Jenşen kökü (Panax ginseng)
Botaniki xarakteristika: Araliaceae fəsiləsinə aid çoxillik ot bitkisidir. Hündürlüyü 80 sm, nadir hallarda daha hündür olur. Yeraltı orqanları kökümsov və qalınlaşmış əsas kökdür. Kökün qalınlığı 3 sm, uzunluğu isə 60 sm-dən çox olur, uzunsov-silindrik formaya və 2-6 ədəd qalınlaşmış yan şaxələrə malikdir. Yaz aylarında köklərin üzərində çoxsaylı, kövrək sorucu kökcüklər əmələ gəlir.
Payızda bunlar məhv olduqda yerində məxsusi qabarcıqlar qalır. Əsas kök ətli (75%-ə qədər sudan təşkil olunub), çox ətirli, kəsikdə sarımtıl-boz rənglidir. Onun illik artımı təxminən 1 qrama yaxın olur. Bitkinin yerüstü hissəsi adətən tək, az hallarda bir neçə zoğdan təşkil olunur. Zoğlar düz, nazik, silindrik, yaşıl və ya qonur-qırmızı rəngli, içərisi boş olur. Cavan bitkidə 1-2, yaşlı bitkidə isə 4-5, nadir hallarda 7 yarpaq olur. Bunlar 40 sm-ə qədər uzunluqlu, mürəkkəb quruluşlu, beşdilimlidir, rozet şəklində zoğun zirvəsində yerləşir. Yarpaqların saplaqları bənövşəyi-qırmızı rəngdədir. Yaşlı bitkilərdə yarpaq rozetinin ortasından 25 sm uzunluqlu, tək çətirli çiçək zoğu inkişaf edir. Çiçəkləri xırda, gözəgəlimsiz, ağ ləçəklidir. Meyvəsi al qırmızı rəngli, adətən ikiçəyirdəkli, bəzən isə tək və ya üççəyirdəklidir. Jenşen iyulda çiçəkləyir, meyvələri avqust-sentyabrda yetişir. Yalnız toxumla çoxalır. Payızda əkilən toxumlar 18-22 aydan, bəziləri isə 3-4 ildən sonra cücərir. Bu, onlarda olan rüşeymin natamam inkişafı ilə əlaqədardır. Jenşen bitkisi 150 il yaşayır. Yayılması və ekoloji xüsusiyyətləri: Yabanı halda jenşen Koreyada, Çində, Mançjuriyada, həmçinin Rusiyanın Xabarovsk və Primorsk vilayətlərində yayılmışdır. Əsas etibarı ilə enliyarpaqlı-kedr meşələrində, bəzən küknar qarışıqlı palıd meşələrində bitir. Yumşaq, çürüntü ilə zəngin, orta rütubətli torpaqlarda daha geniş yayılır. Düz günəş şüalarına qarşı davamsız olduğundan heç vaxt açıq ərazilərdə rast gəlmir.
Tarixi məlumat: Jenşen bitkisi haqqında ilk tarixi məlumat e. ə. I əsrə aid olan və “Şennunbentsao” adlanan dərman maddələri haqda qədim çin yazısında qeyd olunub. Buna baxmayaraq şərq təbabətində onun istifadəsinin 4-5 min illik tarixi var. Tibb tarixində jenşen qədər əfsanəvi ikinci bir bitki olmayıb. İnsanlar onun nəinki bütün xəstəliklərin çarəsi olduğuna, həmçinin ölən adama həyat qaytardığına inanırdılar. Əhali arasında ona “həyat kökü”, “dünyanın möcüzəsi”, “ölməzlik zərbəsi” kimi adlar verilmişdi. Bitkinin belə qeyri-adi şöhrəti “jenşen qızdırmasının” yaranmasına və bir çox cinayət və bədbəxtliklərə səbəb olmuşdur. 1709-cu ildə imperator Kan Xi jenşen yığımına tam monopoliya elan etdi. Yığıcılar yalnız mühafizə altında və xüsusi icazə ilə kökləri toplaya bilərdilər. Onlara konkret vaxt və bu vaxta uyğun qida ehtiyatı verilirdi. Çin meşələrində olan jenşen ehtiyatları minillik boyu yığıldığından tükənmək üzrə idi. Buna görə də XIX əsrin ortalarından onun əsas mənbəyi Ussuriya vilayəti oldu.
Təbiətdə kütləsi 100-200 qr olan jenşen kökləri çox nadir halda tapılır. 1981-ci ildə Çində çox böyük ölçülü kök tapılmışdı. Onun kütləsi 500 qr, uzunluğu isə 65 sm idi. Bu kökün çoxlu şaxələri vardı ki, bu da onu daha qiymətli edirdi. Daha nadir nümunə 1905-ci ildə Mançjuriyada dəmir yolu salınanda tapılmışdı. Bitkinin ömrü 200 ilə, kökünün kütləsi isə 600 qrama çatırdı. Bu jenşen kökü Şanxayda 5 min dollara satılmışdı. Lakin mütəxəssislər bu məbləğin onun qiymətinin yarısı olduğunu söyləyirdilər.
Rusiyaya jenşen ilk dəfə 1675-ci ildə gətirilib. Onu Rusiyanın Çin İmperatorluğunda nümayəndəsi Sapfiriy gətirmişdi.
Dərman xammalı kimi: Jenşenin köklərindən istifadə olunur. Xarici görünüşünə görə insan bədənini xatırladan köklər xüsusi əhəmiyyət kəsb edir. Köklər yığılandan əvvəl (sentyabr ayında) bitkinin yerüstü hissəsi biçilir, yalnız bundan sonra köklər yabalar vasitəsilə qazılır və torpaqdan təmizlənir. Daha sonra köklər seçilir, sağlam, xəstə, inkişafdan qalmış və zədələnmiş köklər ayrılır. 25-30 yaşlı bitkinin kökləri qiymətli məhsul kimi dəyərləndirilir. Ümumilikdə isə köklər 5-8 yaşında yığılır və bunların kütləsi 40-60 qr olur. Qazılmış köklər 800C suyun buxarında 1 saat müddətində saxlanır və kölgəlik yerdə 1-2 ay müddətində qurudulur. Tam qurumuş köklər çox bərk, açıq qəhvəyi rəngdə olur və qırmızı köklər adlanır. Xammal zəif, spesifik ətrə və şirintəhər-acı dada malikdir.
Bioloji aktiv maddələr: Jenşen kökünün tərkibində triterpen saponinlər, linol, olein, stearin və palmitin turşuları, tərkibində seskviterpenlər olan efir yağı, panaksen, fitosterinlər, askorbin turşusu, vitamin B1, B2, selik, nişasta, aşı və pektin maddələri, qətranlar, şəkər, bioloji aktiv maddələr (panaksin, panakvilon, qlikozid ginzenin), makroelementlərdən K, Ca, Mg, mikroelementlərdən isə Mn, Cu, Zn, Al, B və s. var.
Farmakoloji təsiri: Bitki ümumi tonuslandırıcı, ağrıkəsici təsirə malikdir, baş beyin qabığını, qabıqaltı mərkəzləri, toxuma tənəffüsünü, oksidləşmə proseslərini stimulyasiya edir. İş qabiliyyətini artırır, yorğunluğu aradan qaldırır, adaptogen və immunostimulyator təsir göstərir. Öd ifrazını, ürək yığılmalarının amplitudunu, ağciyərlərdə qazlar mübadiləsini sürətləndirir, karbohidrat mübadiləsini tənzimləyir, qanda şəkərin miqdarını azaldır, endokrin sistemin funksiyasını və arterial təzyiqi tənzimləyir.
Tibbdə istifadəsi: Jenşen kökünün dəmləməsi fiziki və zehni yorğunluq, iş qabiliyyətinin azalması, nevroz, nevrasteniya, yuxusuzluq, miqren, ürək-damar sisteminin funksional pozğunluqları, qaraciyər, böyrək, mədə-bağırsaq, ağciyər xəstəlikləri, revmatizm, şəkərli diabet, impotensiya və üzülmə zamanı, həmçinin ağır infeksion xəstəliklərdən sonra istifadə olunur. Biotexnoloji yolla hüceyrə kulturasından alınan preparatlar da kifayət qədər effektlidir.
İstifadə formaları: Jenşen cövhəri (tinktura Ginsengi) 70%-li etil spirtində 1:10 nisbətində hazırlanmış sarı rəngli şəffaf mayedir. Gündə 3 dəfə, hər dəfə 15-20 damcı yeməkdən əvvəl daxilə qəbul edilir. 30-40 gün qəbul etdikdən sonra fasilə verilir.
Jenşen kökünün dəmləməsi (infusum radicis Ginsengi) 2 qaydada hazırlanır:
Birinci qayda: 40-50 qr kökün üzərinə 200 ml (1 stəkan) qaynadılmış şirin su tökülür. 3-4 saatdan sonra su süzülür, köklər xırdalanır, üzərinə 500 ml 40%-li spirt əlavə edərək 3 həftə qaranlıq yerdə saxlanılır. Sutkada 1 dəfə 10-15 ml (1 desert - 1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir. İki həftə ərzində hər gün dəmləmənin üzərinə qaynadılmış su əlavə edərək əvvəlki həcmə çatdırılır. Müalicə kursu 90 gündür, kurs ərzində 2 dəfə 10 günlük fasilə edilir. Bir ildən sonra kurs təkrar qəbul oluna bilər.
İkinci qayda: 20 qr kökü xırdaladıqdan sonra üzərinə 200 ml (1 stəkan) qaynadılmış su tökülür və 100 ml su qalana qədər qaynadılır. Dəmləmə gündə 1 dəfə 10-15 ml (1 desert-1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir.
Jenşen kökünün təsiri mövsümlə sıx əlaqədardır. Belə ki, onun payız və qış aylarında istifadəsi gaha effektlidir. Digər aylarda daha kiçik dozalarda qəbul etmək məsləhət görülür.
Əks göstərişlər və əlavə təsirlər: Jenşen preparatlarının hipertoniya xəstəliyi zamanı, kəskin infeksion xəstəliklərdə, digər kəskin patologiyalarda və ümumiyyətlə yayın istisində qəbulu məsləhət deyil. Jenşenlə müalicə zamanı spirtli içkilərin qəbulu tam dayandırılmalıdır.
Jenşenin tövsiyyə olunmuş dozalarda qəbulu zamanı adətən əlavə təsirlər müşahidə olunmur. Lakin bəzi hallarda xoşagəlməz hisslər, ürəkbulanma, qusma, arterial təzyiqin yüksəlməsi və baş ağrıları əmələ gələ bilər. Preparatın qəbulunun dayandırılması və ya dozasının azaldılması əlavə təsirlərin aradan qalxmasına səbəb olur. İntoksikasiya əlamətləri 200 ml dəmləməni və ya orta ölçülü bir kökü birdəfəyə qəbul etdikdə yaranır. Zəhərlənmə özünü dəri səpkiləri, başgicəllənmə, baş ağrıları, bədən hərarətinin yüksəlməsi ilə göstərir.
Jenşen kökünün kulinariyada tətbiqi çox məhduddur. Ondan yalnız əzmənin hazırlanması üçün istifadə olunur:
Təzə jenşen kökü yuyulur, doğranır, sürtgəcdən keçirilib sıyıq halına salınır. Süfrəyə tək halda və ya 1/4-1/3 çay qaşığı sıyıq meyvə şirəsi, jele, yaxud da kisel ilə qarışdırılıb verilə bilər. Yavaş-yavaş, 10-15 dəq. ərzində yeyilir.