Orman ayrı, dərman ayrı
Ana təbiətin bizə bəxş etdiyi saysız-hesabsız və möcüzəli varlıqlardan biri də bitkilərdir. Çoxları onlara sadəcə bir ot kimi baxır, ayaq altında tapdalayır, alaq kimi kökündən çıxarıb tullayır. Əslində isə bu, bizə bəxş olunan Tanrı nemətlərinə naşükürlük etməkdən və nankorluqdan başqa bir şey deyil. Halbuki hər gün yanından laqeydliklə ötüb keçdiyimiz bitkilərdə hansı şəfaverici qüdrətlərin olduğunu bilsəydik, onda onlara qarşı olan münasibətimiz kökündən dəyişərdi.
Bişməcə
Havaların istiləşməsi bəzi adamların qayğısını artırır, yay gələndə bəri başdan qara günün qablaşdırır. Adam var ilmüdam bədəni suyun içində olur, elə bil boyun-boğazından, kürəyindən sel axır. Yaz-yay dəsmal əlindən düşmür, bir ucdan üz-gözünün, boyun-boğazının tərini qurulamaqla məşğul olur. Tez-tez tərləmə körpələr arasında da müşahidə olunan haldır.
Qlomerulonefrit
Qlomerulonefrit əsasən böyrəklərin yumaqcıq aparatının zədələnməsi ilə gedən infeksion-allergik xəstəlikdir, birincili və ikincili olmaqla iki forması qeyd olunur. Birincili qlomerulonefrit infeksion faktorun orqanizmə təsirindən 1-3 həftə sonra meydana çıxır. İkincili qlomerulonefrit isə hər hansı başqa xəstəliklər (məsələn, sistem qırmızı qurdeşənəyi) fonunda əmələ gəlir. Kəskin qlomerulonefrit özünü hipertoniya, ödemlər və sidik sindromu ilə biruzə verir.
Dırnaqların mikozu
Mikozlar dəri və dırnaqların göbələklər tərəfindən zədələnməsidir. Mikozların törədiciləri yalnız insanda parazitlik edən antropofil göbələklər, heyvanlardan insana yoluxan zoofil göbələklər, həmçinin Candida cinsindən olan şərti-patogen maya göbələkləri ola bilər.
Göbələklər neytral və ya zəif-qələvi mühitdə inkişaf edir, aşağı temperaturlara qarşı çox davamlı olur.
Göbələklər adətən kontakt yolu ilə yoluxur. İnfeksiya mənbəyi rolunu həm zədəli dırnaqlar, həm də xəstə dəri oynaya bilər.
Hipotoniya
Hipotoniya arterial təzyiqin aşağı enməsi olub, xəstəlik xarakterli patoloji prosesdir. Patoloji hipotoniya qəfildən baş verən bayılma və şok vəziyyətləri ilə təzahür edən kəskin və həmçinin xroniki formalarda ola bilər. Lakin müntəzəm olaraq idmanla və ya ağır fiziki işlə məşğul olan sağlam insanlarda normada da bu hal müşahidə oluna bilər.
...Bax beləcə, bax beləcə geyərəm!
Biz böyüklər gün ərzində bir neçə dəfə geyimimizi dəyişməyə adət etmişik, lakin heç düşünməmişik ki, körpələr üçün bunu etmək nə qədər çətin və ağırdır. Onların sərbəst geyinib-soyunmağı öyrənməsi üçün ən azı 5-6 il lazımdır. Körpələr hər dəfə bu “çətin işin” öhdəsindən gəldikdə özlərini qalib kimi hiss edirlər. Biz böyüklərin borcudur ki, bu sahədə onlara sərbəst yanaşaq və hər zaman dəstək olaq.
Hələ erkən yaşlarından körpələrə düzgün geyinmək vərdişi aşılamaq lazımdır. Bunun üçün ən yaxşı üsullardan biri də hər dəfə geyimi dəyişərkən bunu körpələrə bir növ nümayiş etdirməkdən ibarətdir. Bu zaman balaca geyimdəyişmə prosedurunu diqqətlə izləyir və onda buna qarşı böyük həvəs yaranır. Get-gedə o gördüklərini yamsılamağa başlayır: öz yaxalığının düyməsini açır, corablarını soyunur, ayaqqabılarını çıxarır və s. Lakin geyimdəyişmə bacarığına yiyələnmək üçün uşaq bir neçə mərhələdən keçməlidir.
Həşəratdan begemotadək
Cənubi Afrika Respublikasının mətbəxi öz qeyri-adiliyi ilə seçilir. Ölkə mətbəxində süfrəni bəzəyən ən dadlı və ləziz
xörəklər əsasən ekzotik heyvanlardan və həşəratlardan hazırlanır. Timsah, begemot, dəvəquşu və digər heyvanların ətindən hazırlanan xörəkləri də onların sırasına daxil etmək olar. Yerli əhalinin vaxtilə əsas məşğuliyyəti ovçuluq olduğundan heyvan əti və yabanı meyvələr onların mətbəxində özünə əsas yer tutub. Eyni zamanda buraya gələn danimarkalılar, fransızlar və britaniyalılar öz mətbəx ənənələrini yerli əhaliyə aşılayıblar. XVII əsrdə malayziyalıların Afrikanın cənubuna üz tutması onların mətbəxində daha kəskin dəyişikliyə səbəb olub.
O qədər çox yemə
İslam peyğəmbərinin bir tövsiyəsi var: acmamış süfrəyə əl uzatma, doymamış süfrədən əl götür. Qastroenteroloq və diyetoloqların fikrincə bu sadə və müdrik sözləri sağlamlığın qızıl qaydalarından biri, bəlkə də ən vacibi və ən birincisi hesab etmək lazımdır. Müdrik Hippokrat isə bu fikri bir qədər başqa cür ifadə edərək qidanın dərman, dərmanın isə qida olduğunu söyləyirdi.
Uzun illərin təcrübəsi göstərir ki, hər kəs öz həyat tərzinə uyğun xəstələnir. Məsələn, paxıl və xain adam həmişə ürək xəstəsi olur, tənbəl adam oynaq xəstəliyindən əziyyət çəkir, hirsli-hikkəli adam əsəb xəstəliyinə mübtəla olur, qarınqulu və acgöz adam mədə-bağırsaq xəstəliyindən şikayətlənir və s.
Təəssüf ki, ləzzət dalınca qaçmaq, köhnə kişilərin dediyi kimi “bir oturuma bir qoyunu yemək” kimi zərərli vərdişlərdən xilas ola bilməmişik. Çox vaxt kiminsə süfrədən tez əl götürməyini, az yeməyini onun zəif cəhəti kimi səciyyələndirirlər. Adam var, o qədər yeyir ki, sonra oturduğu stuldan ayağa qalxmağa çətinlik çəkir. İnsanın özünün özünə bundan böyük düşmənçiliyi, qəsdi ola bilməz. Küçədə, yolda, ictimai nəqliyyatda çoxlu – istər kişi olsun, istərsə də qadın – şişman, artıq çəkidən əziyyət çəkən, amma qətiyyən bunu özünün zəif cəhəti kimi qəbul etməyən insanlarla rastlaşırıq.
Nə qədər ki, gec deyil, bu mənfi vərdişlərdən yaxa qurtarmaq, həyata, sağlamlığa qayıtmaq lazımdır. Sağlamlığı ağız dadında axtarmaq bəlkə də ən qarınqulu və düşüncəsiz adamların işidir.
Nə qədər ki, həyat var və nə qədər ki, yaşayırıq, onu qıvraq, yüngül və sağlam yaşayaq...
Nə qədər ki, gec deyil...
Kirpiklərin oxdur...
Dədə Ələsgərin gözəlləmə və qoşqularında kirpiyi vəsf edən nə qədər istəsən misra tapa bilərsən. Biri elə bu:
Bir gözəl keçdi qarşımdan
Sallandı yana yeridi.
Kirpik çaxdı, oğrun baxdı
Ov saldı cana yeridi.
Şairlərin söz cığırına düşüb çox da uzaqlara getməyək. Bəs gözəl kirpiyə sahib olmaq üçün hansı kosmetik üsullar var? Əlinə tuş götürüb makiyaj güzgüsünün önünə keçən xanım bunun üçün nələri nəzərə almalıdır?
Bizcə, bunları Tanrının verdiyi gözəl camala gözəl kirpiklər əlavə etmək istəyən xanımların bilməsi heç də pis olmazdı...
Yaşamaq uğrunda mübarizədə qazanılan sərvət
Çoxəsrlik həyat təcrübəsi zamanı xalqımız müxtəlif xalq təbabəti üsulları və müalicə vasitələri taparaq sınaqdan keçirmişdir. Xəstəliklərin baş verməsi, heyvan, bitki və mineral mənşəli maddələrin müalicəvi xüsusiyyətləri nağıl və dastanlarda, əfsanə və rəvayətlərdə öz əksini tapmışdır. Yaşamaq uğrunda mübarizədə sağlamlığı qorumaq, onun qeydinə qalmaq, xəstəliklərə yol verməmək insanları daim düşündürmüş və bütün bunların nəticəsi olaraq xalq təbabəti formalaşmışdır.
Son vaxtlar təbii vasitələrlə müalicələrə üstünlük verilməyə başlanılması xalq təbabətinə münasibəti əsaslı surətdə dəyişmişdir. Buna görə də xalqımızın təbabət sahəsində olan yazılı irsinin və nəsildən-nəslə ötürülən təcrübəsinin öyrənilməsi və təbliğ edilməsinə ciddi ehtiyac vardır. Zəngin təbabət sərvətimizin sirlərini öz varlıqlarında yaşadan ağsaqqal və ağbirçəklər dünyalarını dəyişdikcə biz həmin irsə sahib olmaq imkanlarını da itiririk.
İnsan həyatını ayaq üstə tutan üçlük
Məlum olduğu kimi insan ruh və vücuddan ibarətdir. Bu iki şey dünya həyatındakı canlı insanı oluşdurur. İnsanın ruhaniyyəti (iç batini dünyası) ilə zahiri dünyasının (vücud, bədən) arasında bir harmoniyanın olması əlbət ki, təbiidir.
Məsələn kədər, üzüntü, məmnunluq, qəzəb, qorxu, sevinc, darıxma, həsrət, sevgi, nifrət və s. hisslərin hamısı insanın batini iç dünyasının, ruhaniyyətinin hallarıdır.
Bir insan acı bir xəbər aldıqda kədərlənir, üzülür, iç dünyası başlayır iztirab çəkməyə, insan ruhən sarsılır. Çox keçmir ki, ruhun bu halı vücuda siraət etməyə başlayır. Gözlər yaşarır, sifətin mimikası, rəngi dəyişir və sair.
Qara gəndalaş
Qara gəndalaşın meyvələri payızda urulanmış üzüm bağında meynələrin əl-ətəyində ilişib-qalmış qara üzüm zingirələrini xatırladır. Gəndəlaşın qara ətli meyvələri quşüzümünü də yada salır. İkinci dünya müharibəsi zamanı məktəblilər qara gəndalaşın meyvələrini əskinin arasına yığıb suyunu sıxır, ondan mürəkkəb kimi istifadə edərdilər.
İsti ölkələrə uçan durna qatarı havada ikən gəndalaş bitən ərazini görüb oraya enir, bitkinin meyvələrindən doyunca yedikdən sonra yollarına davam edirlər.
Yeyinti sənayesində qara gəndalaşın meyvələrindən zərərsiz boya kimi istifadə olunur.
Hemangioma
Qan damarlarından inkişaf edən şiş hemangioma adlanır. Uşaq yaşlarında yumşaq toxumaların və dərinin xoşxassəli şişlərinin 50 faizini hemangiomalar təşkil edir, onlar anadangəlmə xoşxassəli şişlərə aiddir. Hemangiomalar heç vaxt bədxassəli şişlərə çevrilmir və metastazlar vermir. Lakin bəzən həmin çox sürətlə böyüyən və qonşu orqanlara təzyiq edərək onların funksiyasını pozan formalarına rast gəlinir ki, bunları şərti olaraq bədxassəli adlandırırlar.
Təbii Elmlər Akademiyasının bölməsi
Fuad Mahmudov 1958-cu ildə anadan olub. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Azərbaycan Tibb Universi-tetində fitoterapiya kursunu bitirib. N. Tusi adına Azərbaycan Pedoqoji Universitetinin fiziologiya kafedrasında işləyib. Son illər özəl fəaliyyətlə məşğul olur. “Abşeron yarımadasının dərman bitkiləri və onlardan səmərəli istifadə qaydaları” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir. “Dərman bitkilərinin müasir təbabətdə rolu” adlı kitabın müəllifidir.
2009-cu ilin dekabrından Avropa Təbii Elmlər Akademiyası Azərbaycan bölməsinin rəhbəridir. Akademiyanın Rudolf Virxov adına medalına layiq görülüb.
Zəhərin bəxş etdiyi həyat
Stalin 1950-ci ildə Leonid Brejnevi görəndə heyranlığını saxlaya bilməyərək demişdir: “Nə yaraşıqlı kişidir!” Çox təəssüf ki, heç nə əbədi deyil. İllər Leonid İliçin də yanındam təsirsiz keçmədi. Artıq ötən əsrin 70-ci illərində onun haqqında bəzi şayiələr yayılmağa başlamışdı: “Brejnev skleroz xəstəliyinə tutulub”, “O daim dərmanlrın təsiri altındadır”, “Brejnev narkotik vasitələrdən istifadə edir”və s.
Əsl həqiqəti isə Brejnevin həyatının ömrünün uzanması üçün onun üzərində müalicə aparan mütəxəssislər bilirdi.
Çarə
Loğmanlar loğmanı, təbiblər təbibi kimi məşhurlaşan Əbu Əli İbn Sina haqqında müxtəlif rəvayətlər var. Həmin rəvayətlərdən birində nağıl olunur ki, gələcəyin dahi alimi dil açanda başqa körpələr kimi “ata”,”ana”,”baba”,”nənə” deməyib.
“Çera” söyləyib – “niyə”?
Ömrü uzunu da “niyə” deyə-deyə qalıb.
Suallar verə-verə, qoyduğu suallara cavablar tapa-tapa insanlığın ən nadir zəkalarından biri olmaq zirvəsinə yüksəlib.
İbn Sinanın Azərbaycandakı xələfləri “çera” deməsələr də “çarə” deyə-deyə onlara üz tutan xəstələrin dərdinə, mübtəla olduqları xəstəliklərə əlac etməyə çalışıblar. Yaşamla ölüm, sağlamlıqla xəstəlik arasında gedən mübarizədə həmişə dünyadan vaxtsız gedən, qəfil əcəlin aparmaq istədiyi insanların yolu üstündə dayanaraq onları işıqlı həyata qaytarıblar. Əlbəttə, bu, olduqca şərəfli və müqəddəs bir işdir.
Musa peyğəmbər haqqındakı hədislərin birində deyilir ki, peyğəmbər bərk xəstələnib yorğan-döşəyə düşür. Əhli-əyalı, camaat bundan çox narahat olub ona baş çəkməyə gəlirlər. Musa peyğəmbər onlara ürək-dirək verib narahat olmamağı məsləhət görür. Bir neçə gün keçir, peyğəmbərin səhhəti yaxşılaşmır. Əhli-əyalı onun ətrafına yığışanda yenə təkrar edərək deyir:
-Siz məndən ötəri narahat olmayın, hər şey ötüb keçər. Mən Yaradanın elçisiyəm.
Bu vaxt Allah-təaladan vəhy gəlir ki, Ya peyğəmbər, sən həkimə get, şəfasını mən verəcəyəm.
Bu hədis həkimliyin müqəddəs peşə olduğunu bir daha təsdiq edir. Həkimlər əbədiyyət yolumuzun üstündə dayanan sağlamlıq keşikçiləridir. Onlara isə tez-tez ehtiyac duyuruq: həyatımızın ən ümidsiz anlarında, ağrı-acılarımızın kəskinləşdiyi məqamlarda, özümüzü pis hiss edəndə, yanımızdan yel ötəndə... Bir də Tanrıdan başqa heç kəsə əl açıb üz tuta bilməyəndə... Görünür, şair belə yerdə deyib:
Ömür itirəndə təravətini,
O zaman bildirir öz qiymətini.
Dünyada 30 mindən çox xəstəlik var. Onların hansı biri nə vaxtsa qapımızı döyəndə ilk növbədə həkimlərə pənah aparırıq. Canımızı nə qədər çox sevsək də onu həkimlərə etibar edirik. İntəhası bu, iş-işdən keçəndən sonra yox, vaxtında olmalıdır.
Deyirlər ki, N. Nərimanov həkim işləyərkən iş otağının qapısını aralayıb baxırmış. Onun yanına azərbaycanlılarla yanaşı qeyri millətlərin də nümayəndələri gəlir. Həmişə azərbaycanlıları birinci qəbul edirmiş. Hətta buna görə ondan şikayət edirlər. İş gedib məhkəməyə çıxır. Məhkəmədə ona niyə millətçilik etdiyi barədə sual verəndə N. Nərimanov deyir ki, mən uzun illərin təcrübəsindən bilirəm ki, yəhudilər elə-belə yoxlanmağa gəlirlər, ruslar yüngülvari ağrıları olanda gəlir, azərbaycanlılar isə son nəfəsində həkimə gəlirlər. Ona görə onları birinci qəbul edirəm...
Gərək biz insanlar da çarəni təkcə həkim əllərində yox, həm də özümüzün həyat tərzimizdə axtaraq...
"Herba Flora" jurnalını bütün qəzet-jurnal köşklərindən əldə edə bilərsiniz.
Qiyməti cəmi 2 azn.
Jurnalımıza Azərbaycanın bütün şəhər və rayonlarında rabitə şöbələri vasitəsilə abunə yazıla bilərsiniz. Yaranan hər bir çətinliklə bağlı birbaşa məktub vasitəsilə və ya telefonla zəng etməklə bizə müraciət edə bilərsiniz.
Abunə qiymətləri: 3 aylıq: 5.40 azn, 6 aylıq: 10.80 azn, illik – 21.60 azn.
Həmçinin Bakı şəhərində "Herba Flora" jurnalını əldə etmək üçün "Xpress-Elita" (+99412 437-28-10) və "Səma M" (+99412 596-22-97) qəzet və jurnal yayım müəssisələrinə müraciət edə bilərsiniz. Həmin müəssisələr evlərə və ofislərə vaxtlı-vaxtında çatdırılmanı təmin edir.