in artması, leykositlərin sola meylliliyi, sidiyin ümumi müayinəsində isə bilirubinin üstünlüyü, sarılıq variantında urobilinin olmaması, kəskinləşmə zamanı α-amilazanın artması müşahidə edilir.

Qanın biokimyəvi analizində α-amilazanın artması (norma 16-30 q/saat litr), lipaza (norma 22-193 V/litr), tripsin (10-60 ml kq/litr), γ-qlobulinlərin, sial turşularının, seromukoidin artması, albuminin isə azalması müəyyən edilir.

Müalicə

Etioloji müalicə aprılır. Antibakterial və analgetik preparatlar təyin edilir. İntoksikasiya, susuzlaşma və damar çatışmazlığı ilə mübarizə aparılır. Həmçinin bununla yanaşı müalicəvi qidalanma – pəhriz və fitoterapiya təyin edilir.

Son zamanlar mədəaltı vəzin xəstəliklərində müalicədə dərman bitkilərindən geniş istifadə edilir.

Dişqurtlayan – Ammi visnaga

Bu bitkinin meyvələrindən hazırlanan kellindən toz və tablet formada öd kisəsi, qaraciyər və mədəaltı vəzin xəstəliklərində spastik vəziyyətləri aradan götürmək üçün istifadə edilir.

Adi mayasarmaşığı – Humulus lupulus

Mayasarmaşığının qurudulmuş qozalarından hazırlanan toz və tinkturasından mədə və bağırsaq xəstəliklərində həzm prosesini və maddələr mübadiləsini yaxşılaşdırmaq üçün dərman kimi istifadə edilir.

Nanə – Mentha

Onun yarpaqlarında hesperidin, insol, deanol turşuları, karotin, aşı maddələri, mikroelementlər vardır. Mədəaltı vəzin sekresiyasını qüvvətləndirir, iştahanı artırır, ödün ifrazını çoxaldır, spazmı aradan qaldırır, bağırsağın, öd yolunun və digər sekresiya vəzilərinin axarlarının, sidik yollarının saya əzələlərinin tonusunu azaldır.

Otsarmaşığı – Convovulus

Saya əzələlərinin tonusunu aşağı salır, antisekretik xassəyə malikdir. Həzm orqanlarında maddələr mübadiləsinin tənzimləyicisi kimi spazmı aradan götürür, sekresiya vəzilərinin həm xarici, həm də daxili funksiyalarını normallaşdırır. Antiseptik təsirlidir.

Xaçgülü – Senecio

Qarın boşluğunun saya əzələsinin spazmında, spastik kolitlərdə, mədə və onikibarmaq bağırsaq xorasında, xroniki pankreatitlərdə spazmolitik, ağrıkəsici təsiri güclüdür.

Şeytanağacı (qlediçiya) – Gleditschia

Yarpaqlarından spazmı aradan qaldıran, ağrını götürən bir vasitə kimi bir çox həzm xəstəliklərində - mədə və onikibarmaq bağırsaq xorasında, spastik kolitlərdə, kəskin və xroniki pankreatitlərdə, xolesistitdə istifadə edilir.

Bədrənc (Ballı nanə) – Melissa

Xalq təbabətində qurudulmuş bədrənc otundan çay dəmlənib içilir, mədə və bağırsaq ağrılarını azaltmaq, köpü aradan götürmək, maddələr mübadiləsini və həzmi yaxşılaşdıran vasitə kimi istifadə edilir.

Gülümbahar – Calendula

Sulu dəmələməsi maddələr mübadiləsini tənzimləyir, mədə xorasında, öd yolları və mədəaltı vəzin xəstəliklərində istifadə olunur.

Nigar RZAYEVA,

Nəsimi rayonu, 20 saylı poliklinikanın həkim-terapevti.