Şirin biyan kökü (Glycyrrhiza glabra)

solodka1Botaniki xarakteristikası: Paxlakimilər (Fabaceae) fəsiləsinə aid çoxillik ot bitkisidir. Güclü kök sisteminə malikdir. Çoxbaşlı kökümsovdan çıxan əsas kök torpağın bir neçə metr dərinliyinə qədər uzanır, sadə və azşaxəlidir. 30-40 sm dərinlikdə əsas kökdən müxtəlif istiqamətlərdə 5-dən 30-a qədər uzunluğu 1-2 m olan yeraltı kökümsov çıxır. Bu kökümsovların uclarında olan tumurcuqlardan yeni bitkilər inkişaf edir, bunlar da öz növbəsində yerüstü zoğlar və köklər əmələ gətirir. Beləliklə, biyan vegetativ yolla çox geniş

sahələrə yayılır və böyük cəngəlliklər əmələ gətirir. Hər kökümsovdan hündürlüyü 2 m olan azşaxəliyerüstü zoğlar inkişaf edir. Yarpaqları növbəli düzülüşlüdür, lələkvari damarlanmaya malikdir. Çiçəkləri salxım çiçək dəstəsində toplanır, çiçək tacı açıq-bənövşəyi rəgdədir. Meyvəsi uzunsov, azca əyilmiş, boz rəngli paxladır, 2-6 ədəd toxumu olur. Toxumları tumurcuğabənzər formalı, çox parlaq, yaşımtıl-boz və ya qonur rəngli olur.

Adətən iyun-avqust aylarında çiçəkləyir, meyvələri avqust-sentyabrda yetişir. Həm toxumlarla, həm də vegetativ yolla çoxalır. Günəşli çöllərdə, aran çaylarının ətrafında, qumluqlarda, həmçinin aran və yarımsəhra zonasının əkin sahələrində alaq bitkisi kimi rast gəlinir. Orta Asiyada, Don və Volqa çaylarının, Azov dənizinin sahillərində, Şimali Qafqazda, Zaqafqazyada və Avropanın cənub-şərqində yayılmışdır.

Tarixi məlumat: Eramızdan 3000 il əvvəl yazılan və Çin təbabətinin ən qədim abidəsi olan “Otlar haqqında kitab”da biyanın dərman bitkisi kimi istifadəsi haqda məlumat var. Minilliklər boyu çin həkimləri biyan kökünü müalicədə ən vacib komponentlərdən biri hesab edir, onu bütün müalicəvi yığıntıların tərkibinə daxil edir, və biyan kökünü digər dərmanların təsirini artırmaq və orqanizmə düşmüş zəhərləri neytrallaşdırmaq xüsusiyyətlərini də qeyd edirdilər. Tibet təbibləri isə biyan kökünü insan ömrünü uzadan və altıncı hisiyyatı artıran vasitə hesab edirdilər. Bu bitkinin kökləri qədim Assuriya, Şumer və Misir həkimləri tərəfindən də istifadə olunurdu.

Dərman xammalı kimi: Şirin biyan kökünün köklərindən və kökümsovlarından istifadə olunur. Bunlar kotanlarla qazılır, torpaqdan və zoğlardan təmizlənir. Yalnız kəsikdə sarı rəngdə olan sağlam kök və kökümsovlar seçilir. Açiq havada və yaxud quruducu şkaflarda 50-600C temperaturda qurudulur. Tam qurudulmuş xammal asanlıqla qırılır. Sahədə sonrakı vegetativ çoxalma üçün bitkilərin 25%-i saxlanılır. Təkrar yığım yalnız 6-8 ildən sonra aparıla bilər.

Xammalın istifadə müddəti 10 ildir.quru xammalın rəngi üzdən sarımtıl-boz, içərisi açıq sarı, liflidır, dadı çox şirindir, ətirsizdir.

ABŞ, Yaponiya, İngiltərə, İsveçrə kimi ölkələr külli miqdarda biyan kökü idxal edir.

Bioloji aktiv maddələr: Şirin biyan kökünün və kökümsovunun tərkibində 23%-ə qədər saponin – qlisirrizin (qlisirrizin turşusunun K və Ca duzları) var ki, bu maddələr xammala çox şirin dad verir. Bundan başqa qlisirrizin turşusunun törəmələri, 30-a qədər flavonoid (likviritin, likurazid, qlabrozid, uranozid, kversetin, apigenin, ononin), mono- və disaxaridlər, nişasta, pektinlər, qətranlar və acı maddələr, fenolkarbon turşuları (salisil, sinap, ferul və s.) və onların törəmələri (salisil turşusunun asetatı), kumarinlər, aşı maddələri, alkaloidlər, efir yağları, üzvi turşular (sirkə, limon, alma, fumar və s.), makroelementlərdən K, Ca, Mg, Fe, mikroelementlərdən Mn, Cu, Zn, Cr, Ba, B və s. maddələr var.

Farmakoloji xüsusiyyətləri: Biyan kökü özünün bürüyücü, bəlğəmgətirici və zəif işlədici təsirləri ilə məşhurdur. Onun bəlğəmgətirici təsiri tərkibindəki qlisirrizin turşusu ilə əlaqədardır. Bu maddə yuxarı tənəffüs yollarının sekretor qabiliyyətini, traxeya və bronxların selikli qişasını örtən kirpikli epitelin hərəki aktivliyini artırır. Tərkibindəki saponinlər həm tənəffüs traktının, həm də digər orqanların selikli qişalarını qıcıqlandırır, buna görə də biyan kökü təkcə bəlğəmgətirici deyil, sidikqovucu və işlədici yığıntıların da tərkibinə daxil edilir. Flavonoidlərin hesabına bronxların saya əzələlərinə spazmolitik təsir göstərir. Şirin biyan kökünün tərkibində həm kimyəvi quruluşuna, həm də təsirinə görə steroid hormonlara yaxın olan maddələr var ki, bunlar güclü iltihab əleyhinə effektə malikdir. Həmçinin biyan kökündən qanda xolesterinin miqdarını azaldan və qan damarlarının mənfəzini tutan xolesterin düyünləri parçalamaq xüsusiyyətinə malik olan bioloji aktiv maddələr alınmışdır.

solodka2Tibdə istifadəsi: Dərman xammalı kimi köklər və kökümsovlardan dəmləmə, bişirmə, ekstrakt və toz formasında istifadə olunur. Ağciyər xəstəliklərində bəlğəmgətirici və öskürək əleyhinə vasitə kimi, hiperasid qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyində antasid, spazmolitik və iltihab əleyhinə vasitə kimi, şəkərli diabet zamanı yumşaldıcı və su-duz mübadiləsini tənzim edən vasitə kimi, digər xəstəliklərdə isə diuretik və zəif işlədici vasitə kimi tətbiq edilir. Böyrəküstü vəzin fəaliyyətini stimulyasiya etmək məqsədilə vəzin hipofunksiyasında, Addison xəstəliyində, sistem qırmızı qurd eşənəyində, allergik dermatitlərdə, ekzemada istifadə olunur.

Çin xalq təbabətində mədə və onikibarmaq bağırsaq xorasında, kəskin və xroniki bronxitdə, eksudativ plevritdə, pnevmoniyada, arterial hipotenziyada, revmatik artritdə, quru öskürəkdə və boğaz ağrısında, kəskin və xroniki tonzillitdə, qaraciyər xəstəliklərində (həmçinin xroniki hepatitlərdə), qida və dərman zəhərlənmələrində, övrədə istifadə olunur.

İstifadə formaları: Biyan kökünün bişirməsi hazırlamaq üçün 10 qr xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 20 dəq. qaynayan su hamamında qızdırılır, 1-2 saat müddətində dəmlənir. Süzüldükdən sonra qaynadılmış su nilə əvvəlki həcmə çatdırılır. 1 xörək qaşığından gündə 4-5 dəfə qəbul edilir.

Biyan kökünün qatı ekstraktı (extractum glycyrrhizae spissum). Çıxarış xırda doğranmış köklərdən 0,25%-li ammonyak məhlulu ilə alınır. Özünəməxsus ətri və çox şirin dadı olan qonur-sarı rəngli, quru, narın toz halında maddədir. Su ilə çalxalandıqda çox köpüklənən kolloid məhlul alınır. Tərkibində təqribən 25% qlisirrizin turşusu olur.

Biyan kökünün şirəsi (sirupus glycyrrhizae) hazırlamaq üçün 4 qram ekstrakt 86 qram şəkər siropu ilə qarışdırılır, üzərinə 10 qram spirt əlavə olunur. Sarımtıl-qonur rəngli özünəməxsus ətri və dadı olan məhlul alınır. Biyan kökünün şirəsi bəlğəmgətirici, yumşaldıcı və iltihabəleyhinə vasitə kimi istifadə olunur. Şirə turş məhlullarla birlikdə təyin olunmur.

Biyan kökünün mürəkkəb tozunun (pulvis glycyrrhizae compositum) tərkibində bri neçə maddənun kompleksini saxlayır: 20 hissə biyan kökünün tozu, 20 hissə səna yarpağının tozu, 10 hissə bostan şüyüdü meyvəsinin tozu, 10 hissə təmizlənmiş kükürd tozu və 40 hissə şəkər tozu. Yaşımtıl-sarı və ya yaşımtıl-qonur rəngli, şüyüd ətirli və xoşagəlməz acı-duzlu dada malik tozdur.

Sinə eliksiri (elixir pectorales) tərkibində 60 hissə biyan kökünün estraktı, 1 hissə cirə yağı, 49 hissə spirt, 10 hissə ammonyak məhlulu və 180 hissə su saxlayır. Qonur rəngli, şirintəhər dadlı şəffaf mayedir, ammonyak və ya cirə ətrinə malikdir. Bəlğəmgətirici vasitə kimi 20-40 damcıdan təyin olunur. Uşaqlara isə yaşına uyğun sayda damcıdan təyin olunur.

Əks göstərişlər və mümkün əlavə təsirlər: Biyan kökünün preparatlarının uzun müddətli qəbulu arterial təzyiqin yüksəlməsinə, mayenin orqanizmdə ləngiməsinə, ödemlərin yaranmasına, cinsi sferada pozğunluqların yaranmasına ( potensiyanın azalması, ginekomastiya, tüklənmənin azalması) səbəb ola bilər.

solodka3Digər sahələrdə tətbiqi: Şirin biyan köklərindən qida sənayesində istifadə olunur. Ekstraktlar, şirələr, şəkər surroqatı və köpükləndirici maddə kimi alkoqolsuz içkilərin istehsalında tətbiq edilir. Pepsi-kola və koka-kola kimi içkilərin əsas tərkib hissələrindən biridir, eyni zamanda pivənin, kvasın, tonuslandırıcı içkilərin, kakao, kofe, kompot və kisellərin, halva və konfetlərin istehsalı üçün də yararlıdır. Qırğızıstanda yaşıl çaya əlavə kimi, həm də çayın surroqatı kimi istifadə olunur. Yaponiyada antioksidant kimi, Misirdə isə bakterisid və fungisid maddə kimi qida məhsullarına əlavə olunur. Tütünün ətir və dad keyfiyyətlərini yaxşılaşdırmaq üçün, Yaponiyada isə nikotinsiz siqaretlərin istehsalı üçün tətbiq edilir. Texnikada isə biyan kökündən yanğınsöndürən məhlullar və kley alınır. Həmçinin akvarel boyaların, mürəkkəbin, qutalinin istehsalı, dərinin aşılanması, yun və ipəyin boyanması üçün yararlıdır. Ekstrakt sənayesinin qalıqları kartonun, termoizolyasiya lövhələrinin, kağız kütləsinin və gübrələrin istehsalında istifadə oluna bilər. Zoğlarından kəndir, həsir və fırçalar hazırlanır. Eyni zamanda yem kimi kənd təsərrüfatında və dekorativ bitki becərilir.