İkievli gicitkən (Urtica dioica)
Botaniki xarakteristika: Urticaceae fəsiləsinə aid çoxillik ot bitkisidir. Hündürlüyü 2 m-ə qədər, uzun nazik sürünən kökə malikdir. Bütün bitkinin üzəri uzun yandırıcı və qısa sadə tükcüklərlə örtülüdür. Tükcüklərə azca toxunduqda belə onlar asanlıqla qırılır və dəri üzərinə cüzi miqdarda çox yandırıcı maye tökülür. Mayenin tərkibi isə qarışqa turşusu və histamindən ibarətdir. Zoğları dikduran, dördüzlü, sadədir. Yarpaqları suprotiv,
uzunsov-yumurtavari, kənarları iridişli, əsasında ürəkşəkilli, uclarda isə sivridir. Çiçəkləri xırda, yaşıl rəngli olub, yuxarı yarpaqların qoltuğunda yerləşir. Dişi çiçəklər sırğa, erkək çiçəklər isə sünbül çiçək dəstəsində toplanıb. Külək vasitəsilə tozlanır. Meyvəsi yumurtavari sarımtıl-boz rəngli fındıqdır. 1000 toxumun kütləsi 0,18-0,26 qramdır. İyunun ortasından sentyabra qədər çiçəkləyir, meyvələri iyul-sentyabr aylarında yetişir. Həm toxumla, həm də vegetativ yolla çoxalır.
Yayılması və ekoloji xüsusiyyətləri: Uzaq Şimalı çıxmaq şərtilə bütün MDB məkanında yayılmışdır. Daha çox meşə-çəmən və meşəlik ərazilərdə, məhsuldar, nəm və çürüntülərlə zəngin torpaqlarda, bataqlıqların kənarında, kolların ətrafında, yaşayış yerləri və zibilliklərdə bitir.
Tarixi məlumat: Gicitkən bitkisinin adı “urere” latın sözündən götürülüb, yandırmaq deməkdir. İkievli gicitkənin müalicəvi xüsusiyyətləri haqda məlumatlar qədim roma alimləri Qalen, Qorasiy, Pliniy və Katullanın əsərlərində əksini tapmışdır. Qədim slavyan atalar sözündə deyilir ki, bir gicitkən yeddi həkimi əvəz edir.
Dərman xammalı kimi: Gicitkənin yarpaqlarından istifadə olunur. Yarpaqların yığımı əsasən may-iyul aylarında aparılır. Çünki sonrakı aylarda yarpaqların bir hissəsi solur. Adətən yarpaqlar zoğlarla birlikdə bıçaq və ya oraqla kəsilir, bir neçə saatdan sonra, artıq yarpaqlar yandırmadıqda dərilir. Böyük sahələrdən gün ərzində 70-100 kq təzə yarpaq yığmaq olur. Gicitkən yarpaqları çardaqlarda kağız və ya parça üzərinə 3-5 sm qalınlığında sərilməklə qurudulur. Günəş altında qurutma yolverilməzdir, çünki xammalın rəngsizləşməsinə və vitaminlərin parçalanmasına səbəb olur. Quruducu şkaflarda isə 500C-dən yüksək olmayan temperaturda qurudulur. Xammalın istifadə müddəti 2 ildir.
Xammal kimi köklərdən də istifadə olunur. Köklər payızda qazılır, torpaqdan təmizlənir, soyuq su ilə yuyulur və quruducu şkaflarda qurudulur. Xammalın istifadə müddəti 3 ildir.
Bioloji fəal maddələri: Gicitkən yarpağının tərkibində askorbin turşusu, karotin və digər karotinoidlər, K, B1, B2 vitaminləri, üzvi turşular (qarışqa, turşəng, kəhrəba, fumar, süd, limon və xin), xlorofil, urtisin qlikozidi, sitosterin, mineral duzlar, aşı maddələri, nişasta, eskuletin kumarini, alkaloidlər (nikotin, asetilxolin, histamin, 5-hidroksitriptamin), Cu, Sr, Mo, Se, Ba və s. maddələr vardır.
Farmakoloji xüsusiyyətləri: Gicitkən yarpağının tərkibində olan əsas təsiredici maddələr vitaminlər və dəmir duzlarıdır. Bunlar orqanizmdə ümumi maddələr mübadiləsini, xüsusən də lipid mübadiləsini tənzimləyir. Gicitkən yarpağını tərkibində olan K vitamini qaraciyərdə əsas laxtalanma faktorlarından biri olan protrombinin sintezini sürətləndirir və güclü qankəsici təsir göstərir. Lakin nəzərə almaq lazımdır ki, qankəsici xüsusiyyətə yalnız təzə yarpaqlar malikdir. Qurudulmuş yarpaqlar isə əksinə, qanın laxtalanmasını 2 dəfə azaldır. Bundan başqa gicitkən yarpaqlarının ödqovucu, sidikqovucu, iltihab əleyhinə, damardaraldıcı və regenerasiyanı sürətləndirmək xüsusiyyətləri var. Tərkibində olan xlorofil orqanizmə stimullaşdırıcı və tonuslandırıcı təsir edir, maddələr mübadiləsini sürətləndirir, uşaqlıq və bağırsaqların tonusunu artırır, ürək-damar sistemi və tənəffüs mərkəzinin fəaliyyətini yaxşılaşdırır, zədələnmiş toxumaların qranulyasiya və epitelizasiyanı sürətləndirir. Gicitkən yarpağının qanda şəkərin miqdarını azaltmaq və südverən analarda süd ifrazını artırmaq xüsusiyyətləri də aşkar edilmişdir.
Tibbdə istifadəsi: Gicitkən köklərinin dəmləmə və bişirmələri böyrək və mədə xəstəliklərində, diareyalarda, dizenteriyada, helmintoz, furunkulyoz, revmatizm, bronxial astma, ağciyər vərəmi zamanı, həmçinin bəlğəmgətirici, qızdırmasalıcı vasitə kimi və saçların dibini bərkitmək üşün istifadə olunur.
Yarpaqların dəmləməsi uşaqlıq, bağırsaq, böyrək, ağciyər və digər qanaxmalarda, nefrit, revmatizm, ağciyər vərəmi, raxit, polimenoreya, fibromalar, kəskin və xroniki enterokolitlər, mədə xəstəlikləri, sarılıq, şəkərli diabet, epilepsiya, isteriya, paraliç və s. xəstəliklərdə tətbiq edilir. Yara və xronik xoraların müalicəsində antiseptik vasitə kimi, saçların diblərini bərkitmək üçün, sidikqovucu, qızdırmasalıcı, bəlğəmgətirici, laktogen, ümumi tonuslandırıcı və polivitamin vasitə kimi istifadə olunur. Təzə yarpaqlar uzun müddət sağalmayan, qanayan yaraların üzərinə qoyulur. Yapon xalq təbabətində gicitkənin təzə şirəsi arı və ilan çalan zaman zəhər əleyhinə vasitə kimi istifadə olunur.
Çiçəklər qızdırma, revmatizm, böyrək daşı xəstəliyi, xərçəng, xroniki dəri xəstəlikləri zamanı, həmçinin bəlğəmgətirici, sidikqovucu, malyariya əlryhinə vasitə kimi çox effektlidir.
Toxumları isə böyrək daşı xəstəliyi, dizenteriya, helmintozlar, öskürək və yuxusuzluqda tətbiq olunur.
İstifadə formaları: Gicitkən yarpaqlarının dəmləməsini (infusum folii Urticae) hazırlamaq üçün 10 qr. (2 xörək qaşığı) xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Üzərinə qaynadılmış su əlavə edərək əvvəlki həcmə çatdırılır. Gündə 3-5 dəfə, fər dəfə 1/4-1/2 stəkan yeməkdən əvvəl qəbul edilir.
Gicitkən köklərinin bişirməsi 20 qr. xammalın üzərinə 200 ml (1 stəkan) şərbət əlavə edib, 15 dəq. qaynatmaqla hazırlanır. Bir xörək qaşığından gündə 5-6 dəfə qəbul edilir.
Təzə gicitkən yarpaqlarının şirəsi öd daşı və böyrək daşı xəstəliyində 1 xörək qaşığından gündə 3-4 dəfə, daxili qanaxmalarda isə 1 çay qaşığından gündə 4-5 dəfə daxilə qəbul edilir.
Gicitkən toxumlarının bişirməsini hazırlamaq üçün 25 qr. xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 10 dəq. qaynadılır, 1 saat dəmlənir və süzülür. Zövqə görə şəkər və ya bal əlavə edib, axşam yatmazdan əvvəl qəbul edilir.
Əks göstərişlər və əlavə təsirlər: Qanın laxtalanması yüksək olan şəxslərə, hipertoniya və aterosklerozdan əziyyət çəkənlərə, eyni zamanda uşaqlığın kistası, polipi və digər şişləri ilə əlaqədar qanaxmalarda, xüsusən də böyrək xəstəliklərində təyini əks göstərişdir.
Digər sahələrdə tətbiqi: Gicitkən köklərindən parçaları boyamaq üçün sarı və qəhvəyi boyalar alınır. Zoğlarının lifləri kağız, kəndir, kanat və torların, parus və xalçaların hazırlanması üçün yararlıdır. Gicitkən yarpaqları südün içərisinə salındıqda və ya əti onlara bükdükdə bu məhsullar xarab olmur. Toxumlarından kulinariyada istifadə olunan yağ alınır. Xlorofil parfümeriyada, qida və dərman sənayesində, həmçinin yaşıl boya almaq üçün istifadə edilir. Gicitkən yarpaqları iri və xırda buynuzlu mal-qara, atlar və quşlar üçün çox keyfiyyətli yemdir. İnəklərə verildikdə südün yağlılığını artırır, toyuqlar isə bütün qışı yumurta verir.

Yumurtalı gicitkən salatı: yuyulmuş gicitkən yarpaqlarını (150 qr.) 5 dəq. qaynar suda qaynadın, aşsüzəndə süzüb xırda doğrayın. Üzərinə zövqə görə duz, sirkə və xama əlavə edib qarışdırın. Süfrəyə verəndə yumurta dilimləri ilə bəzəyin.
Gicitkənli kürəciklər: gicitkən yarpaqlarını (100 qr.) qaynar suyun içərisinə salıb, 2 dəq. sonra aşsüzənə çıxarın və doğrayın. Qatı yarma sıyığı (200 qr.) ilə qarışdırıb yağ (20 qr.) və duz əlavə edin. Alınmış kütlədən kürəciklər düzəldib yağda qızardın. Süfrəyə xama ilə verə bilərsiniz.
Gicitkənli omlet: Gicitkən yarpaqları (500 qr.) duzlu suda bişirin, süzün və xırda doğrayın. 3 baş soğanı doğrayıb yağda qovurub, üzərinə şüyüd və ya cəfəri əlavə edin, gicitkənlə qarışdırıb yumşalana qədər qovurun. 2 ədəd yumurtanı çalıb qovurmanın üzərinə tökün və hazır olana qədər bişirin.
Pendirli gicitkən buğlaması: Doğranmış gicitkən yarpaqları (80 qr.) 5 dəq. buğlanır, üzərinə doğranmış yaşıl soğan (10 qr.), duz, istiot, un, sürtgəcdən keçirilmiş ağ perdir (30 rq.) əlavə edib yağda 5 dəq. qovrulur. Kənarda 65 ml süd, 20 qr. un və 1/2 yumurtadan omlet qarışığı hazırlanır, göyərtinin üzərinə tökülüb duxovkaya qoyulur.
Gicitkən şirəsi: təzə gicitkən yarpaqlarını ətçəkən maşından keçirin, üzərinə qaynadılmış soyuq su (500 ml) töküb qarışdırın və tənzifdən keçirin. Sıxılmış kütləni yenidən ətçəkən maşından keçirin, 500 ml su ilə qarışdırıb sıxın, əvvəlki porsiyanın üzərinə əlavə edin. Şirəyə zövqə görə şəkər əlavə etmək olar.