Qan-qırmızı yemişan (Crataegus sanguinea)

yemisanTarixi məlumat: Yemişan bitkisi haqda ilk məlumatlara eramızdan əvvəl 372-287-ci illərdə yaşamış qədim yunan filosofu Feofrastın kitablarında rast gəlinir. Sonralar, bizim eranın I əsrində Dioskorid öz əsərlərində yemişanı mədə-bağırsaq sisteminin xəstəliklərində, piylənmədə, qanaxmalarda və böyrəklərin funksional pozğunluğunda, xüsusən də sidik daşı xəstəliyində istifadə etməyi məsləhət görmüşdü. Avropanın elmi təbabətinə isə bu bitki XIX əsrdə gəlib.

Botaniki xarakteristikası: Yemişan gülçiçəklilər (Rosaceae) fəsiləsinə aid kol, nadir hallarda isə kiçik ağac bitkisidir. Hündürlüyü 5 m, bəzən isə 10-12 m-ə qədər olur. Cavan zoğları qızılı-qəhvəyi rəngdə, parlaq olur, üzərində uzunluğu 4 sm-ə qədər seyrək yoğun tikanlar düzülür. Yarpaqlarının hər iki üzü tüklü, yumurtavari, kənarları iri dilimlidir, yayda tünd-yaşıl, payızda isə narıncı-qırmızı rəngdə olur. Çiçəkləri xırda, ağ və ya açıq çəhrayı ləçəklidir, 4-5 sm diametrli qalxan çiçək dəstəsində toplanıb. Meyvəsi 8-10 mm diametrli, 3-4 bəzən isə 5 çəyirdəkli giləmeyvədir. Qırmızı, narıncı, çəhrayı, sarı və ya qara rənglərdə ola bilir.

May-iyun aylarında çiçəkləyir, meyvələri isə sentyabr-oktyabrda yetişir. Çoxlu çiçək açır, lakin çiçəkləri çox tez, bəzən 2-3 günə solur. Ağac 10-15 yaşlarında bar verməyə başlayır və 400 ilə qədər ömür sürə bilir. Yemişan toxumla, çilinglə və kök artımları ilə çoxalır.

Yayılması və ekoloji xüsusiyyətləri: MDB-nin avropa hissəsində, Şərqi Sibirdə, Qazaxstan ərazisində bitir. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında geniş yayılıb. Daha çox seyrək enliyarpaqlı, iynəyarpaqlı və qarışıq meşəliklərdə, çay kənarlarında və talalarda bitir.

Dərman xammalı kimi: Yemişanın çiçəkləri və meyvələri istifadə olunur. Çiçəkləri yazda çiçəklənmənin ilk dövrlərində yığılır. Bu zaman çiçəklərin yarısı açılmamış olmalıdır. Lakin çiçəkləri heç açılmamış çiçək dəstələri yığılmır, çünki bunlar çox gec quruyur və çox vaxt rəngi bozarır. Yığım mütləq şeh quruduqdan sonra, quru havada aparılır. Toplanmış çiçəklər 1-2 saatdan gec olmayaraq çardaqlarda, yaxşı havalanan otaqlarda və ya quruducu şkaflarda 400C temperaturda qurudulmalıdır. Qurudulma zamanı çiçəklər nazik qatla sərmək və vaxtaşırı çevirmək lazımdır. Belə şəraitdə hazırlanmış xammalın istifadə müddəti 2 ildir. Xammal zəif özünəməxsus ətrə və acıtəhər dada malikdir.

Yemişanın meyvəsi isə yetişməyə başladıqdan sonra, yəni sentyabrın sonlarından ilk şaxtalara qədər yığılır. Yığılmış meyvələr ya günəş altında, ya da quruducu şkaflarda 700C temperaturda qurudulur. Təbii qurutma zamanı 1 kv.m sahəyə 4-5 kq meyvə sərilir. Xammalın istifadə müddəti 8 ildir. Quru meyvələrin üzərində bəzən ağ ərp olur. Bu, kristallaşmış şəkərdir. Xammalın zəif ətrə və turşməzə dada malikdir.

Tibbi praktikada tikanlı yemişanın da sitifadəsinə icazə verilib. Bu növ zoğlarının üzərində uzun (25 sm-ə qədər) tikanların olması ilə fərqlənir. Tibbdə həmçinin beşbarmaq yemişan istifadə olunur. Bu ağacın meyvələri qara olur və üzəri mavi rəngli ərplə örtülü olur.

yemisan1Bioloji aktiv maddələr: yemişan çiçəklərində flavonoidlər (kversetin, kversitrin), karotinoidlər, asetilxolin, xolin, efir yağları, oleanol, qəhvə və ursul turşuları, aşı maddələri, makroelementlərdən K, Ca, Mg, Fe, mikroelementlərdən isə Mn, Se, Mo, Cu, Zn və s. maddələr var.

Meyvələrinin tərkibində isə flavonoidlər (kversetin, hiperin, viteksin), üzvi turşular (limon, oleanol, ursul, qəhvə, xlorogen, kratequs və s.), karotinoidlər, aşı maddələri, piyli yağlar, pektinlər, xolin, C, E və K vitaminləri və şəkərlər, həmçinin makro və mikroelementlər var.

Farmakoloji xüsusiyyətləri: Həm meyvələr, həm də çiçəklər əsasən kardiotonik təsir göstərir. Ürək əzələsinin işini yaxşılaşdıraraq, onun tez yorulmasının qarşısını alır. Bundan əlavə yemişan meyvələri ritm pozğunluğunu da aradan qaldırır. Maraqlısı budur ki, yemişan meyvələrinin və çiçəklərinin dəmləmələri seçici olaraq koronar və beyin qan damarlarını genişləndirir və bu orqanların qan dövranını yaxşılaşdırır. Buna görə də yemişanın məhz sinir sistemi və ürək xəstəlikərində istifadəsi məsləhətdir. Yemişanın meyvə və çiçəkləri həm də qan damarlarının divarının keçiriciliyini azaldır, özü də çiçəklər meyvələrdən daha güclü təsirə malikdir. Yemişan şirəsi ürəyin işini və qan təzyiqini tənzimləyir, qanda xolesterinin miqdarını azaldır, mərkəzi sinir sistemi və sidik-cinsiyyət orqanlarının fəaliyyətinə müsbət təsir göstərir. Bundan əlavə yuxunu və xəstələrin ümumi vəziyyətini yaxşılaşdırır, ağır xəstəliklərdən sonra sağalmanı sürətləndirir.

Tibdə istifadəsi: Tibdə yemişanın meyvə və yarpaqlarından, həmçinin onlardan hazırlanan preparatlardan ürək fəaliyyətinin funksional pozğunluqlarında, hipertoniya xəstəliyində, stenokardiya və angionevrozlarda, səyirici aritmiyada, paroksizmal taxikardiyada, aterosklerozda, klimakterik nevrozlarda və qalxanabənzər vəzin fəaliyyətinin yüksəlməsi zamanı istifadə olunur. Ekstraktı hipolaktiya (süd ifrazının azalması) zamanı laktasiyanı artırır və südəmər körpələrdə dispeptik əlamətləri (köp, gəyirmə) aradan qaldırır.

Xalq təbabətində istifadəsi: Yemişanın cavan budaqlarının yazda yığılmış qabığından xalq təbabətində qızdırmasalıcı və ishal əleyhinə vasitə kimi istifadə olunur. Çiçəklərindən hazırlanmış dəmləmə isə yuxusuzluq, hipertoniya xəstəliyinin müalicəsi və klimaks dövründə yaxşı effekt verir. Meyvələrindən isə qida borusunun nevrozlarında, dəri, qaraciyər və öd yollarının xəstəliklərində, həmçinin ürək xəstəliklərində, aritmiyalarda, başhərlənmə, təngnəfəslik və yuxusuzluq zamanı istifadə etmək məsləhət görülür.

yemishan-cicekYemişan çiçəklərinin dəmləməsi (İnfusum florum Crataegi): 5 qr (1 xörək qaşığı) xammalın üzərinə 200 ml qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur və süzülür. Alınan dəmləmənin üzərinə qaynadılmış su əlavə edərək əvvəlki həcmə çatdırılır. Gündə 2-3 dəfə, hər dəfə 1/2 stəkan yeməkdən əvvəl daxilə qəbul edilir.

Yemişan meyvələrinin dəmləməsinin (İnfusum fructus Crataegi) də hazırlanma və qəbul qaydaları eynidir, yalnız bu dəmləmə üçün 200 ml suya 15 qr (1 xörək qaşığı) xammal götürülür.

Digər sahələrdə tətbiqi: yemişanın qabığı, çiçəkləri və köklərindən sarı və qəhvəyi boyalar alınır. Meyvələrindən isə kisel, mürəbbə, çay və qəhvə əvəzləyicisi hazırlanır.